Məktəbəqədər təhsil Azərbaycan Respublikasında fasiləsiz təhsil sisteminin ilk pilləsi kimi fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınmaqla davamlı inkişaf etdirilən prioritet fəaliyyət sahəsidir.
Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur.
Məktəbəqədər təhsil uşaqların sosial-emosional bacarıqlarının inkişafına müsbət təsir edir. Uşaqlar güzəştə getməyi, hörmət etməyi və problemi həll etməyi öyrənirlər. Məktəbəqədər qrupda uşaqların araşdırma qabiliyyətinin gücləndirilməsi, onlarda özünəinam hissinin yaradılması və həmyaşıdları ilə oynamaları üçün əlverişli mühit olur.
Bu yaş dövründə təlim uşağın sosial-emosional, kiçik və böyük motor, eləcə də intellektual bacarıqlarının yaxşılaşmasına müsbət təsir edir. Onun məktəbdəki akademik göstəricilərinə və gələcəkdə əmək bazarında uğur qazanmasına zəmin yaradır.
2023-2024-cü tədris ili üzrə uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu
İyulun 25-i saat 15:00-dan 2023-2024-cü tədris ili üçün uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbuluna start verilir. Valideynlər www.bq.edu.az saytına daxil olmaqla müəssisələrə qəbulla bağlı elektron kabinet yarada biləcəklər.
1 avqust saat 11:00-da regional təhsil idarələri, 8 avqust saat 11:00-da isə Bakı şəhəri üzrə valideynlər məktəbəqədər təhsil müəssisələrinə qəbulla bağlı növbə yarada biləcəklər. Proses sentyabrın 1-dək davam edəcək.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn (və ya qanuni nümayəndə) 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim etməlidir, əks təqdirdə sorğu silinəcək və növbəli şəkildə digər uşağın qəbulu aparılacaq.
Elektron qəbul sistemi 1-15 sentyabr tarixlərində qrupların komplektləşdirilməsi səbəbindən müvəqqəti dayandırılacaq. Komplektləşdirmə prosesi bitdikdən sonra uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam edəcək.
Qeyd: Qəbul sistemində ötən tədris ilində yaradılmış növbə və sorğular arxivləşdirilərək valideyn kabinetinə əlavə edilib. Həmin növbə və sorğular bu il üçün keçərli deyil.
Mündəricat:
Məktəbəqədər təhsil haqqında Qanun;
Məktəbəqədər təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi;
Məktəbəqədər təhsil proqramı (kurikulum);
2023-2024-cü tədris ili üzrə uşaqların qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Əmr;
Tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müvəqqəti Qaydalar;
Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul Qaydaları;