A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib

Dekabrın 23-də Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda Azərbaycan din xadimlərinin Forumu keçirilib.

 

Forumda dövlət qurumlarının rəsmi şəxsləri, ilahiyyatçı alim və mütəxəssislər, eləcə də respublikamızın müxtəlif regionlarından gələn fərqli konfessiyalara mənsub 100-dən çox din xadimi iştirak edib.

 

Əvvəlcə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Sonra Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Forum iştirakçılarına müraciətini oxuyub.

 

Daha sonra Azərbaycan Respublikası ərazisindəki dini ibadət yerləri, ziyarətgahlar, qəbiristanlıqlar, ixtisaslaşdırılmış satış məntəqələri, ölkədə fəaliyyət göstərən din xadimləri haqqında informasiya bazasının sistemləşdirilmiş formada toplandığı vahid elektron xidmətlər portalı olan AMIN (Azerbaijan Multicultural Information Network) layihəsinin videotəqdimatı keçirilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, Azərbaycan müxtəlif etnik və dini icmaların birgə yaşadığı, ortaq dəyərləri bölüşdüyü, sivilizasiyalar arasında mənəvi körpü rolu oynayan unikal məkandır. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri modeli tarixi ənənələrə və ümumbəşəri dəyərlərə istinad edir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu siyasətin mərkəzində dini, etnik mənsubiyyət deyil, insan amili dayanır.

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, dünyanın gərgin siyasi mənzərəsi fonunda Azərbaycanda ictimai-siyasi sabitlik hökm sürür. Dini-mənəvi sahədə uğurlarımız dövlətimizin dünyaya örnək multikultural siyasi xətti, dinlərarası əməkdaşlıq, məzhəblərarası anlaşma mühiti ilə bağlıdır. 

 

Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun sözlərinə görə, Azərbaycan bütün dünyaya həm dini tolerantlıq, həm də multikulturalizmin mərkəzi kimi təqdim edilir. 

 

Çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin sözlərinə görə, dünya ölkələrində gedən proseslər aydın şəkildə göstərir ki, sabitliyin və mənəvi kamilliyinin təmin olunmasının əsas amilləri içərisində din xüsusi əhəmiyyətə malikdir. 

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova öz növbəsində bildirib ki, dünyanın coğrafi, geosiyasi, iqtisadi, xüsusilə də insan resursları ilə zəngin olan əhəmiyyətli bir coğrafiyasında yerləşən Azərbaycanın milli-mənəvi və dini-mədəni irsi qədim tariximizə və ənənələrimizə söykənir. 

 

Forumda iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov dini maarifləndirmənin vacib məsələlərdən olduğunu qeyd edib. Nazir müavininin sözlərinə görə, həyatı dərk etmək üçün üç yol var. Birincisi elm, ikincisi incəsənət, üçüncü isə dindir. Firudin Qurbanov təhsil proqramlarında daha çox humanizmə diqqət yetirildiyini qeyd edib. Bildirilib ki, məktəblərdə keçirilən həyat bilgisi, tarix və digər fənlərdə bu mövzular ətraflı öyrənilir. Həmçinin multikulturalizm fənni də tədris olunur. Bu, Azərbaycanda dinlərə olan münasibətin təzahürüdür. 

 

Forum işini panel iclaslarla davam etdirib.

 

“Dünyəvi dövlətdə dini təhdidlər: siyasi-ideoloji baxış”, “Qadın hüquqlarının həyata keçirilməsındə din amilinin rolu”, “Azərbaycan multikulturalizmi: təcrübə, ənənə və müasir çağırışlar”, “Dünyəvi dövlətdə dini təhsil modelləri: nəzəriyyə və praktika” mövzularında təşkil edilən panel iclaslarda çıxış edənlər öz mülahizələrini bölüşüblər.

 

Tədbirin sonunda Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

 

Forum dini təhdidlər haqqında cəmiyyətin məlumatlandırılması, dini maarifləndirmə prosesində din xadimlərinin rolunun artırılması, eyni zamanda, dini icmaların və din xadimlərinin fəaliyyəti, qarşılaşdıqları çətinliklər barədə rəy və təkliflərin öyrənilməsi məqsədi daşıyıb.

 

Tədbir çərçivəsində, həmçinin “Qərbi Azərbaycan: xəritələr, eksponatlar, abidələr, deportasiya” mövzusuna həsr olunan fotosərgi nümayiş etdirilib.

Paylaş: