A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN 2019-CU İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABATI

Məktəbəhazırlığın əhatəliliyi genişləndirilib

 

Ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına 5 yaşlı uşaqların məktəbəhazırlıq təhsili 2013-cü ildəki 24 faizdən cari ildə 80 faizə çatdırılıb, 100 mindən çox uşaq təhsilə cəlb edilib. Bu göstəricinin 2020-ci ildə 90 faizə çatdırılması nəzərdə tutulur.

 

İcma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılıb

 

Cari tədris ilində icma əsaslı məktəbəqədər təhsil qruplarının sayı artırılaraq 328-ə, uşaqların sayı isə 6 min nəfərə çatdırılıb. Növbəti ildə daha 250 qrupun yaradılması, cəlb olunan uşaqların sayının 12400 nəfərə çatdırılması nəzərdə tutulur.

 

165 minədək  uşaq birinci sinfə gedib

 

2019-2020-ci tədris ili üzrə Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumtəhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. 2019-2020-ci tədris ilində birinci siniflərə 165 minədək  uşaq qəbul edilib.

 

31-ci Beynəlxalq İnformatika Olimpiadası keçirilib

 

Ölkəmizdə ilk dəfə 88 ölkə və regiondan olan şagirdlərin iştirak etdiyi 31-ci Beynəlxalq İnformatika Olimpiadası (IOI 2019) keçirilib.

 

117 məktəbdə 162 xüsusi sinif

 

Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və 47 rayon üzrə 117 məktəbdə 162 xüsusi sinif  yaradılıb. Ümumilikdə 4000-ə yaxın şagird bu siniflərdə təhsilini davam etdirir.

         

Gəncə, Şirvan, Şəki və Qubada lisey sinifləri

 

Gəncə şəhəri və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılıb.

 

Şagirdlərin yerdəyişməsi elektronlaşdırılıb

 

Ümumtəhsil məktəb şagirdlərinin yerdəyişməsi ölkə üzrə elektron sistem (www.sy.edu.az) vasitəsilə həyata keçirilib.

 

Məzunlardan 112-si qızıl medal alıb

 

Bu il ümumi təhsil müəssisələrini bitirən məzunlardan 112 nəfər qızıl, 67 nəfər isə gümüş medalla təltif olunub.

 

Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib

 

Cari ildə keçirilən Respublika fənn olimpiadalarında 33 mindən çox şagird iştirak edib ki, bu da əvvəlki illərə nisbətən 5 dəfə çoxdur. Onlardan 49 nəfər qızıl, 94 nəfər gümüş, 156 nəfər bürünc medal qazanıb.

 

Beynəlxalq fənn olimpiadalarında qazanılan uğur

 

2019-cu ildə Azərbaycan məktəbliləri ümumilikdə 14 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak ediblər. Məktəblilərimiz 21 gümüş, 18 bürünc medal və 6 həvəsləndirici mükafat əldə edib. 2013-2019-cu illərdə 4 qızıl, 50 gümüş, 126 bürünc, 35 həvəsləndirici mükafat olmaqla ümumilikdə 180 medal qazanılıb.

 

Ümumilikdə məktəblilərimiz 5 əsas fənn üzrə keçirilən dünya olimpiadalarının 4-ü  üzrə medal qazanıblar.

 

322 adda 7 717 764 nüsxə dərslik və metodik vəsait

 

2019-2020-ci tədris ilində dövlət ümumi təhsil müəssisələrinin 322 adda 7 717 764 nüsxə  dərslik və metodik vəsait çap edilib.

 

2019-cu il ərzində dövlət ümumi təhsil müəssisələrinin istifadəsində olan 116 adda dərslik və metodik vəsait məzmun və dizayn baxımından təkmilləşdirilərək yenilənib.

 

 Ehtiyat dərsliklərin tətbiqinə başlanılıb

 

2019-2020-ci tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I sinifləri üçün hazırlanan ehtiyat dərsliklər 150 məktəbin pilot siniflərində tətbiq olunub.

 

Azərbaycan Təhsil Şəbəkəsi 3 900-a yaxın təhsil müəssisəsini əhatə edir

 

Cari ildə Azərbaycan Təhsil Şəbəkəsinə 1000-dən çox ümumi təhsil müəssisəsi qoşulub.

 

Ölkənin müxtəlif pillələr üzrə təhsil müəssisələrini, eləcə də təhsil sahəsində dövlət siyasətini həyata keçirən qurumları vahid şəbəkədə birləşdirən Azərbaycan Təhsil Şəbəkəsi hazırda 3 900-ə yaxın təhsil müəssisəsini əhatə edir. Ölkə üzrə şagirdlərin 94 faizi, müəllimlərin isə 90 faizi internetlə təmin olunub.

