Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-nin Corc Vaşinqton Universitetinin (CVU) ikili diplom magistr proqramının dördüncü məzun buraxılışı keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, CVU-nun Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer və məktəbin professoru Kolin Qrin, habelə Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondunun məsul əməkdaşları, ADPU, Corc Vaşinqton Universitetinin nümayəndələri, proqramın məzunları iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov məzunları təbrik edib, onlara uğurlar arzulayıb. Rektor çıxışında qeyd edib ki, təhsil siyasəti və idarəetməsi ixtisası üzrə ikili diplom magistr proqramının builki məzunlarının sayı 37 nəfərdir. İlk dəfə 2020-ci ildə qəbul aparılan proqram üzrə əvvəlki 3 il ərzində 83 nəfər məzun olub və builki məzunlarla birgə ümumi say 120 nəfərə çatır. Rektor məzunların proqram sayəsində əldə etdikləri bilik və bacarıqların Azərbaycan təhsil sisteminin inkişafında böyük rol oynayacağına əminliyini ifadə edib.
Daha sonra çıxış edən Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı Maykl Foyer proqramın uğurlarından bəhs edərək qeyd edib ki, Azərbaycan və ABŞ arasında təhsil əməkdaşlığı artıq strateji mahiyyət daşıyır və bu cür akademik tərəfdaşlıqlar beynəlxalq elmi mübadilənin inkişafına töhfə verir.
Elm və təhsil naziri Emin Əmrullayev çıxışında proqramın dövlət təhsil siyasətindəki yerini xüsusi qeyd edib. Nazir vurğulayıb ki, ölkə Prezidenti cənab İlham Əliyevin təsdiqlədiyi “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində bir neçə ikili diplom proqramı həyata keçirilir və müsbət təsirləri artıq müşahidə olunur. Bu proqramlardan mindən çox şəxs artıq məzun olub və onlar həm şəxsi inkişaf, həm də ölkənin gələcəyi üçün mühüm fayda vermək imkanı qazanıblar.
Emin Əmrullayev çıxışında Dövlət Neft Fonduna da təşəkkürünü çatdıraraq bildirib ki, bu təşəbbüslər Azərbaycanın uzun illər inkişafına böyük töhfə vermiş neft gəlirlərinin insan sərvətinə, yəni “qara qızılın insan qızılına çevrilməsi” konsepsiyası çərçivəsində görülən işlərin bariz nümunəsidir. Nazir məzunların iki müxtəlif təhsil sisteminin bilik və təcrübəsini birləşdirərək müasir idarəetmə və tədris modellərinin yerli təhsil sistemində tətbiqinə töhfə verəcəklərini bildirib.
Sonda təhsil siyasəti və idarəetməsi üzrə ADPU-CVU birgə ikili diplom magistr proqramının 2023-2024-cü tədris ilinin məzunlarına fəxri diplomlar təqdim olunub.
Rəsmi mərasim ümumi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Xatırladaq ki, ikili diplom proqramı Elm və Təhsil Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Proqramı İdarəetmə Qrupunun dəstəyi ilə həyata keçirilir.