Məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda respublika müsabiqəsinin keçirilməsi barədə Azərbaycan Respublikası təhsil nazirinin əmri

2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına və “2016-2025-ci illərdə mədəni bitkilərin genetik mühafizəsi və səmərəli istifadəsi sahəsində Dövlət Proqramına” uyğun olaraq Azərbaycanda aqrobiomüxtəlifliyin qorunması və ekoloji təmiz məhsulların əldə edilməsində məktəblilərin fəal iştirakını təmin etmək və bu sahədə bilik və bacarıqlarını genişləndirmək məqsədilə “Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

            1. Ümumtəhsil və internat məktəblərinin şagirdləri, ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri arasında “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda respublika müsabiqəsi keçirilsin.

2. Müsabiqənin əsasnaməsi və təşkilat komitəsinin tərkibi təsdiq olunsun (əlavə olunur).

3. Naxçıvan MR təhsil naziri, rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) müdirləri, ümumi təhsil və internat məktəblərinin direktorları, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri müsabiqənin yüksək səviyyədə təşkili üçün müvafiq tədbirlər görsünlər.

4. Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsi (V.Məmmədov) müsabiqə ilə bağlı satın alınması tələb olunan mal, iş və xidmətlər barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

 

 

5. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi (M.Hacıyeva) internat məktəblərinin müsabiqədə iştirakı ilə bağlı satın alınması tələb olunan mal və materiallar  barədə məlumatı Əsaslı Tikinti və Təchizat İdarəsinə təqdim etsin.

6. Əsaslı Tikinti və Təchizat İdarəsi (A.Axundov) müsabiqənin yekun tədbirinin keçirilməsi, qaliblərin mükafatlandırılması ilə əlaqədar mal, iş və xidmətlərin satın alınması üzrə lazımi tədbirlərin həyata keçirilməsini təmin etsin.

7. İqtisadiyyat şöbəsi (R.Orucov) müvafiq mal, iş və xidmətlərin satın alınması ilə əlaqədar Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında həmin idarəyə vəsaitin ayrılmasını təmin etsin.

8. İnformasiya şöbəsi (E.Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını, əlavələrlə birlikdə Nazirliyin internet səhifəsində yerləşdirilməsini və çoxaldılıb yerlərə göndərilməsini təmin etsin.

            9. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

Əsas: Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin 6146 nömrəli, 28 sentyabr 2015-ci il tarixli məktubu.

 

Mikayıl CABBAROV, 
Azərbaycan Respublikasının təhsil naziri 
16 oktyabr 2015-ci il 
№1003


Əlavə:

Məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”  mövzusunda respublika müsabiqəsinin əsasnaməsi

Məktəblilərin “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”  mövzusunda Respublika müsabiqəsinin təşkilat komitəsi