 

 20 məktəbdə peşə təmayüllü sinif

 

 Ölkə üzrə 20 ümumtəhsil məktəbində 20 peşə təmayüllü sinif yaradılıb. Bu siniflərdə ümumilikdə 420 nəfər şagird təhsil alır.

 

“Məktəblinin dostu”nun əhatə dairəsi genişləndirilib

 

“Məktəblinin dostu” layihəsinin əhatə etdiyi məktəblərin sayı 70-ə çatdırılıb. Layihə üzrə hazırda 300 əməkdaş çalışır.

 

STEAM layihəsinin tətbiqinə başlanılıb

 

Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində 6 mindən çox şagirdin cəlb edildiyi STEAM layihəsinin tətbiqinə başlanılıb. Növbəti illərdə 20 mindən artıq şagirdin STEAM layihəsinə cəlb edilməsi, 10 bölgədə isə regional tədris mərkəzlərinin yaradılması nəzərdə tutulur.

 

“Rəqəmsal bacarıqlar” layihəsinin əhatəsi genişləndirilib

 

“Rəqəmsal bacarıqlar” layihəsi 6 şəhər və rayonu, 123 məktəb, 700 müəllim və 70 000 şagirdi əhatə edir.

 

Məktəb tikintisi

 

2019-cu ildə Təhsil Nazirliyi tərəfindən 50-si modul tipli olmaqla, 84 məktəbin tikintisi və əsaslı təmiri başa çatdırılıb. 2003-2019-cu illər ərzində 3300-ə yaxın məktəb binası tikilib və ya əsaslı təmir edilib ki, bu da bütün məktəblərin 74 faizini təşkil edir.

 

1305 müəllim iş yerini dəyişib

 

 Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron yerləşdirmənin nəticələrinə əsasən, 1305 müəllim iş yerini dəyişib.

 

Müəllim olmaq istəyənlərin sayı artıb

 

Cari ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən 3 dəfədən çox artaraq 54 min nəfəri ötüb.

 

8 mindən çox müəllim işə qəbul olunub

 

2019-2020-ci tədris ili üzrə 8 mindən çox müəllim işə qəbul olunub. Onlardan 3260 nəfəri müddətsiz, 5614 nəfəri isə müddətli müqavilə əsasında işlə təmin olunub. Müddətsiz müqavilə əsasında işə qəbul olunan müəllimlərdən 973 nəfər həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə, 2287 nəfər isə həvəsləndirmə tədbirləri tətbiq edilən məktəblərə işə qəbul olunub.

 

Müəllimlərin aylıq əməkhaqqı artırılıb

 

Ölkə Prezidentinin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı cari il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb. Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı təxminən 5 min nəfər  təşkil edib.

 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb

 

İstedadlı gənc müəllimləri aşkara çıxarmaq, onların gələcək inkişafı üçün əlverişli şərait yaratmaq məqsədilə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası yaradılıb.

 

318 nəfər direktor vəzifəsinə təyin edilib

 

Dövlət ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifələrinin tutulması üçün elan edilmiş müsahibənin nəticələrinə əsasən, ümumilikdə 318 nəfər ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin edilib. 

 

Elektron portallardan istifadə sayı 5 milyona yaxınlaşıb

 

2019-cu ildə Təhsil Nazirliyinin www.e-resurs.edu.az, www.e-derslik.edu.az, www.video.edu.az portallarından istifadə sayı 5 milyona yaxınlaşıb. 

 

Ölkə və beynəlxalq miqyaslı yarışlardan 2847 medal

 

Təhsil Nazirliyinin tabeliyində 76 Uşaq-Gənclər İdman-Şahmat Məktəbi fəaliyyət göstərir. 2019-cu ildə bu məktəblərin idmançıları ölkə və beynəlxalq miqyaslı yarışlarda 2847 medal (respublika üzrə 1810, beynəlxalq 1037) qazanıblar.

 

168 layihə barədə müsbət qərar verilib

 

Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi keçirilib. Ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihə qalib elan olunub.

 

Yeni Peşə Təhsil Mərkəzi

 

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Koreya təhsil standartları əsasında fəaliyyət göstərən mərkəzə cari tədris ilində 8 istiqamət üzrə 231 tələbə qəbul edilib. Növbəti tədris ilindən qəbul planının artırılması və qısamüddətli kursların tətbiqi nəticəsində tələbə sayının 1000 nəfərə çatdırılması planlaşdırılır.

 

Peşə təhsili müəssisələrinə qəbul

 

Cari tədris ilində peşə təhsili müəssisələrinə 14 mindən çox şəxs qəbul olunub. 

 

Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub

 

Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib. Dövlət başçısı tədbirdə çıxış edərək tərbiyə işinin təkmilləşdirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı təhsil işçiləri qarşısında mühüm vəzifələr qoyub.

 

Ali məktəbə qəbul yeni qaydada aparılıb

 

2019-cu ildə buraxılış imtahanlarının yeni modelinə keçidlə bağlı Təhsil Nazirliyinin yaxından iştirakı ilə Dövlət İmtahan Mərkəzi tərəfindən yeni qaydalar tətbiq olunub, buraxılış imtahanı yeni məzmun və formada 2 mərhələdə təşkil edilib. İlk dəfə olaraq ali məktəbə qəbul həmin buraxılış və qəbul imtahanlarında toplanan ballar nəzərə alınmaqla aparılıb.

 

Təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb

 

Təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı müvafiq sərəncama əsasən, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılıb, təqaüd alan tələbələrin sayı cari tədris ilində 45 faizə çatdırılıb, 2020-2021-ci tədris ilində isə 50 faizə çatdırılması nəzərdə tutulub.

 

110 mindən artıq tələbənin təqaüdü artırılıb  

 

Ölkə başçısının ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara müvafiq olaraq 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdü 2019-cu il martın 1-dən orta hesabla 20 faiz, ali təhsil müəssisələrində müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı 30 faiz artırılıb.

 

17 mindən çox tələbənin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir

 

Hazırda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan 17 120 nəfər məcburi köçkün statusuna malik olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin uşaqları, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

 

Dövlət sifarişi yerləri 66 faiz artırılıb

 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12 300-dən 20 500-ə çatdırılıb. Son 5 il ərzində ali məktəblərə qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub.

 

500-dən çox bal toplayanlardan 25 faizi müəllimliyi seçib

 

Cari ildə ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayanlardan hər 4 nəfərdən biri və ya 25 faizi müəllimlik ixtisasını seçib.

 

46 yeni ixtisas əlavə olunub

 

Nazirlər Kabinetinin qərarı ilə “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı” təsdiq olunub. Qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. O cümlədən, 18 ixtisasın adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas əlavə olunub.

 

2646 tələbənin müraciəti müsbət cavablandırılıb

 

2019-cu ildə  transfer.edu.az portalı vasitəsilə  ali və orta ixtisas  təhsili müəssisələrindən köçürülmək üçün ümumilikdə 3510 nəfər müraciət edib, onlardan  2646 nəfərin müraciəti müsbət cavablandırılıb.

 

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul qaydaları təsdiq olunub

 

Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, 2019-2020-ci ildə subbakalavr təhsilini başa vuran 5000-ə yaxın azərbaycanlı tələbə bu imtiyazdan istifadə edərək təhsillərini davam etdirmək imkanı əldə ediblər.

 

Respublika və beynəlxalq olimpiada, incəsənət və idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olan 100 nəfər istedadlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

 

90-a yaxın ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə

 

2019-2020-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 90-a yaxın  ölkədən 6600 nəfərdən çox əcnəbi tələbə təhsil alır.

 

259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb

 

Cari tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 200, Çində 37, Rumıniyada 2, Rusiya Federasiyasında 3, Latviyada 13, Qazaxıstanda 4, ümumilikdə isə 259 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

 

701 SABAH tələbəsi məzun olub

 

2019-cu ildə 701 SABAH tələbəsi məzun olub. Onlardan 287 nəfər Azərbaycanda, 136 nəfər isə xaricdə magistratura təhsili alır.

 

Dövlət Proqramının icrası

 

"2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın icrasına başlanılıb. İlkin mərhələdə proqram çərçivəsində 5 beynəlxalq ikili diplom proqramının təsis olunması ilə bağlı hazırlıq işləri görülməkdədir. Xaricdə doktorantura təhsili üçün prioritet ixtisaslar artıq müəyyən edilib, seçim məqsədilə müvafiq elan verilib.

 

Azərbaycan regionda birinci yerdədir

 

2019-cu il üzrə “Web of Science” indeksli elmi tədqiqat işlərinin ümumi çəkisinə və nəşr aktivliyinin artım dinamikasına görə Azərbaycan regionda birinci yerdədir.

 

Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu

 

3 minə yaxın gəncin iştirakı ilə Azərbaycan Könüllülərinin 2-ci Həmrəylik Forumu keçirilib.

 

13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçirilib

 

Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisi təşkil olunub. Sərgidə dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu iştirak edib.

 

Təhsil Nazirliyi yanında İctimai Şura yaradılıb

 

Təhsil Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədilə İctimai Şura yaradılıb.                     

Paylaş: