• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN 2017-Cİ İLDƏ GÖRÜLMÜŞ İŞLƏRƏ DAİR HESABATI

Məktəbəqədər və ümumi təhsil

 

- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.

 

Müsabiqənin keçirilməsində əsas məqsəd müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəslə dərindən öyrədilməsini təmin etməkdən ibarətdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə rayon (şəhər), ölkə üzrə olmaqla IX-XI sinif şagirdləri arasında iki mərhələdə təşkil olunmuşdur. Müsabiqə qaliblərinin mükafatlandırılması “Gülüstan” sarayında keçirilib. 

 

- Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Ədəbiyyat biliciləri” müsabiqəsi keçirilib.

 

2017-ci ildə ikinci dəfə keçirilən müsabiqə məktəb, rayon (şəhər) və ölkə üzrə olmaqla VIII-XI sinif şagirdləri arasında təşkil olunub. 

 

- 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunub.

 

2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək, innovativ fəaliyyəti ilə fərqlənən təhsil işçilərini və ümumtəhsil məktəblərini aşkara çıxarmaq məqsədinə xidmət edir.

 

- Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb.

 

Təhsil nazirinin əmrinə əsasən, cari tədris ilində ilk dərs məşğələsi bütün ümumi təhsil müəssisələrində “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr edilib. Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb.

 

- Məktəbəhazırlıq təhsilinin əhatəliliyi genişləndirilib.

 

2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunmuş, 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. 2017-2018-ci dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb.

 

- Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihə tətbiq edilib.

 

Təhsil Nazirliyinin 27 noyabr 2017-ci il tarixli 423 nömrəli əmrinə əsasən, Lənkəran Dövlət Universiteti ilə Astara və Yardımlı rayonlarının ümumtəhsil məktəbləri arasında elmi-pedaqoji əməkdaşlığın yaradılmasına dair pilot layihə həyata keçirilməyə başlayıb. 

 

- 140.000-dək müəllim diaqnostik qiymətləndirmədən keçib.

 

2014-cü ildən etibarən ölkə üzrə ümumilikdə 140.000-dək müəllim, o cümlədən ümumi saydan 41 360 nəfəri 2017-ci ildə diaqnostik qiymətləndirmədən keçib. Beləliklə də ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsinə yekun vurulub. 2014-2016-cı illərdə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin maaşı müvafiq qaydada artırılıb. 2017-ci ildə diaqnostik qiymətlən-dirmədən keçən müəllimlərin maaşı isə 1 yanvar 2018-ci il tarixdən artırılacaqdır.

 

- 49.335 nəfər müəllim təyin olunmaq üçün müraciət edib.

 

2017-2018-ci dərs ili üçün müəllimlərin işə qəbulu üzrə təşkil olunmuş müsabiqədə iştirakı məqsədi ilə 49335 nəfər miq.edu.az saytında qeydiyyatdan keçib. Onlardan 47000 nəfərin elektron ərizəsi təsdiq edilərək test imtahanına buraxılıb. Test imtahanında 40000 nəfər iştirak edib. Müsabiqənin 1-ci turunun nəticəsinə görə müddətsiz müqavilə ilə işə qəbul olunanların sayı 4454 nəfər, 2-ci turun nəticəsinə görə isə 1058 nəfər olub.

 

- Beynəlxalq PIRLS qiymətləndirilməsində nəticələr 462-dən 472 bala yüksəlib, “Mükəmməl” və “Yüksək” kateqoriyada olan şagirdlərimizin sayı 2 dəfə artıb.

 

2017-ci ildə elan olunan beynəlxalq PIRLS qiymətləndirməsinin nəticələrinə görə, azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10 bal artaraq 462 baldan 472 bala yüksəlib. “PIRLS 2011” tədqiqatının nəticələri ilə müqayisədə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb. “Aşağı” səviyyəyə uyğun nəticə göstərmiş şagirdlərin faizi isə 10 faiz azalaraq 37-dən 27-ə enib.

 

- Respublika fənn olimpiadalarında 30 000-dən artıq şagird iştirak edib.

 

VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika fənn olimpiadalarında iştirakçılar tərəfindən 2017-ci ildə 48-i qızıl, 85-i gümüş və 130-u bürünc olmaqla 263 medal qazanılıb. Olimpiadaların rayon (şəhər) mərhələsində 30000-dən artıq şagird, respublika mərhələsinin yarımfinal və final turlarında müvafiq olaraq təqribən 6000 və 500 şagird iştirak edib.

               

- Beynəlxalq fənn olimpiadalarında cari ildə 38 medal qazanılıb.

