Məktəbəqədər və ümumi təhsil
151 899 uşaq birinci sinfə gedib
2022-ci təqvim ilində birinci siniflərə 151 899 uşaq qəbul edilib.
Ölkə üzrə 91 549 uşaq məktəbəhazırlığa cəlb edilib
2022-ci təqvim ilində ölkə üzrə ümumilikdə 5 445 qrupda 91 549 uşaq təhsilə cəlb olunub.
İcma əsaslı məktəbəqədər təhsil qrupları
Ölkə üzrə 55 rayon və şəhərdə təşkil edilən 847 icma əsaslı məktəbəqədər təhsil qrupunda 15 177 nəfər 3-4 yaşlı uşaq təhsilə cəlb edilib.
Məktəbəqədər təhsil
2022-ci ildə 22 mindən çox uşaq elektron qaydada məktəbəqədər təhsil müəssisələrinə qəbul edilib.
53 yeni təhsil müəssisəsi istifadəyə verilib
2022-ci ildə 23 yeni məktəb və 30 modul tipli məktəb istifadəyə verilib. 682 məktəb cari, 87 məktəb əsaslı təmir olunub.
Ümumi təhsil müəssisələrinin internetə çıxışı
Ümumilikdə ölkə üzrə 4 331 təhsil müəssisəsinin Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışı təmin edilib. Cari tədris ilinin sonunadək məktəblərə əlavə 43 350 kompüterin paylanılması planlaşdırılır.
Beynəlxalq fənn olimpiadalarında yüksək nəticə
Azərbaycan məktəbliləri ümumilikdə 19 müxtəlif beynəlxalq olimpiada və müsabiqələrdə iştirak edərək 2 qızıl, 22 gümüş, 48 bürünc medal olmaqla ümumilikdə 72 medal əldə ediblər.
"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi genişləndirilib
2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi Bakı, Sumqayıt, Abşeron, Astara, Ağsu, Bərdə, Cəlilabad, Göyçay, Hacıqabul, Quba, Kürdəmir, Lənkəran, Masallı, Mingəçevir, Saatlı, Oğuz, Qax, Qusar, Qəbələ, Saatlı, Salyan, Siyəzən, Tərtər, Masallı, Ucar, Xaçmaz, Yevlax, İmişli, İsmayıllı, Şəki, Ağcabədi, Ağstafa, Balakən, Beyləqan, Biləsuvar, Daşkəsən, Şamaxı, Gəncə, Naftalan, Qazax, Samux, Tovuz, Zaqatala, Şəmkir, Kürdəmir, Qobustan, Zərdab, Gədəbəy olmaqla ümumilikdə 48 şəhər və rayonda yerləşən 418 məktəb üzrə 300 min şagirdi əhatə edir.
Cari tədris ilindən etibarən 23 məktəbdə 10-cu siniflərdə informatikayönümlü tədrisin aparılması məqsədilə “Rəqəmsal bacarıqlar” təmayül sinifləri yaradılıb. Sözügedən siniflərdə 400-dən çox şagird təhsil alır. Ümumilikdə “Rəqəmsal bacarıqlar” təmayül 10 və 11-ci siniflərdə 700-dən çox şagird təhsil alır.
Peşə təmayüllü siniflər
2022-2023-cü tədris ilində "Peşə təmayüllü siniflərin təşkili" layihəsi 80 məktəbdə 124 sinfi əhatə etməklə fəaliyyətini davam etdirir. Cari tədris ilindən layihənin əhatə etdiyi bütün məktəblərdə “STEAM” və “Sürücülük” modulu tətbiq edilir, həmçinin bütün şagirdlərə karyera məsləhəti xidməti göstərilir.
2022-ci ildə peşə təmayüllü siniflərdən məzun olmuş şagirdlərin 28%-i əmək fəaliyyətinə, 12%-i ali, 7%-i orta ixtisas, 11%-i isə peşə təhsili almağa başlayıb.
STEAM
2022-ci ildə STEAM layihəsi 318 ümumtəhsil məktəb və 19 STEAM Mərkəzini əhatə edib. Ümumilikdə 135 000-ə yaxın şagird STEAM tədrisinə cəlb edilib.
İl ərzində Tovuz, Mingəçevir, Şəmkir, Bakı, Zaqatala, Saray qəsəbəsində STEAM mərkəzləri fəaliyyətə başlayıb.
5-9 dekabr 2022-ci il tarixlərində STEAM Azərbaycan Festivalı keçirilib. Festivalda 10 kateqoriya üzrə yarışlar və 1 kateqoriya üzrə innovativ sərgi təşkil edilib. 7 ölkədən 127 əcnəbi iştirakçının da qatıldığı festivalda ümumilikdə 1 500-dən çox iştirakçı olub.
“Məktəblinin dostu”
"Məktəblinin dostu" layihəsi 2022-ci ildə Bakıda 192, Abşeronda 11, Sumqayıtda 23 təhsil müəssisəsi olmaqla ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərib. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.
Məktəbdənkənar fəaliyyət
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə təhsil müəssisələrinin şagird və tələbələrinin iştirakı ilə vətənpərvərlik, sağlam həyat tərzi və digər istiqamətlər üzrə 7 festival, 6 intellektual oyun və bilik yarışı, 3 respublika yaradıcılıq müsabiqəsi, 3 hərbi-idman oyunu, 16 idman növü üzrə kütləvi tədbirlər, 14 idman növü üzrə 24 respublika birinciliyi və 1 beynəlxalq idman yarışı, sərgilər, forumlar, ekskursiyalar, turnirlər və birinciliklər keçirilib. Sözügedən tədbirlərə 100 000-lərlə məktəbli və tələbə cəlb olunub.
Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin yetirmələri 2022-ci il ərzində respublika yarışlarında 344 qızıl, 318 gümüş, 374 bürünc olmaqla ümumilikdə 1036 medal, beynəlxalq yarışlarda isə 184 qızıl, 120 gümüş, 107 bürünc olmaqla ümumilikdə 411 medal qazanıblar.
Cari tədris ilində 143 məktəbdənkənar təhsil müəssisəsinin qrup və dərnəklərinə 29 idman növü və 103 adda dərnək üzrə 110 min nəfərə yaxın məktəbli cəlb olunub.
Müəllimlərin işə qəbulu üzrə müsabiqə
2022-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 60 002 namizəd müraciət edib, onlardan 54 804-ü müsabiqədə iştirak hüququ qazanıb. 7 gün ərzində 15 mərkəzdə təşkil olunan imtahanlarda 44 363 namizəd iştirak edib.
Yeni işə qəbul olunan müəllimlər
2022-ci təqvim ilində müəllimlərin işə qəbulu üçün müsabiqə üzrə 13 280 vakant yer elan edilib, 3 902 namizəd müddətsiz əsaslarla, 3 086 namizəd müddətli əsaslarla işə qəbul edilib. Əlavə yerləşdirmə zamanı isə 1 650 namizəd müddətli əsaslarla vakant yerlərə təyin olunub. Tədris ili ərzində əlavə yerləşdirmə davam etdiriləcək.
953 müəllim iş yerini dəyişib
Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələrinə əsasən 953 nəfərin iş yerinin dəyişdirilməsinə razılıq verilib. Onlardan 21-i şəhid ailəsi üzvü, 55-i hərbçi ailəsi üzvü, 372-si həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il müddətində çalışan, 335 nəfəri isə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 5 il və daha artıq çalışan müəllimlərdir.
Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi
Müsabiqə üzrə 2 085 nəfər ərizəsini təsdiqləyib, 1 177 nəfərin ərizəsi qəbul edilib. 202 müəllim isə elektron platforma üzərindən iş yerini qarşılıqlı olaraq dəyişib.
Müəllimlərin sertifikatlaşdırılması
İlk dəfə cari ildə təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə ilkin mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən regional təhsil idarələrinə tabe olan, həmçinin Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb olunublar. Test mərhələsinə dəvət edilən 11 665 nəfərdən 11 211-i imtahanda iştirak edib və onlardan 8 843-ü keçid balını toplayıb. Müsahibə mərhələsində 8 784 nəfər təhsilverən iştirak edib və onlardan 8 751-i uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub. Sertifikatlaşdırmadan keçmiş 3 127 təhsilverənin vəzifə maaşına 35 faiz, 5 624 təhsilverənə isə 10 faiz əlavə edilib.
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu
İlk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə təşkil edilib. Ölkə üzrə 9 imtahan mərkəzində təşkil olunan test imtahanı mərhələsinə 5 508 nəfər namizəd dəvət olunub. Onlardan 4 539-u test imtahanında iştirak edib. Müsahibələrə 775 nəfər dəvət edilib. Onlardan 739 namizəd müsahibə mərhələsində iştirak edib, 366 nəfəri isə uğur qazanıb.
Şəhid ailəsi üzvlərinin, qazi və Vətən müharibəsi iştirakçılarının işə qəbulu
Müəllimlərin işə qəbulu və yerdəyişməsi ilə əlaqədar hərbçi və şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçıları tərəfindən Elm və Təhsil Nazirliyinə 200-ə yaxın müraciət ünvanlanıb. Onlardan 130 nəfərin müraciəti müsbət həll edilib, digər müraciətlər isə təhlil edilərək nəzarətə götürülüb.
Eyni zamanda şəhid və qazi ailəsi üzvlərinin sosial müdafiəsinin, məşğulluğunun təmin edilməsi məqsədilə digər pedaqoji vəzifələr üzrə 2021-ci ilin fevral ayından 2022-ci ilin 1 dekabr tarixinə kimi 2 385 nəfər şəhid və hərbçi ailə üzvü, qazi, müharibə iştirakçısı Elm və Təhsil Nazirliyinə tabe müəssisələrdə işlə təmin olunub. Onlardan 1 098 nəfəri cari ildə işə qəbul edilib.
Peşə təhsili
İşğaldan azad edilmiş ərazilərdə ilk peşə təhsili müəssisəsi
10 may 2022-ci il tarixində Prezident İlham Əliyev tərəfindən Füzuli peşə liseyinin təməli qoyulub. Peşə liseyinin ərazisi 3,2 hektar sahəni əhatə edəcək. Kompleksdə tədris, laboratoriya, idman binaları və meydança yaradılacaq. Burada həmçinin avtomobil təmiri emalatxanası, avadanlıq, texnika və təsərrüfat anbarları, təsərrüfat və praktik təlimlər qurğusu da inşa ediləcək.
Peşəyə gələn 19 000 nəfərdən çox tələbə
2022-ci ildə peşə təhsilinə elektron qaydada həyata keçirilən tələbə qəbulu 126 ixtisas üzrə aparılıb. Peşə təhsili müəssisələrinə qəbul üçün ümumilikdə 93 500 müraciət daxil olub, 19 043 nəfər tələbə adını qazanıb. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 14% artıb.
Yüksək texniki peşə təhsili səviyyəsi üzrə tələbə qəbulu
2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsili müəssisəsində yüksək texniki peşə təhsili səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Belə ki, yüksək texniki peşə təhsilinə 17 ixtisas üzrə tələbə qəbulu həyata keçirilib və 820 nəfər tələbə adını qazanıb.
Hazırda respublika üzrə 1 466 tələbə yüksək texniki peşə təhsili səviyyəsində təhsil alır.
Yeni təhsil proqramları
Yüksək texniki peşə təhsili səviyyəsində “Moda dizaynı”, “Saç kəsimi və gözəllik xidmətlərinin təşkili”, texniki peşə təhsili səviyyəsində isə “İnformasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi”, “Plastik qapı-pəncərə ustası” ixtisasları üzrə yeni səriştə əsaslı təhsil proqramları hazırlanıb. “Avtomobil mexatronikası üzrə texnik” və “İnformasiya-kommunikasiya texnologiyaları üzrə texnik” proqramları isə texniki peşə təhsili səviyyəsi üzrə Almaniyanın dual peşə təhsili təcrübəsi əsasında formalaşdırılıb.
25 xarici dərsliyin tərcüməsinə başlanılıb
2022-ci ildə türk dilindən 20 dərsliyin və 5 digər xarici ölkənin dərslik komplektinin tərcüməsi ilə bağlı işlərə başlanılıb. Peşə təhsilinə aid 11 ixtisas üzrə 21 dərslik PDF formatından EPUB formatına çevrilərək elektron dərslik portalında (www.e-derslik.edu.az) yerləşdirilib.
Qısamüddətli təlimlərin iştirakçı sayı artıb
2022-ci ilin ilk yarımilliyi ərzində Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə 27 ixtisas üzrə (37 qrup olmaqla) qısamüddətli təlim keçirilib. Qeyd olunan təlimlərdə 781 nəfər iştirak hüququ qazanıb. Onlardan 478 nəfəri kişi, 303 nəfəri isə qadındır.
İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu
Peşə təhsili müəssisələrində kadr potensialının gücləndirilməsi məqsədilə 2022-2023-cü tədris ili üçün ümumtəhsil fənləri üzrə 32 nəfərin işə qəbulu həyata keçirilib. Bununla yanaşı, test üsulu ilə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu aparılıb. Sözügedən vakansiyalar üzrə işə qəbulla bağlı müvafiq olaraq 79 və 211 vakant yer elan olunub. Ümumilikdə 1 325 nəfər müraciət edib və 765-i müsabiqəyə buraxılıb. Müsabiqə nəticəsində isə 89 istehsalat təlimi ustası və 25 ixtisas fənn müəllimi işə qəbul edilib.
Direktor və direktor müavinlərinin imtahanla işə qəbulu
Peşə təhsili müəssisələrinə direktor müavinlərinin və ilk dəfə olaraq direktorların mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə işə qəbulu da təşkil edilib. Ümumilikdə 2022-ci ildə 18 nəfərin direktor müavini, 19 nəfərin isə direktor vəzifəsi üçün təyinatı aparılıb.
Dual peşə təhsili proqramlarının əhatə dairəsi genişləndirilib
2022-2023-cü tədris ilində dual təhsil proqramı çərçivəsində “Usta yanında şagirdlik” ixtisası üzrə 15 peşə təhsili müəssisəsində 44 qrupda tədrisə başlanılıb. Proqramda hazırda 785 tələbə təhsil alır. Ümumilikdə 9 regionu əhatə edən proqrama 70-dən çox işəgötürən tərəfdaş dəstək verir. Sənaye, turizm, xidmət, kənd təsərrüfatı kimi müxtəlif sahələri əhatə edən proqramda 23 ixtisas mövcuddur.
"Texnofest Azərbaycan" aerokosmik və texnologiya festivalında qalibiyyət
“Texnofest Azərbaycan”ın "Robototexnika" müsabiqəsində Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzini təmsil edən "Baku Stark" komandası “A" kateqoriyası üzrə qalib seçilib. Komandanın yaratdığı “Smart Helmet” qurğusu vasitəsilə işçilərin sağlamlığı, təhlükəsizliyi və yeri haqqında məlumatlar həmin an veb-bazaya ötürülür, yəni işçi hər hansı bir xəsarət aldıqda xəbərdarlıq verilir və köməkçi briqada həmin əraziyə göndərilir.
“Bir peşənin sirri” festivalı keçirilib
Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı ilə İçərişəhər, Qoşa Qala meydanında “Bir peşənin sirri” festivalı keçirilib. Festivalda qonaqlara Bakı və müxtəlif regionları təmsil edən 12 peşə təhsili müəssisəsinin turizm, sənaye, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər nümayiş etdirilib. Festivalda 5 000-ə qədər şəhər sakini iştirak edib.
17 000-dən çox şagirdə peşə təhsili haqqında məlumat verilib
Peşəyönümü fəaliyyətinin bir hissəsi olaraq keçirilən “açıq qapı” tədbirləri 7 000-dən çox iştirakçı və 134-dən çox işəgötürəni əhatə edib. Genişmiqyaslı tədbirlərlə yanaşı, mütəmadi olaraq hər bir peşə təhsil müəssisəsi tərəfindən müəssisənin maddi-texniki bazası və tədris olunan ixtisasları ilə tanışlıq məqsədli infoturlar keçirilib. İnfoturlarda 10 000-ə yaxın şagird və 174 işəgötürən iştirak edib.
www.Avando.az saytı istifadəyə verilib
İşəgötürənlərlə işaxtaranlar arasında körpü funksiyasını yerinə yetirəcək, həmçinin məzunlar üçün məlumat mənbəyi olan www.avando.az portalı istifadəyə verilib. İşəgötürən və işaxtaranlara rəqəmsal həllər təklif edən layihə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin dəstəyi ilə hazırlanıb.
Ali təhsil və elm
48 780 tələbə
2022-2023-cü tədris ilində 48 780 nəfər tələbə adını qazanıb. Bu ötən tədris ili ilə müqayisədə 11,3 faiz çoxdur. Ötən tədris ilində bu rəqəm 43 828 nəfər təşkil edib.
110 ölkədən 8 900-ə yaxın əcnəbi tələbə
2022-2023-cü tədris ili üzrə ölkəmizin ali və orta ixtisas təhsili müəssisələrində 110 ölkədən 8 900-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır. Bu da ötən ilə (7 332 nəfər) nisbətdə 20%, 2015/16-cı tədris ilinə (4 326 nəfər) nisbətdə isə 103% artım deməkdir.
Tələbələr, əsasən, Türkiyə, İran, Gürcüstan, Pakistan, Rusiya, Nigeriya, Hindistan, Şri-Lanka, İraq, Suriya və digər ölkələri təmsil edirlər.
86 əcnəbi tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib
Ölkə Prezidentinin sərəncamları ilə təsis edilmiş təhsil qrantı proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin 40 vətəndaşı (hər bir qrant proqramı üzrə 20 nəfər) müxtəlif yerli təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
Ümumilikdə 2018-2022-ci illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.
HTP çərçivəsində cari tədris ilində Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan vətəndaşlarının qəbulu aparılıb. 4 fərqli ölkədən 46 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
HTP çərçivəsində 211 nəfər azərbaycanlı xaricdə təhsil almaq hüququ qazanıb
2022-2023-cü tədris ilində Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda 149, Çində 31, Rumıniyada 3, Rusiyada (MGIMO) 10, Latviyada 10, Türkiyədə (YTB xətti ilə doktorantura üzrə) 7, Qazaxıstanda 1, ümumilikdə isə 211 tələbə dünyanın 7 müxtəlif ölkəsinə aid 44 ali təhsil müəssisəsində təhsil almaq hüququ qazanıb.
84 nəfər xaricdə doktorantura təhsili almaq hüququ qazanıb
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində 84 nəfər 7 prioritet ixtisas istiqaməti üzrə dünyanın 12 ölkəsinin 40 aparıcı ali təhsil müəssisəsində (beynəlxalq reytinq cədvəlləri üzrə: “Times Higher Education World University Rankings”, “Academic Ranking of World Universities”) təhsil almaq hüququ qazanıb.
Hazırda Dövlət Proqramı çərçivəsində 7 prioritet ixtisas istiqaməti üzrə dünyanın 22 ölkəsinə aid 82 nüfuzlu ali təhsil müəssisəsində 207 doktorant təhsil almaqdadır.
Dövlət Proqramı çərçivəsində 353 nəfər xaricdə təhsil almaq hüququ əldə edib
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2022-ci ildə keçirilən müsabiqələr nəticəsində 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 18 ölkəsinə aid 111 ali təhsil müəssisəsində 353 nəfər (80 nəfər bakalavriat, 273 nəfəri isə magistratura) təhsil almaq hüququ qazanıb.
4265 nəfər tələbə krediti alıb
Təhsil tələbə kreditlərinin verilməsinə başlanıldığı 25 noyabr 2021-ci il tarixindən 30 noyabr 2022-ci il tarixinədək Fonda 17 000-dən çox tələbə müraciəti daxil olub.
2022-2023-cü tədris ilinin payız semestri üzrə 7 000-dən çox tələbə müraciət edib, onlardan 4265 nəfər tələbənin müraciəti rəsmiləşdirilib. Həmin müraciətlər üzrə 1641 nəfər sosial TTK, 2624 nəfər isə standart TTK-dan yararlanıblar. Hazırda 2022-2023-cü tədris ili üzrə müraciətlərin qəbulu davam edir.
SABAH tələbələri
2022-ci ildə 11 ali təhsil müəssisəsi və 31 ixtisas üzrə 830 tələbə məzun olub. 2022-2023-ci tədris ili üzrə 32 ixtisas üzrə 985 tələbə SABAH tələbəsi adını qazanıb.
Cari tədris ilində bu qruplarda ümumilikdə 2555 tələbə bakalavr, 782 tələbə isə magistr təhsili alır.
"Bir" tələbə-könüllü proqramı
2022-ci tədris ilində proqram 33 ali , 19 orta, 10 peşə təhsili müəssisəsini əhatə edib. 30 000-dən çox könüllü üzvə sahib olan proqram il ərzində 372-dən çox tədbir təşkil edib və ümumilikdə 52 974 könüllü fəaliyyət saatı qeydə alınıb. Tələbə-könüllülərin dəstəyi ilə baş tutmuş tədbirlərdə minimum tələbə-könüllü sayı 1, maksimum isə 713-ü əhatə edib.
Qeyri-formal və informal təhsilin tanınması
Qeyri-formal və informal təhsilin tanınması fəaliyyəti üzrə 963 təhsil sənədi təqdim olunub.
Cari il ərzində qeyri-formal və informal təhsilin tanınması prosesi üzrə ümumilikdə 900 sertifikat və 63 diplom təqdim olunub.
10 ixtisas üzrə tanınma həyata keçirilib
“Tikiş avadanlıqlarının operatoru” və “Tikişçi” ixtisasları üzrə 214 sertifikat, 15 diplom, “Bərbər” ixtisası üzrə 205 sertifikat, 11 diplom, “Avtomobillərin təmiri çilingəri” ixtisası üzrə 17 sertifikat, “Qənnadçı-şirniyyatçı” ixtisası üzrə 224 sertifikat,19 diplom, “Mobil telefonların təmiri ustası” ixtisası üzrə 126 sertifikat və 11 diplom, “Ərzaq və qeyri-ərzaq mallarının satıcısı, nəzarətçi-xəzinədar” ixtisası üzrə 20 sertifikat və 2 diplom, “Elektrik qaz qaynaqçısı” ixtisası üzrə 18 sertifikat, “Baytar” texniki ixtisası üzrə 23 sertifikat, “Turizm sahəsində iaşə üzrə mütəxəssis” ixtisası üzrə isə 8 sertifikat təqdim olunub.
Diplomların tanınması
Cari ilin dekabr ayının 1-nə kimi xarici kvalifikasiyaların tanınması ilə bağlı 3 295 müraciət qəbul edilib. 2 668 müraciət üzrə müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamələr təqdim olunub. Digər 627 müraciət üzrə isə mənfi rəy verilib.