A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
Lənkəranda “Yay məktəbi” çərçivəsində festival keçirilib

İyunun 23-də Təhsil Nazirliyi, Lənkəran Peşə Liseyi və “Carnaval” otelin dəstəyi, Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Lənkəran məktəblilərinin yay festivalı keçirilib. 

 

“Yay məktəbi” layihəsi çərçivəsində baş tutan festival Lənkəran Peşə Liseyinin "Peşə vadisi" və “Carnaval” otelinin ərazisində təşkil edilib. 
 
Festivalda Lənkəran və Astara üzrə ümumtəhsil məktəblərindən 1000-ə yaxın  şagird, valideyn və müəllimlər, eyni zamanda bölgənin ölkə üzrə nüfuzlu ziyalıları, təhsil işçiləri, millət vəkilləri və ictimai xadimlər iştirak edib. 

 

Festivalda açılış nitqi ilə çıxış edən Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov iştirakçıları salamlayaraq festivalın təşkilində əsas məqsədin şagirdlərin asudə vaxtının səmərəli təşkili, onların əylənərək öyrənmə bacarıqlarının formalaşdırılmasından ibarət olduğunu diqqətə çatdırıb. 

 

Daha sonra çıxış edən millət vəkili Rəşad Mahmudov, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati, “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu, peşəkar təlimçi və mentor Toğrul Ələkbər, kitab bloqeri Sərxan Rüstəmov şagirdlərin fərdi və peşəkar inkişafı, onlarda mütaliə bacarıqlarının formalaşdırılması yönündə tövsiyələrini diqqətə çatdırıblar. Həmçinin "Teknofest Azərbaycan"da "Robototexnika" müsabiqəsi üzrə qalib olan Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri uğur hekayələrini şagirdlərlə bölüşüblər. 

 

Daha sonra iştirakçılar festival çərçivəsində yaradılmış müxtəlif stendlərlə tanış olublar.


 Stendlər sırasında Təhsil Nazirliyinin STEAM, “Rəqəmsal bacarıqlar”, "Peşə təmayüllü siniflər" layihələri çərçivəsində qurulmuş stendlər də xüsusi maraq doğurub. 

 

Festivalda həmçinin şagirdlər arasında bilik yarışmaları, futbol oyunları keçirilib, "Qarabağın təbii sərvətləri", "Kimya və təbiət", "Elektrik cərəyanı və işlədicilərinin distant idarəsi" mövzularında inteqrativ dərslər tədris edilib. 


Eyni zamanda  peşə təmayüllü siniflərin, STEAM layihəsinin şagirdlərinin yaradıcılıq sərgisi, milli mətbəx nümunələri, rəsm və kitab sərgisi nümayiş olunub.

Paylaş: