Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ƏSASNAMƏSİ

24 iyul 2023, 15:26

Azərbaycan Respublikası Prezidentinin

2023-cü il 24 iyul tarixli

Fərmanı ilə təsdiq edilmişdir

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi (bundan sonra – Nazirlik) yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (bundan sonra – Agentlik) elm, ali və orta ixtisas təhsili sahələrində (bundan sonra – müvafiq sahə) dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, elmi müəssisə və təşkilatların, ali və orta ixtisas təhsili müəssisələrinin (bundan sonra – elm və təhsil müəssisləri) fəaliyyətini tənzimləyən, əlaqələndirən və onların fəaliyyətinə dövlət nəzarətini həyata keçirən, Nazirliyin strukturuna daxil olan qurumdur.

1.2. Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur.

1.3. Agentlik öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, beynəlxalq və qeyri-hökumət təşkilatları ilə, habelə hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.4. Agentliyin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri, Nazirliyin adı və öz adı həkk olunmuş möhürü, kargüzarlıq xidmətinin gerbsiz möhürü, müvafiq ştampları və blankları vardır.

1.5. Agentliyin saxlanılması xərcləri və fəaliyyəti, habelə maddi-texniki təminatı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

1.6. Agentlik Bakı şəhərində yerləşir.

2. Agentliyin fəaliyyət istiqamətləri

2.1. Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

2.1.1. müvafiq sahədə dövlət siyasətinin formalaşdırılması ilə bağlı Nazirliyə təkliflər vermək, həmin siyasətin həyata keçirilməsində iştirak etmək;

2.1.2. müvafiq sahənin inkişafını təmin etmək;

2.1.3. müvafiq sahədə normativ hüquqi bazanın formalaşdırılmasında iştirak etmək;

2.1.4. elm və təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi və əlaqələndirilməsi üçün tədbirlər görmək;

2.1.5. elmi fəaliyyətlə tədris prosesinin inteqrasiyasının təmin edilməsi məqsədilə tədbirlər görmək;

2.1.6. elm və təhsil müəssisələrində nəticəyönlü, şəffaf və səmərəli idarəetmə modelini formalaşdırmaq və bu prosesdə müasir idarəetmə texnologiyalarından istifadəni təmin etmək;

2.1.7. əmək bazarının tələblərinə uyğun olaraq ixtisaslı kadr hazırlığına dair tələbatın müəyyən edilməsi üçün tədbirlər görmək;

2.1.8. müvafiq sahədə beynəlxalq əməkdaşlığın həyata keçirilməsində iştirak etmək.

3. Agentliyin vəzifələri

3.1. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Agentliyin vəzifələri aşağıdakılardır:

3.1.1. müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy vermək;

3.1.2. müvafiq sahədə dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının, konsepsiyaların layihələrinin hazırlanmasında iştirak etmək və onların həyata keçirilməsini təmin etmək;

3.1.3. elm və təhsil müəssisələri ilə xarici elm və təhsil müəssisələri arasında təhsilalanların və təhsilverənlərin mübadiləsi proqramlarını əlaqələndirmək;

3.1.4. ali və orta ixtisas təhsili müəssisələrində beynəlxalq standartlara cavab verən təhsil şəraiti və mühitinin yaradılması üçün tədbirlər görmək;

3.1.5. ali və orta ixtisas təhsilinin keyfiyyətinin artırılması, elmi-metodiki təminatının gücləndirilməsi və təhsilin əhatə dairəsinin genişləndirilməsi məqsədilə müxtəlif istiqamətli layihələri həyata keçirmək;

3.1.6. ali və orta ixtisas təhsili müəssisələrində təhsilin müvafiq dövlət standartlarına uyğun təşkilinə nəzarət etmək;

3.1.7. elm və təhsil müəssisələrinə elmi-metodiki və tədris-metodiki rəhbərliyi həyata keçirmək;

3.1.8. hər tədris ili üçün orta ixtisas və ali təhsil müəssisələrinə müvafiq ixtisaslar üzrə tələbə qəbulu barədə təklifləri Nazirliyə təqdim etmək;

3.1.9. doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planlarına, habelə doktoranturaların (adyunkturaların) yaradılmasına dair vəsatətlə bağlı təklifləri Nazirliyə təqdim etmək;

3.1.10. ali təhsil müəssisələrində magistraturaların yaradılması ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;

3.1.11. ali və orta ixtisas təhsili müəssisələrində sağlamlıq imkanları məhdud şəxslərə tədris prosesində müvafiq şərait yaradılmasının təşkilinə nəzarət etmək;

3.1.12. müxtəlifsəviyyəli və müxtəlifmiqyaslı müsabiqələr və yarışlar keçirmək;

3.1.13. xüsusi istedada malik təhsilalanların müəyyənləşdirilməsi və təhsillərinin davam etdirilməsinin stimullaşdırılması üçün tədbirlər görmək, onlar üçün məqsədli və adlı təqaüdlər təsis edilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;

3.1.14. tədris dilini zəif bilən təhsilalanlar üçün təhsil proqramlarına uyğun hazırlıq kurslarının təşkil edilməsi üçün tədbirlər görmək;

3.1.15. tabeliyində ali təhsil müəssisələri olan dövlət orqanlarının (qurumlarının) və özəl ali təhsil müəssisələrinin təklifləri əsasında bakalavriat səviyyəsində hazırlıq qrupları təşkil olunan ali təhsil müəssisələrinin və ixtisasların müəyyən edilməsi üçün Nazirliyə təkliflər vermək;

3.1.16. ali və orta ixtisas təhsili müəssisələrində pedaqoji işçilərin dərs yükü normalarına riayət olunmasına nəzarət etmək;

3.1.17. ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanların təhsil müəssisəsinin, ixtisasının, təhsilalma formasının dəyişdirilməsinin və təhsil müəssisəsinə bərpa olunmasının həyata keçirilməsini təmin etmək;

3.1.18. ali təhsil müəssisələri tərəfindən elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydalarına və professor-müəllim heyətinin tədris işi vaxt normasına riayət olunmasına nəzarət etmək;

3.1.19. ali və orta ixtisas təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına dair Nazirliyə təkliflər vermək;

3.1.20. təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna nəzarət etmək;

3.1.21. ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçməsinin müəyyən edilmiş qaydaya uyğun təşkilinə nəzarət etmək;

3.1.22. ali, orta ixtisas və əlavə təhsil müəssisələrinin (dövlət təhsil müəssisələri istisna olmaqla) fəaliyyətinə lisenziya verilməsi ilə əlaqədar rəy verilməsində iştirak etmək;

3.1.23. Azərbaycan Respublikası Prezidentinin başqa qayda müəyyən etdiyi hallar istisna olmaqla, tabeliyində olan orta ixtisas təhsili müəssisələrinin, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin təklifi əsasında onların tabeliyində yaradılması nəzərdə tutulan orta ixtisas təhsili müəssisələrinin nizamnamələrinə dair Nazirliyə rəy vermək;

3.1.24. elmi fəaliyyət subyektlərinin elmi istinadlı informasiya resurslarına çıxışının təmin edilməsi üçün tədbirlər görmək;

3.1.25. elm və təhsil fəaliyyətinin səmərəli təşkili, idarə edilməsi və inkişafı, habelə maddi-texniki bazasının möhkəmləndirilməsi, infrastruktur, avadanlıq, yüksəkixtisaslı elmi kadrlar, informasiya və digər zəruri vasitələrlə təmin olunması üçün tədbirlər görmək;

3.1.26. elm, ali və orta ixtisas təhsili sahəsində planlaşdırmanı, proqnozlaşdırmanı, əlaqələndirməni və qiymətləndirməni (ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun attestasiyası istisna olmaqla) həyata keçirmək;

