A
A
A
Segoe UI
Arial
Helvetica
Standart
Large
Geriyə
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN 2021-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABATI

 Məktəbəqədər və ümumi təhsil

 

156 107 uşaq birinci sinfə gedib

2021-2022-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu elektron qaydada həyata keçirilib. Tədris ilində birinci siniflərə 156 107 uşaq qəbul edilib.

 

Ölkə üzrə 100 546 uşaq məktəbəhazırlığa cəlb edilib

2021-2022-ci tədris ilində ölkə üzrə ümumilikdə 5 896 məktəbəhazırlıq qrupuna 100 546 uşaq cəlb olunub.


İcma əsaslı məktəbəqədər təhsil qrupları

Ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən, ümumi sayı 850-ə çatan icma əsaslı məktəbəqədər təhsil qrupunda 16 041 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.

 

Lisey və gimnaziyalara qəbul olunan şagirdlərin sayı ötən ilə nisbətən 15 faiz artıb

2021-2022-ci tədris ili üzrə lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib, ilkin olaraq seçilmiş 15 pilot təhsil müəssisəsində qəbul prosesi mərkəzləşdirilmiş qaydada elektron xidmət vasitəsilə həyata keçirilib. 1800-ə yaxın şagird lisey və gimnaziyalara qəbul edilib.

 

Sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı

2021-ci ildə buraxılış imtahanlarında sağlamlıq imkanları məhdud şagirdlərin (görmə, eşitmə və nitq qüsurlu) iştirakı təmin olunub.

 Təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərlə bağlı məlumat bazası yaradılıb ki, bu baza evdə təhsil, xüsusi təhsil müəssisələrində və ya xüsusi siniflərdə, o cümlədən ümumtəhsil məktəblərində inklüziv təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud uşaqlar barədə məlumatları özündə əks etdirir.

 2021-2022-ci tədris ilində Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən 13 internat məktəbində 4971 nəfər, 16 inteqrasiya təlimli təhsil müəssisəsində 6333 nəfər, 8 təmayüllü internat tipli təhsil müəssisəsində 4439 nəfər şagird təhsil almaqdadır.


Təhsil Nazirliyi tərəfindən 69 təhsil müəssisəsi istifadəyə verilib

2021-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə ölkəmizdə 12, Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə 3, Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) sifarişi ilə 2, Qaçqınlar və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu sifarişi ilə 1 təhsil müəssisəsi inşa və əsaslı təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilib. 2021-ci ildə Təhsil Nazirliyi tərəfindən 69 təhsil müəssisəsi tikilib və əsaslı təmir edilib. Onlardan 29-da tikinti, 9-da əsaslı təmir işləri görülüb, o cümlədən 1 peşə mərkəzi tikilib, 31 modul tipli məktəb quraşdırılıb.

 

Məktəblərin kompüterlərlə təchizatı

2021-ci təqvim ilində ölkənin təhsil müəssisələri üçün indiyədək ən çox sayda -  21 000 kompüter alınıb. Məktəblərin yeni alınmış kompüterlərlərlə təchizatı nəticəsində 300 min şagirdin  rəqəmsal bacarıqları artacaq, 400 minə yaxın şagirdin summativ qiymətləndirilməsi rəqəmsallaşacaq, 5 regionun (Bakı, Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt)  365 min nəfər şagirdi üçün e-jurnal və e-gündəlik sisteminin tətbiqi mümkün olacaq.

 

45 minə yaxın I sinif şagirdinə resurs dəsti təqdim edilib

2021-ci ildən pilot layihə olaraq 27 şəhər və rayon üzrə seçilmiş məktəblərə 2045 resurs dəsti təqdim edilib. Layihədən faydalananların sayı birinci sinif şagirdlərinin 28 faizini təşkil edir.

 

Təhsil müəssisələrinin 97 faizi istiliklə təmin olunub

Hazırda 97 faiz təhsil müəssisəsi fasiləsiz istiliklə təmin edilir. 591 təhsil müəssisəsində yanğından mühafizə sistemləri təkmilləşdirilib. 


 270 adda 7 030 264 nüsxə dərslik

2021-ci ildə şagirdlərin istifadəsi üçün ümumilikdə 270 adda 7 030 264 nüsxə dərslik çap olunub.

Ümumi təhsil müəssisələrinin I sinifləri üçün ilk dəfə olaraq təhsil proqramı (kurikulum) əsasında “Təsviri incəsənət” dərsliyi və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsait, həmçinin II və VI siniflər üçün 25 adda yeni dərslik və həmin dərsliklərlə müəllimlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.

Ümumi təhsil müəssiələrinin IX sinifləri üçün “Zəfər tarixi” dərsliyi hazırlanıb.
Yeni tədris ilində ilk dəfə xüsusi məktəblərin intellekt məhdudiyyəti olan şagirdləri üçün I sinif “Azərbaycan dili” (tədris dili), “Riyaziyyat” və “Математика” dərslikləri, həmin dərsliklərlə müəllim və  valideynlərin işləməsi üçün metodik vəsaitlər hazırlanıb.
Bundan başqa, tədris Azərbaycan və rus dillərində olan ümum təhsil müəssisələrinin II və VI sinifləri üçün 46 adda dərslik və müəllim üçün metodik vəsaitlər məzmun, bədii tərtibat, dil və üslub baxımından əsaslı şəkildə təkmilləşdirilib.

 

 Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə

 2021-ci ildə Azərbaycan məktəbliləri ümumilikdə 15 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 6 qızıl, 16 gümüş, 33 bürünc medal olmaqla ümumilikdə 55 medal əldə ediblər.

 

Milli və beynəlxalq qiymətləndirmələr

Azərbaycan 2021-ci ilin birinci yarısında PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edib. Ölkə üzrə 52 region, 200 məktəb, 200 nəfərdən çox müəllim, 5300-ə yaxın 4-cü sinif şagirdi qiymətləndirmədə iştirak edib.

Bundan başqa, 2021-ci ilin birinci yarısında ölkəmiz PISA-2022 beynəlxalq qiymətləndirmə tədqiqatının sınaq mərhələsində iştirak edib. Bakı üzrə 63 məktəb, 2800-dən çox şagird,1100-dən çox müəllim, 63 məktəb direktoru qiymətləndirmədə iştirak edib.

2021-ci ildə Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən 2 milli qiymətləndirmə təşkil olunub. Tədqiqatlar 14 fənni əhatə edib, ümumilikdə II-X siniflər üzrə 265 000 şagird cəlb olunub.


"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilib

 “Rəqəmsal bacarıqlar” layihəsi hazırda  250 məktəbdə tədris alan 190 000-dən çox şagirdi əhatə edir. Bu, ötən ilə nisbətən 28 məktəb və 90 000 şagird artımı deməkdir.

2021-ci ildən etibarən 11 məktəbdə X siniflərdə informatika yönümlü tədrisin aparılması üçün təmayüllü siniflər açılıb. Cari tədris ilində layihə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta məktəbləri də əhatə edir.


STEAM

2021-ci ildə STEAM layihəsi 302 ümumtəhsil məktəb və 10 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 91000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.

Hazırda Bakı, Xırdalan, Şirvan, Quba, Gəncə, İsmayıllı və Bərdədə STEAM Mərkəzləri fəaliyyət göstərir. Yaxın zamanlarda Sabirabad, Ağdaş və Lənkəran STEAM Mərkəzləri də istifadəyə veriləcək.

9-10 dekabr 2021-ci il tarixlərində STEAM Azərbaycan Festivalı keçirilib. Festivalda 10 kateqoriya üzrə yarışlar təşkil edilib. Regionlardan və paytaxt üzrə ümumilikdə 289 komanda ilə 892 iştirakçı festivala qatılıb.    

 

 “Məktəblinin dostu”

2021-2022-ci tədris ilində layihə Bakıda 186, Abşeronda 20, Sumqayıtda 20 təhsil müəssisəsi olmaqla, ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş-məktəblinin dostu çalışır.

 

 “Müəllimlərin işə qəbulu”

 2021-ci ildə keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində rekord sayda- 62 242 müraciət qəbul edilib. Ümumilikdə 21 iş gününü əhatə edən və ölkə üzrə 12 imtahan mərkəzində həyata keçirilən imtahanlarda 46 930 namizəd iştirak edib.

 

9660 nəfər müəllim olaraq işə qəbul edilib

2021-ci ildə ümumilikdə 12154 vakansiya üzrə müsabiqə elan edilib. Hazırki dövrə kimi 10000 nəfərə yaxın namizəd işlə təmin olunub. 3794 nəfər müddətsiz, 5866 namizəd isə müddətli əmək müqaviləsi əsasında işə qəbul olunub. İşə qəbul edilmiş müəllimlərin 51 faizi ucqar kənd məktəblərinin payına düşür. Namizədlərin işə qəbulu prosesi tədris ilinin sonunadək davam edəcək.


1841 müəllim iş yerini dəyişib

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələrinə əsasən, 1841 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib.

    

211 yeni direktor

 2021-ci ildə 211 nəfər müsabiqə nəticəsinə əsasən ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub. 

 

Şəhid ailə üzvlərinin, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu

Şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə 2021-ci ilin 28 yanvar tarixindən etibarən Təhsil Nazirliyinə tabe olan qurumlar, təhsil müəssisələrində 69 vəzifə üzrə vakansiyalara həmin kateqoriyadan olan şəxslərə üstünlük verilməsi üçün tədbirlər həyata keçirilib. 

Tədbirlər çərçivəsində ümumilikdə 1288 nəfər işə qəbul edilib. Onlardan 498 nəfəri şəhidlərin ailə üzvü, 107 nəfəri hərbi qulluqçuların ailə üzvü, 265 nəfəri qazi, 418 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

 

10 yerli təhsili idarəetmə orqanına yeni təyinatlar aparılıb

Aparılmış monitorinqlərin nəticəsinə əsasən, 13  Rayon Təhsil Şöbəsinin müdiri, 12 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 138 məktəb direktoru  barəsində intizam tənbehi tədbiri görülüb, 9 yerli təhsili idarəetmə orqanının rəhbəri, 1 Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi və 24 məktəb direktoru tutduğu vəzifədən azad edilib. 


 Məktəbdənkənar fəaliyyət

 2021-ci il ərzində təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə əlamətdar günlərə, Vətən müharibəsi şəhidlərinin xatirəsinə, Anım və Zəfər Günlərinə həsr olunmuş, vətənpərvərlik, sağlam həyat tərzi və digər istiqamətlər üzrə müxtəlif idman növləri üzrə yarışlar, turnirlər, birinciliklər, 5  intellektual oyun və bilik yarışı, 4 şeir və mahnı müsabiqəsi, 5 rəsm və əl işi müsabiqəsi, 4 respublika yaradıcılıq müsabiqəsi, 2 rəqs müsabiqəsi, 1 videoçarx müsabiqəsi, 1 festival-sərgi, virtual sərgilər, forumlar, dəyirmi masalar keçirilib. Sözügedən tədbirlərə 100 000-dən çox məktəbli cəlb olunub.

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin yetirmələri 2021-ci il ərzində respublika yarışlarında 128 qızıl, 112 gümüş, 145 bürünc olmaqla 385 medal, beynəlxalq yarışlarda 71 qızıl, 75 gümüş, 90 bürünc olmaqla 236 medal qazanıb.


V qrant müsabiqəsinin qalibləri

“Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi”nə “Ümumi təhsil müəssisələri kateqoriya”sı üzrə 230, “Fərdi kateqoriya” üzrə 741 olmaqla, ümumilikdə 971 layihə təqdim edilib. Ekspert qrupunun qiymətləndirməsi əsasında “Ümumi təhsil kateqoriya”sı üzrə 47, “Fərdi kateqoriya üzrə” 132 layihə olmaqla ümumilikdə ən yüksək bal toplayan 179 layihə qrant qazanıb.

***

 

Peşə təhsili

 

 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu

2021-2022-ci tədris ili peşə təhsili müəssisələrinə elektron qaydada tələbə qəbulu həyata keçirilib. “Portal.edu.az” platforması üzərindən həyata keçirilən tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 24600-dan müraciət daxil olub, 16 594 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olan şəxslərin sayı 12 faiz artıb.

 

Yüksək texniki peşə təhsili

2021-2022-ci tədris ilində ilk dəfə olaraq ilk və texniki peşə təhsil səviyyələri ilə yanaşı 4 regionda fəaliyyət göstərən 6 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisə başlanılıb. Belə ki, yüksək texniki peşə təhsili səviyyəsi üzrə 15 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 820 nəfər tələbə adını qazanıb.

 

“WorldSkills Azərbaycan”

Azərbaycanın üzv olduğu “WorldSkills Azerbaijan” platforması 2021-ci il ərzində “Bacarıqlı ol! – Milli irsimizi yaşat!” adlı xalçaçılıq müsabiqəsi, “Fantaziyanı biç, çantaya çevir” eko çanta müsabiqəsi, veb proqramlaşdırma və aşpazlıq istiqamətləri üzrə ölkə səviyyəsində yarış, kiber təhlükəsizlik istiqaməti üzrə “WorldSkills Asia 2021” bacarıq yarışlarında təmsil edəcək şəxslərin seçim turunu təşkil edib. Azərbaycanın ilk dəfə təmsil olunduğu  “WorldSkills Asia 2021” beynəlxalq bacarıq yarışlarında ölkəmizi təmsil edənlər bir neçə kateqoriya üzrə ən yaxşı nəticə göstərib və ümumi sıralamada 4-cü yeri tutub.

 

 

Peşə təhsil pilləsində təhsil nəticələrinə əsaslanan təqaüd sistemi tətbiq edilib

Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2021-ci il tarixli sərəncamına əsasən, “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamına müvafiq dəyişiklik edilib.

Peşə təhsilində təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcək.

 

 Azərbaycan və Türkiyə arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol

19 fevral 2021-ci il tarixində “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol” imzalanıb. Protokol iki ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsini və müvafiq istiqamət üzrə Türkiyənin təcrübəsinin öyrənilməsini özündə ehtiva edir.

 

İlk dəfə olaraq ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşmiş imtahanla işə qəbulu keçirilib

2021-2022-ci il tədris ili üçün ilk dəfə olaraq Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının mərkəzləşdirilmiş qaydada işə qəbulu aparılıb. Müsabiqə çərçivəsində ümumilikdə respublika üzrə 65 ixtisas fənn müəllimi və 131 istehsalat təlimi ustası vakansiyası elan olunub. Ümumilikdə 130 şəxs müsabiqəni uğurla tamamlayıb və işlə təmin olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “AzerGold” QSC-nin birgə Təqaüd proqramı

Peşə Təhsili üzrə Dövlət Agentliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq, peşə təhsili müəssisələrində sənaye və dağ-mədən istiqaməti üzrə təhsil alan tələbələr üçün “Təqaüd proqramı” layihəsinin icrasına başlanılıb. Seçilmiş tələbələr 9 ay müddətində hər ay 200 AZN olmaqla təqaüd əldə edəcəklər. Tələbələr, həmçinin “AzerGold” QSC-də istehsalat təcrübəsi keçmək və gələcəkdə karyeralarını dağ-mədən sənayesində qurmaq imkanı əldə edəcəklər.

Qısamüddətli peşə təlimləri

2021-ci ilin mart ayından dekabr ayınadək 34 qısamüddətli peşə təliminə başlanılıb. Onlardan 29-u  tamamlanıb, 5-i isə hazırda davam edir.

Təlimlərə ümumilikdə 800 nəfər cəlb edilib. Təlimləri bitirmiş şəxslərin  40 faizi işləyən (211), 60 faizi (307) isə işləməyən şəxslərdir.Təlimləri bitirmiş işsiz məzunların 30 faizdən çoxu təlimlərdən sonra iş imkanı əldə edib.

 

  Peşə təmayüllü siniflərin sayı artıb

  2021-2022-ci tədris ilində 45 yeni peşə təmayüllü sinif açılıb. Bununla da bu siniflərin sayı paytaxt və bölgələri əhatə etməklə 80 məktəbdə 124-ə çatdırılıb. Yeni siniflərin açılması ilə layihə minimum 2387 şagirdi əhatə edir. Həmçinin cari tədris ilindən bütün məktəblərdə “STEAM” modulunun tətbiqi, 35 məktəbdə “Sürücülük” modulu və 55-dən çox məktəbdə isə şagirdlərə karyera məsləhəti xidməti tətbiq ediləcək.

 


 Üç peşə təhsili müəssisəsi publik hüquqi şəxs statusu əldə edib

 Peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması tədbirləri çərçivəsində Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi yaradılaraq publik hüquqi şəxs kimi qeydiyyatdan keçib.


Bərdə Peşə Liseyi istifadəyə verilib

2021-ci ildə 1200 tələbə tutumu olan Bərdə Peşə Liseyi istifadəyə verilib. 4 mərtəbəli tədris binasının, 2 ədəd hər biri 192 yerlik yataqxananın, 3 mərtəbəli emalatxana və laboratoriya korpusunun, texnikaların saxlanılması üçün 3 korpusdan ibarət qaraj və digər köməkçi binaların tikinti işləri başa çatdırılıb.


 Turizm Sahəsində Dual Təhsil Proqramı

 Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası birgə peşə təhsil müəssisələrində aşpaz və turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisasları üzrə təhsil alacaq tələbələrin Turizm Sahəsində Dual Təhsil Proqramına start verib. Proqram Bakı və Qəbələ şəhərlərində yerləşən peşə təhsil müəssisələrində tətbiq edilir.


 İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində “Dron idarəedilməsi” üzrə təlimlərPeşə Təhsili üzrə Dövlət Agentliyinin və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə “Dron idarəedilməsi” üzrə təlimlər keçirilib.  Təlimin məqsədi kənd təsərrüfatı sahəsində yüksək texnologiyaların tətbiqi üçün müvafiq istiqamət üzrə müasir dronların idarəolunmasının öyrənilməsi və yaranmış yeni ixtisaslar üçün kadr hazırlığının aparılmasından ibarət olub.


Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə “Karyera və iş yarmarkası” keçirilib
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təşəbbüsü ilə, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişaf Agentliyi və Gabala Hospitality Groupun birgə əməkdaşlığı çərçivəsində “Karyera və iş yarmarkası” keçirilib. “Karyera və iş yarmarkası”na  rayonda turizm istiqaməti üzrə fəaliyyət göstərən 9 müəssisə tərəfindən 225 vakant yer çıxarılıb. Yarmarkaya 250-dən çox  işsiz və işaxtaran vətəndaş qatılıb, 132  nəfər müxtəlif peşə və ixtisas sahibinin tərcümeyi-halları qəbul edilib.

 

 "Peşə təhsili haqqında" Qanunda dəyişikliklər

 Peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsini müvəffəqiyyətlə başa vuran məzunların - subbakalavrların topladıqları kreditlərin bakalavriat səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisələri tərəfindən nəzərə alınacaq. Yüksək texniki peşə səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılır.

 Karyera mərkəzləri

2021-ci ilin sonunadək 2 Karyera Mərkəzinin yaradılması nəzərdə tutulub. Karyera Mərkəzlərində fəaliyyət göstərəcək karyera məsləhətçilərinin bacarıqlarının artırılması məqsədilə, 10 peşə təhsil müəssisəsindən 50-yə yaxın namizəd müsahibə edilib və 22 şəxs təlimə cəlb edilib.

***

Ali təhsil və elm

 

102 tələbə Prezident təqaüdünə layiq görülüb

2021-2022-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və yerli ali təhsil müəssisələrinə daxil olmuş 102 tələbə Prezident təqaüdünə layiq görülüb.

 

47 580 tələbə

2021-2022-ci tədris ilində ali təhsil müəssisələrində 47580 abituriyent tələbə statusunu qazanıb. 

Dövlət sifarişi üzrə mülki ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə faktiki qəbul 23500 (99,85%) yer olub. Ötən tədris ilində bu göstərici 95 faiz təşkil edib.

Magistratura səviyyəsində  dövlət sifarişi üzrə faktiki qəbul 3899 (98,5%) yer  olub. 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üzrə 46735 (92,1%) abituriyent (subbakalavr) tələbə statusu adını qazanıb. 


Təhsil tələbə krediti

2021-ci ildə Təhsil Tələbə Krediti Fondunun əsası qoyulub.

Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidır. Bu kredit dövlət dəstəyi ilə çox kiçik faizlərlə və uzun müddətə (təhsil səviyyəsindən asılı olaraq 15-22 il) verilir.
Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş müvafiq qaydaya əsasən, təhsil tələbə kreditinin sosial və standart növləri mövcuddur. Sosial təhsil tələbə kreditindən yalnız sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr istifadə edə biləcək və onlara kreditlər güzəştli şərtlərlə veriləcək.


HTP çərçivəsində 200 nəfərə yaxın tələbə xaricdə təhsil almaq hüququ qazanıb
2021-2022-ci tədris ilində Hökumətlərarası Təqaüd proqramları çərçivəsində Macarıstanda 145, Çində 20, Rumıniyada 3, Rusiya Federasiyasında 3, Latviyada 10, Türkiyə Respublikasında (YTB xətti ilə doktorantura üzrə) 15 nəfər, ümumilikdə isə 200 nəfərə yaxın tələbə dünyanın 6 müxtəlif ölkəsində 41 ali təhsil müəssisəsində xaricdə təhsil almaq hüququ qazanıb. 

 
Azərbaycanda dünyanın 101 ölkəsindən 7400-ə yaxın əcnəbi tələbə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alır

2021-2022-ci tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində ilk dəfə 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin Xalq Respublikası və digər ölkələri təmsil edir.


201 əcnəbi tələbə dövlət hesabına təhsil hüququ əldə edib

Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 67 ölkədən 125 əcnəbi təhsil almaqdadır.

HTP  çərçivəsində cari tədris ilində Macarıstan, Qazaxıstan, ÇXR vətəndaşlarının qəbulu aparılıb. Hazırda 4 fərqli ölkədən 76 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil alır.

Ümumilikdə 69 ölkədən 201 nəfər əcnəbi tələbə Azərbaycan ali təhsil müəssisələrində təhsil alır.


 94 nəfər xaricdə doktoranturada təhsil almaq hüququ əldə edib

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2021-ci ildə keçirilən müsabiqələr nəticəsində 94 nəfər prioritet ixtisas istiqamətləri üzrə dövlət hesabına beynəlxalq reytinq cədvəlləri üzrə (“Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”)  top 500-lükdə yer alan aparıcı elm mərkəzlərində təhsil almaq hüququ qazanıb. Hazırda Dövlət Proqramı çərçivəsində 6 prioritet ixtisas istiqaməti üzrə dünyanın 20 ölkəsinə aid nüfuzlu 62 ali təhsil müəssisində 127 doktorant təhsil almaqdadır.

 

4 beynəlxalq ikili diplom proqramı

 “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 4 beynəlxalq ikili diplom proqramı təsis olunub:

- ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsil və insan kapitalının inkişafı” ixtisas istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı - 47);

- ABŞ-ın Corc Vaşinqton Universiteti (CVU) ilə ADA Universitetinin “Kompüter elmləri və verilənlərin təhlili” və “Elekrik mühəndisliyi” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı - 39);
- Koreya Respublikasının İnha Universiteti ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı - 161);

- Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elmlər” ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramı (hazırda təhsil alan tələbə sayı – 74) həyata keçirilməkdədir.

 Dövlət Proqramı çərçivəsində nəzərdə tutulan digər 5-ci proqramın təsis olunması istiqamətində işlər həyata keçirilir.


 
SABAH tələbəsi

 2021-2022-ci tədris ili üzrə 724 tələbə 29 ixtisas üzrə SABAH tələbəsi adını qazanıb.

Magistratura səviyyəsində SABAH qruplarına ilk dəfə 2021-ci ildə qəbul keçirilib və 364 nəfər SABAH magistrı adını qazanıb.

 

"Bir" Tələbə-Könüllü proqramı

2021-2022-ci tədris ilində proqram 26 ali , 18 orta, 10 peşə təhsil müəssisəsini əhatə edib. 27 000-dən çox könüllü üzvə sahib olan proqram il ərzində 260-dan çox tədbir təşkil edib və ümumilikdə 42 866 könüllü fəaliyyət saatı qeydə alınıb. Tələbə-könüllülərin dəstəyi ilə baş tutmuş tədbirlərdə minimum könüllü sayı 1, maksimum könüllü sayı isə 513 tələbə-könüllünü əhatə edib.

2021-2022-ci tədris ilində fəaliyyət dairəsini genişlədən proqram Qarabağ bölgəsində (Şuşa, Ağdam) tədbirlərin təşkilinə və sözügedən regionun yenidən bərpasına dəstək məqsədi ilə 100-ə yaxın tələbə-könüllünü Qarabağ bölgəsində fəaliyyətə cəlb edib.

 

 2278 nəfərin diplomu tanınıb

2021-ci ilin yanvar-noyabr ayları ərzində 3021 müraciət üzrə ekspertiza həyata keçirilib. Keçirilmiş ekspertizanın nəticəsində 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə(lər) təqdim olunub. Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

 

 Kadr bankı yaradılıb

Xaricdə ali təhsil almış tələbələrə ölkəmizin əmək bazarına giriş imkanını artırmaq, eyni zamanda, işəgötürənlərin işaxtaranlarla daha rahat şəkildə əlaqələndirilməsinə töhvə vermək məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi təfərindən kadr bankı istifadəyə verilib.


Taninma.az saytı istifadəyə verilib

Vətəndaş rahatlığı məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin taninma.az keçidi istifadəyə verilib.

Tanınma haqqında şəhadətnamələrin həqiqiliyini müəyyən etmək məqsədilə myGov elektron portalında "Xarici diplomlarım" xidməti istifadəyə verilib.


 Diplom tanınmasında yenilik

 2021-ci ildən xarici diplomların tanınması zamanı şəxsin magistratura səviyyəsində yiyələndiyi ixtisasla onun bakalavriat səviyyəsində əldə etdiyi ixtisas arasında uyğunluğun gözlənilməsi zəruri hesab edilmir.

 

Ali təhsil sisteminin elektronlaşdırılması

Cari ildə ali və orta ixtisas təhsil müəssisələrinə 50 minə yaxın tələbənin elektron qeydiyyatı portal.edu.az vahid təhsil xidmətləri portalı vasitəsilə həyata keçirilib. Təhsil Nazirliyinə tabe müəssisələrdə doktoranturaya qəbul da eyni portal vasitəsilə təşkil edilib. Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil sisteminin elektronlaşdırılması istiqamətində “Ali və Orta İxtisas Təhsili Alt Sistemi” formalaşdırılmaqdadır. Hazırda ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar, təhsilverənlər, tədris planları, əmrlər, təhsil müəssisələrinin strukturu, təhsilalanların müvəffəqiyyət göstəriciləri, təhsil haqları və s. barədə məlumatların ATİS-ə doldurulması prosesi gedir.

 

Təhsil işçilərinin vaksinasiyası

Ümumtəhsil məktəblərində çalışan təhsil işçilərinin 95,7 faizi COVID-19-a qarşı hər 2 doza vaksin olunub. 2-ci dozanın vurulmasından 150 gün keçmiş və buster doza ilə təmin olunmuş heyət 87,7 faiz təşkil edir.

Paylaş: