Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 2000-ci ildən bəri hər 3 ildən bir təşkil olunaraq 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır.
Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı (Trends in International Mathematics and Science Study) Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən 1995-ci ildən etibarən həyata keçirilən, 4-cü və 8-ci sinif şagirdlərinin riyaziyyat və təbiət elmləri üzrə biliklərini qiymətləndirən bir beynəlxalq araşdırmadır. Tədqiqat hər 4 ildən bir həyata keçirilir. Azərbaycan bu beynəlxalq qiymətləndirmədə ilk dəfə 2011-ci və növbəti dəfə 2019-cu ildə iştirak etmişdir.
PIRLS (Progress in International Reading Literacy Study) - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatdır. Tədqiqatın əsas məqsədi 4-cü sinif şagirdlərinin oxu bacarıqlarının qiymətləndirilməsi və nəticələrin digər ölkələrlə müqayisə olunmasıdır. Tədqiqat Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (International Association for the Evaluation of Educational Achievement) tərəfindən həyata keçirilir. Azərbaycan bu beynəlxalq qiymətləndirmədə ilk dəfə 2011-ci və növbəti dəfə 2016-cı ildə iştirak etmişdir.