3.1.27. dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-kommunikasiya texnologiyaları, rəqəmsal tədris resursları və digər texniki vasitələrlə təminatını həyata keçirmək;

3.1.28. dövlət elmi müəssisə və təşkilatlarının, təhsil müəssisələrinin işçilərinin əməyinin stimullaşdırılmasına, o cümlədən mükafatlandırılmasına dair təklifləri Nazirliyə təqdim etmək;

3.1.29. tabeliyində olan elm və təhsil müəssislərində elmi fəaliyyətin təşkilində və təlim-tərbiyə prosesində müasir təhsil texnologiyalarının və innovasiyaların tətbiqi üçün tədbirlər görmək;

3.1.30. tabeliyində olan təhsil müəssislərində çalışan təhsilverənlərin əlavə təhsilinin təmin edilməsi üçün müvafiq tədbirləri həyata keçirmək;

3.1.31. tabeliyində olan elm və təhsil müəssisələri üzrə tələb olunan dövlət büdcəsi vəsaitinə dair proqnozları hazırlayaraq Nazirliyə təqdim etmək və ayrılmış vəsaitdən təyinatı üzrə səmərəli istifadə olunmasına nəzarət etmək;

3.1.32. elm və ali təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək, elmi tədqiqat işlərini dəstəkləmək və mükafatlandırmaq;

3.1.33. müasir təfəkkürlü və yaradıcı gənclərin erkən vaxtlardan elmi araşdırmalara cəlb olunmasını təşviq etmək;

3.1.34. elmi kadr tələbatının müəyyən edilməsinə və həmin tələbata uyğun olaraq dövlət sifarişi əsasında elmi və elmi-pedaqoji kadrlar hazırlanmasına dair təklifləri Nazirliyə təqdim etmək;

3.1.35. elm və təhsil sahəsində əlverişli investisiya mühitinin yaradılması üçün təklifləri Nazirliyə təqdim etmək;

3.1.36. tabeliyində olan elm və təhsil müəssisələrinin istehsalat bazalarının, texnoparklarının, laboratoriyalarının müasirləşdirilməsi və inkişafı üçün tədbirlər görmək;

3.1.37. ali və orta ixtisas təhsili müəssisələri üçün universitet şəhərciklərinin (kampusların), tələbə yataqxanalarının yaradılmasını təşviq etmək;

3.1.38. elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılmasına, bu məqsədlə həyata keçirilən tədqiqatların maliyyələşdirilməsinə kömək göstərmək, tədqiqat nəticələrinin məhsula çevrilməsinə yardım etmək;

3.1.39. elm və təhsil müəssisələrində aparılan elmi tədqiqatların müasir standartlar səviyyəsinə çatdırılmasına, elmi tədqiqat işlərinin nəticələrinin tədris prosesində və istehsalatda tətbiqinə kömək göstərmək, elmin informasiya təminatının gücləndirilməsi, beynəlxalq elmi əlaqələrin dərinləşdirilməsi sahəsində tədbirləri təşviq etmək;

3.1.40. hüquqi və fiziki şəxslərin iştirakı ilə tədris-istehsalat sahələrinin qurulmasına şərait yaratmaq;

3.1.41. ali təhsil müəssisələrinin təhsil tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək vermək;

3.1.42. elm və ali təhsil sahələrində qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;

3.1.43. Azərbaycan Respublikası vətəndaşlarının yüksəkreytinqli xarici ali təhsil müəssisələrində və elm-təhsil mərkəzlərində təhsilinin təşkili və elmi fəaliyyəti üçün tədbirlər görmək;

3.1.44. elm və ali təhsil müəssisələrinin akademik potensialının gücləndirilməsi istiqamətində tədbirlər görmək;

3.1.45. ali təhsil müəssisələrində ölkənin inkişaf prioritetlərinə uyğun ixtisas proqramları üzrə nüfuzlu xarici ali təhsil müəssisələri ilə birlikdə beynəlxalq ikili diplom proqramlarının əhatə dairəsinin genişləndirilməsini təmin etmək;

3.1.46. ömürboyu təhsil üzrə Milli Kvalifikasiya Çərçivəsinin tətbiqi üçün tədbirlər görmək;

3.1.47. dövlət orta ixtisas təhsili müəssisələrində pedaqoji şuraların, dövlət ali təhsil müəssisələrində elmi şuraların təsdiq edilmiş əsasnaməyə uyğun təşkilinə və fəaliyyətinə nəzarət etmək;

3.1.48. ali və orta ixtisas təhsili müəssisələrində idman-sağlamlıq və profilaktik işlərin təşkili ilə bağlı tədbirlər görmək, tələbələrin idman yarışlarında, turist yürüşlərində iştirakına, onların texniki və bədii yaradıcılığına, digər tədbirlərə dəstək vermək;

3.1.49. müvafiq sahədə statistik məlumatları və hesabatları toplamaq, təhlil etmək və nəticələrini müvafiq orqanlara təqdim etmək;

3.1.50. dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;

3.1.51. ali və orta ixtisas təhsili müəssisələrinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndən istifadəsini təmin etmək;

3.1.52. öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;

3.1.53. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında”, “İnzibati icraat haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;

3.1.54. Agentliyə ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;

3.1.55. Agentliyin informasiya təminatını təşkil etmək və onun təhlükəsizliyini təmin etmək;

3.1.56. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.57. Agentlikdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;

3.1.58. Agentliyin fəaliyyətinin nəticələri barədə Nazirliyə hesabat təqdim etmək;

3.1.59. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

4. Agentliyin hüquqları

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Agentlik aşağıdakı hüquqlara malikdir:

4.1.1. müvafiq sahədə normativ hüquqi aktın qəbul olunması, aktda dəyişiklik edilməsi, aktın şərh olunması, qüvvəsinin dayandırılması və ya ləğv edilməsi haqqında təklifləri Nazirliyə təqdim etmək;

4.1.2. elmi müəssisə və təşkilatlardan, təhsil müəssisələrindən fəaliyyət istiqamətlərinə uyğun olaraq hesabat və məlumatlar almaq;

4.1.3. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

4.1.4. fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər, tədqiqatlar və araşdırmalar aparmaq, monitorinqlər keçirmək, metodiki və analitik materiallar, habelə tövsiyələr hazırlamaq, təkliflər vermək, bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait dairəsində elmi tədqiqat işlərinin aparılmasını təmin etmək;

4.1.5. müstəqil ekspertləri və mütəxəssisləri, məsləhətçi təşkilatları, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, işçi qruplar və komissiyalar yaratmaq;

4.1.6. fəaliyyət istiqamətinə uyğun olaraq, elm və təhsil müəssisələrinin işçilərinin həvəsləndirilməsini və mükafatlandırılmasını həyata keçirmək, onlara dövlət təltiflərinin və fəxri adların verilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim etmək;

4.1.7. dövlət elmi müəssisə və təşkilatlarının, təhsil müəssisələrinin yaradılması, yenidən təşkili və ləğvi barədə təklifləri Nazirliyə təqdim etmək;

4.1.8. beynəlxalq tədbirlərdə, o cümlədən forum, konfrans, sərgi və digər tədbirlərdə iştirak etmək və belə tədbirlərin keçirilməsini təşkil etmək;

4.1.9. xarici dövlətlərin müvafiq təcrübəsini öyrənmək, xarici dövlətlərin aidiyyəti orqanları və digər qurumları ilə, beynəlxalq təşkilatlarla, xarici hüquqi və fiziki şəxslərlə əməkdaşlığı təşkil etmək və həyata keçirmək;

4.1.10. Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

5. Agentliyin fəaliyyətinin təşkili

5.1. Agentlik öz fəaliyyətini Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) vasitəsilə həyata keçirir.

5.2. Agentliyin fəaliyyətinə Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir. Agentliyin direktoru Agentliyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

5.3. Agentlik direktorunun Azərbaycan Respublikasının elm və təhsil naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini vardır.

5.4. Agentlik direktorunun müavinləri vəzifə bölgüsünə uyğun olaraq fəaliyyət göstərirlər və onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

5.5. Agentliyin direktoru:

5.5.1. Agentliyin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

5.5.2. dövlət orqanları (qurumları) ilə, yerli özünüidarəetmə orqanları ilə, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Agentliyi təmsil edir;

5.5.3. müəyyən edilmiş əməyin ödənişi fondu və işçilərin say həddi daxilində Agentliyin strukturunu, ştat cədvəlini, gəlir və xərclər smetasını təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.5.4. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində, Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların (bu Əsasnamənin 5.5.5-ci yarımbəndi nəzərə alınmaqla) strukturunu, ştat cədvəlini və ayrılmış büdcə təxsisatı və büdcədənkənar gəlirlər daxilində onların gəlir və xərclər smetasını Nazirliklə razılaşdırmaqla təsdiq edir;

5.5.5. müəyyən edilmiş struktur, işçilərin say həddi və əməyin ödənişi fondu daxilində tabeliyində olan publik hüquqi şəxslərin (Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi hallar istisna olmaqla) ştat cədvəlinin, əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin və ayrılmış büdcə təxsisatı çərçivəsində gəlir və xərclər smetasının təsdiq edilməsinə razılıq verir;

5.5.6. strukturuna daxil olan qurumların əsasnamələrini, habelə tabeliyində olan hüquqi şəxslərin nizamnamələrini (nizamnamələrini Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdikləri hüquqi şəxslər istisna olmaqla) təsdiq olunmaq üçün Nazirliyə təqdim edir;

5.5.7. müavinləri arasında vəzifə bölgüsü aparır, onların, habelə Agentliyin digər vəzifəli şəxslərinin qarşılıqlı fəaliyyətini təmin edir;

5.5.8. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər işçilərini və Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinin müavinlərini, eləcə də Nazirliklə razılaşdırmaqla, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, əlavə təhsili üçün müvafiq tədbirlər görür;

5.5.9. strukturuna daxil olmayan tabeliyindəki orta ixtisas təhsili müəssisələrinin filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir;

5.5.10. Agentlik direktorunun müavinləri istisna olmaqla, Agentliyin digər dövlət qulluqçularına qanunla müəyyən edilmiş qaydada dövlət qulluğunun ixtisas dərəcələrini verir;

5.5.11. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir və onların, habelə Nazirlik tərəfindən qəbul edilmiş normativ hüquqi aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir, Agentliyin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;

5.5.12. Agentliyin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təklifləri Nazirliyə təqdim edir;

5.5.13. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;

5.5.14. Agentliyin fəaliyyəti barədə Nazirliyə hesabat verir;

5.5.15. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin təyinatı üzrə xərclənməsini təmin edir, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, Agentliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;

5.5.16. dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin xərclənməsinə dair hesabatları rübdə bir dəfə Nazirliyə təqdim edir;

5.5.17. Agentliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq, elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi, habelə elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi məqsədilə ictimai əsaslarla fəaliyyət göstərən şuraların yaradılması barədə Nazirliyə təkliflər verir.

SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:47
“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qoyuluş gücü 240 MVt olan külək elektrik stansiyasının tikintisi ilə bağlı pilot layihənin həyata keçirilməsinə dair əlavə tədbirlər haqqında”...

27 aprel 2024, 14:47
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:45
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 874-VIQ...

27 aprel 2024, 14:45
SƏNƏDLƏR Sərəncamlar 27 aprel 2024
14:43
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə...

27 aprel 2024, 14:43