A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large

Nazirlik haqqında

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik – Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

1940-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Əmək Ehtiyatları İdarəsi yaradılıb və texniki-peşə təhsili müəssisələri həmin idarənin tabeliyinə daxil edilib. Hökumətin qərarı ilə həmin idarə əsasında 1959-cu ildə yaradılan Dövlət Texniki Peşə Təhsili Komitəsi 1988-ci ilədək fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə 1959-cu ildə Ali və Orta İxtisas Təhsili Komitəsi (1964-cü ildə Ali və Orta İxtisas Təhsili Nazirliyinə çevrilib) yaradılıb. Respublikanın ali və orta ixtisas məktəbləri bu qurumun tabeliyinə verilib və Ali və Orta İxtisas Təhsili Nazirliyi 1988-ci ilədək fəaliyyət göstərib. Ümumiyyətlə, 1959-cu ildən 1988-ci ilədək Azərbaycanda təhsillə bağlı 2 nazirlik və bir komitə (Xalq Maarifi Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi, Dövlət Texniki Peşə Təhsili Komitəsi) fəaliyyət göstərib.

1988-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə hər üç nazirlik ləğv edilərək onların bazasında Xalq Təhsili Nazirliyi yaradılıb və nazirliyin strukturu təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1993-cü il tarixli sərəncamı ilə Xalq Təhsili Nazirliyinin adı dəyişdirilərək Təhsil Nazirliyi adlandırılıb. Azərbaycan Respublikası Prezidentinin 1 mart 2005-ci il tarixli fərmanı ilə Nazirliyin Əsasnaməsi təsdiq edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul Sərəncamı ilə Emin Əmrullayev təhsil naziri təyin edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Emin Eldar oğlu Əmrullayev Nazir

Elm və təhsil naziri Emin Əmrullayev 1982-ci ildə anadan olub. 1999-2003-cü illərdə  Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  dövlət idarəçiliyi üzrə bakalavr təhsili alıb. 

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində  ABŞ-ın Kolumbiya Universitetində dövlət  idarəçiliyi  üzrə magistr proqramını bitirib. 

Bundan əlavə, Macarıstanın paytaxtı Budapeştdə magistr təhsili alıb, həmçinin bir çox beynəlxalq sertifikat proqramlarında iştirak edib.

2013-2014-cü illərdə Təhsil Nazirliyində Keyfiyyətin təminatı sektorunun müdiri, 2014-2020-ci illərdə Təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələrində çalışıb. 2020-ci ilin yanvar ayından iyulun 27-dək Təhsil İnstitutunun direktoru vəzifəsini yerinə yetirib.

Emin Əmrullayev eyni zamanda gənclər sektoruna dair beynəlxalq layihələrin idarəolunmasında böyük təcrübəyə malikdir.

Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təhsil naziri təyin edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Evlidir, 2 övladı var.
           

Firudin İsa oğlu Qurbanov Nazir müavini

Qurbanov Firudin İsa oğlu 1974-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat və planlaşdırma fakültəsini fərqlənmə diplomu ilə bitirib. 
1974-1975-ci illərdə orduda xidmət edib. 
1975-1982-ci illərdə Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda iqtisadçı, kiçik və baş elmi işçi vəzifələrində işləyib. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında assistent, baş müəllim, dosent və dekan vəzifələrində, 1989-1994-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında inspektor, aparıcı inspektor, baş inspektor, şöbə rəisi vəzifələrində, 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Elm və tədris müəssisələri şöbəsinin müdiri, 2001-ci ildən Gənclər, İdman və Turizm Nazirliyinin Elm və Təhsil İdarəsinin rəisi, 2006-cı ildən Gənclər və İdman Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləyib. 
1998-ci ildə təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının nəzdində işçi qrupunun üzvü, 2002-2005-ci illərdə turizmin inkişafı üzrə Dövlət Proqramı, eləcə də 2003-2005-ci illərdə yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramının hazırlanmasında gənclər, idman, turizm və mədəniyyət sektorları üzrə işçi qruplarının sədri, BMT-nin İnkişaf Proqramı, Azərbaycan Respublikasında yoxsulluğun azaldılması məqsədilə daxili turizmin səmərəli inkişafının təmin olunması üzrə “Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinə İnstitusional yardım” (2004-2005-ci illər) layihəsinin milli direktoru olub. 2007-2014-cü illərdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri olub. Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 18 iyul Sərəncamı ilə təhsil nazirinin müavini təyin edilib. 
2001-2008-ci illərdə Milli Olimpiya Komitəsinin üzvü, 2015-ci ilin mart ayında AFFA-nın İcraiyyə Komitəsinin üzvü, may ayında isə Tələbə Futbol Federasiyasının prezidenti seçilib. 
2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti sahəsində İşçi Qrupunun üzvü olub. 
2011-ci ildə “dövlət qulluğunun baş müşaviri” ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 25 iyun 2011-ci il tarixli müvafiq sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif edilib. 2019-cu ildə “Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.  “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalına layiq görülüb. 2022-ci ildə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 
İngiltərə, Danimarka, ABŞ, Uruqvay, İsveçrə, Hollandiya, Almaniya, Fransa, Bolqarıstan, İspaniya, Çin, Portuqaliya, Avstriya, Nepal, Türkiyə və s. ölkələrdə beynəlxalq konfrans, simpozium və seminarların iştirakçısı olmuş, aktual mövzularla çıxış etmişdir.
İqtisadiyyat üzrə fəlsəfə doktoru, dosentdir. Bir monoqrafiya və 60-dan çox elmi əsərin müəllifidir.
Nərimanov rayon YAP təşkilatının idarə heyətinin üzvüdür. 

Rus və fransız dillərini bilir. 
Evlidir, 2 övladı var. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb. 

İdris Balakişi oğlu İsayev Nazir müavini

1970-ci ildə Bakı şəhərində anadan olub. 1987-1992-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit fakültəsində əyani təhsil alıb və ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirib. 2002-2005-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə təşkil etdiyi MBA proqramı çərçivəsində "Biznesin idarəolunması" ixtisası üzrə magistr dərəcəsi alıb.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 279 nömrəli Sərəncamı ilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 noyabr tarixli 688 nömrəli Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 5 oktyabr tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə”, 2018-ci il 12 noyabr tarixli Sərəncamı ilə isə Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalları ilə təltif edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 iyul 2022-ci il tarixli  “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adlandırılıb.

Rus və ingilis dillərini bilir.

Evlidir, 3 övladı var.

Həsən Həbib oğlu Həsənli Nazir müavini

Həsən Həsənli 1991-ci ildə Naxçıvan şəhərində anadan olub. O, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Böyük Britaniyanın Bristol və Kembric universitetlərində ictimai siyasət və siyasi elmlər ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb.

2015-2016-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib.

Həsən Həsənli Elm və Təhsil Nazirliyində mütəxəssis, sektor müdiri, nazir müşaviri, Aparat rəhbərinin müavini və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifələrində çalışıb.
 

2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 28 yanvar Sərəncamı ilə elm və  təhsil nazirinin müavini təyin edilib. 

İngilis və rus dillərini bilir.

Ailəlidir, iki övladı var.

Kənan Şakir oğlu Kərimzadə Nazir müavini

Kənan Kərimzadə 1989-cu ildə Bərdə şəhərində anadan olub.

2006–2010-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Xüsusi İstedadlar Qrupunda təhsil alıb, bakalavriat səviyyəsini maliyyə və kredit ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2010-cu ilin fevral – aprel aylarında ABŞ-nin Dyuk Universitetinin Beynəlxalq İnkişaf Mərkəzi tərəfindən keçirilən “İqtisadi inkişaf üçün tətbiqi dövlət maliyyəsi” kursunu bitirib. 2011–2012-ci illərdə Nyu-Yorkda yerləşən Fordham Universitetində “Beynəlxalq siyasi iqtisad və inkişaf” proqramında təhsil alıb.

2017–2019-cu illərdə ABŞ-nin CFA İnstitutunun “İnvestisiyaların idarə edilməsi” proqramını bitirib və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasını əldə edib.

2013–2016-cı illərdə “Capital Motors” MMC-də maliyyə və təhlil üzrə mütəxəssis, 2016–2019-cu illərdə “PMD Group” MMC-də investisiyalar üzrə baş mütəxəssis, investisiyalar üzrə rəhbər, 2019–2020-ci illərdə isə Strateji planlaşdırma və təhlil şöbəsinin müdiri vəzifələrində çalışıb.

2020–2021-ci illərdə Elm və Təhsil Nazirliyində nazirin müşaviri vəzifəsində işləyib. 2021-ci ildən Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 2023-cü ilin fevral – may aylarında nazirliyin Aparat rəhbəri vəzifəsini icra edib.

Azərbaycan Respublikasının Prezidentinin 2023-cü il 25 dekabr Sərəncamı ilə elm və  təhsil nazirinin müavini təyin edilib.

Evlidir, iki övladı var.