 

2017-ci ildə Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadalarında 2 qızıl, 6 gümüş, 30 bürünc medal olmaqla ümumilikdə 38 medal qazanıblar.

 

- Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində 50-dən çox rayonda 122 layihə icra olunub.

 

Ölkə Prezidentinin sərəncamına əsasən hazırlanmış "Təhsildə inkişaf və innovasiyalar üzrə qrantların məbləği və ayrılması şərtləri, o cümlədən vəsaitlərin verilmə prosedurları, monitorinqin aparılması, hesabat və qiymətləndirmə üzrə tələblər" Nazirlər Kabinetinin 2017-ci il 14 iyun tarixli 258 nömrəli qərarı ilə təsdiq edilib.

 

Həmin qərara uyğun olaraq, müəllimlər arasında sağlam rəqabətin gücləndirilməsi, innovativ fəaliyyətin stimullaşdırılması, tədrislə bağlı müxtəlif innovativ ideyaların sınaqdan keçirilməsi, müsbət təcrübələrin tətbiqi məqsədilə “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi” keçirilib. Müsabiqəyə təqdim edilmiş 282 layihə ekspertlər tərəfindən qiymətləndirilib, nəticələrə əsasən, təhsil müəssisəsi kateqoriyası üzrə 38, müəllim kateqoriyası üzrə 84 olmaqla ümumilikdə 122 layihənin maliyyələşdirilməsi barədə qərar qəbul edilib.

 

- Elektron resurslara ümumilikdə 1 milyondan çox giriş olub.

 

2017-ci ildə 21 multimedia məzmunlu video-dərs və 29 qiymətləndirmə sistemli video-dərs hazırlanaraq www.video.edu.az  portalında yerləşdirilib. Məktəbəhazırlıq elektron platformasının hazırlanması üzrə fəaliyyət tam yekunlaşıb və www.bilikleradası.edu.az  portalında yerləşdirilib. www.e-resurs.edu.az  (81.855 dəfə giriş olub) www.e-derslik.edu.az  (993.770 dəfə giriş olub), www.e-test.edu.az  (148.144 dəfə giriş olub) portallarında mütəmadi olaraq yeni tədris resursları yerləşdirilir və portalların fasiləsiz işləməsini təmin etmək, lazımi yardımları göstərmək məqsədi ilə texniki dəstək göstərilir. Şagird və müəllimlərin bir portal vasitəsilə çıxışının təmin olunması məqsədi ilə www.portal.edu.az  və www.video.edu.az  portallarının www.e-resurs.edu.az  portalına birləşdirilməsi istiqamətində işlərə başlanılıb.

 

- Elektron sistem vasitəsilə 50 minədək uşaq ümumtəhsil məktəblərinə qəbul olunub.

 

2017-2018-ci dərs ilində Bakı şəhəri üzrə ümumtəhsil məktəblərinin birinci sinfinə elektron sistem vasitəsilə 50 minədək uşaq qəbul olunub.

 

- Pilot layihələr uğurla davam etdirilib.

 

“Sağlam təhsil - sağlam millət” layihəsində şagird sayı 50 faiz artırılaraq, 3748-ə çatdırılıb. “Məktəblinin dostu” pilot layihəsi 31 məktəbdə davam etdirilib.

 

- Ümumtəhsil məktəblərinin təmayüllü siniflərinə 27005 nəfər şagird qəbul edilib.

 

2017-2018-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 X sinfinə 27005 nəfər  şagird cəlb olunub. Təmayüllər dörd iqtiqamət üzrə (texniki, riyaziyyat-iqtisadiyyat, humanitar və təbiət) təşkil olunub. Hər bir təmayül üzrə tədris planı və proqramları hazırlanıb təsdiq edilib. 

 

- Məktəbəhazırlıq qruplarının 4123 nəfər müəllimi təlimlərdən keçirilib.

 

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” mövzusunda təlimlərə 2017-ci ildə 4123 nəfər müəllim cəlb edilib ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur.

 

Bununla yanaşı, müxtəlif ali və əlavə təhsil müəssisələri, həmçinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilmiş ixtisasartırma təlimlərində iştirak etmiş 11.000 nəfərə yaxın müəllimin yekun qiymətləndirməsi təşkil edilib, onlara müvafiq  sertifikatlar verilib.

 

- 198 nəfər müsabiqə yolu ilə direktor vəzifəsinə işə qəbul edilib.

 

Ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə səriştəli və peşəkar şəxslərin seçilib yerləşdirilməsi məqsədi ilə 3 mərhələli (elektron ərizələrin qəbulu, imtahan və müsahibə) müsabiqə təşkil olunub və 198 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

 

- “İnklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilib.

 

Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təhsilin bütün pillələri üzrə digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onların təhsili üçün maneəsiz mühit yaratmaq məqsədi ilə hazırlanmış “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” ölkə başçısının 2017-ci il 14 dekabr tarixli sərəncamı ilə təsdiq edilib.

 

- Çin Xalq Respublikası ilə imzalanmış Saziş çərçivəsində məktəblərə müasir tipli elektron avadanlıqlar verilib.

 

Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında imzalanmış Texniki-İqtisadi Əməkdaşlıq Saziş çərçivəsində cari ildə ümumtəhsil məktəblərinə 20880 ədəd noutbuk, 789 ədəd elektron lövhə, 789 ədəd proyektor və 20 ədəd masaüstü kompüter avadanlığı verilib.

 

- Məktəbdənkənar təhsil müəssisələrində 3616 nəfər heyətin qiymətləndirilməsi keçirilib.

 

Regionlardakı məktəbdənkənar təhsil müəssisələrinin 3616 nəfər dərnək rəhbəri və məşqçi-müəlliminin bilik və bacarıqlarının qiymətləndirilməsi keçirilib.

 

- “IV İslam Həmrəyliyi Oyunları” və “Formula 1” yarışlarında 15000-dək könüllü iştirak edib.

 

“Bir” Tələbə-Könüllü hərəkatı vasitəsilə IV İslam Həmrəyliyi Oyunlarına 11 mindən çox, “Formula 1” Azərbaycan Qran Prisinə isə 3500-ə yaxın tələbə-könüllü cəlb edilib.

 

- IV İslam Həmrəyliyi Oyunlarında uşaq-gənclər idman məktəblərinin idmançıları uğurla çıxış edib.

 

IV İslam Həmrəyliyi Oyunlarında Təhsil Nazirliyi sistemindəki uşaq-gənclər idman məktəblərinin 18 nəfər idmançısı iştirak edib, onlardan 4-ü qızıl, 4-ü bürünc medal qazanmış, 6 nəfəri isə oyunların mükafatçısı olub.

 

- Modul tipli məktəblərin inşası geniş vüsət alıb.

2017-ci ildə ölkənin 40 rayonunda təqribən 5000 nəfər şagirdi əhatə edən 100 modul tipli məktəb inşa edilib. Modul tipli məktəblər az məsrəflə başa gəlir və qısa müddət ərzində istənilən ərazidə quraşdırılır.

 

* * *

Peşə təhsili

 

- İlk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfərə çatdırılıb.

 

2017-2018-ci dərs ilində ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı 20950 nəfər təşkil edib və yerinə yetirilib. Bu, 2016-2017-ci dərs ili ilə müqayisədə 2130 nəfər çoxdur. Bu dərs ilində ölkədə fəaliyyət göstərən ilk peşə-ixtisas təhsili müəssisələrinə 11600 nəfər dövlət hesabına, 9350 nəfər ödənişli əsaslarla qəbul olunub.

 

-  “ASAN Peşə” layihəsi üzrə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub.

 

“ASAN Peşə” layihəsi üzrə elektron sənəd qəbulu vasitəsilə 11684 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunub. Qəbul edilənlərin 20 faizinin orta attestat balı “4”-dən yuxarı olub. Ümumilikdə, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı ötən illə müqayisədə 3 dəfə artıb.

 

- “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına başlanılıb

 

Strateji Yol Xəritəsinin icrasının təşkili məqsədi ilə Fəaliyyət Planı təsdiq edilib, 6 prioritet istiqamət əhatə olunmaqla icraçı qurumların nümayəndələrindən ibarət 5 işçi qrupu yaradılıb. “Peşə təhsili müəssisələri üzrə əsas fəaliyyət göstəriciləri” (7 sahə üzrə 51 göstərici) təsdiq edilib. İqtisadiyyatın prioritet istiqamətləri üzrə 10 pilot peşə təhsili müəssisəsi seçilib. 1500-ə yaxın müəllim-pedoqoji heyətin diaqnostik qiymətləndirməsi keçirilib.

 

- İlk peşə-ixtisas təhsili müəssisələrinin normativ-hüquqi bazası təkmilləşdirilib.

 

İlk dəfə olaraq “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb və Milli Məclisin Elm və Təhsil Komitəsində müzakirə edilib. “Peşə təhsili müəssisələrində yaşlıların təhsili və ixtisasartırma kurslarının təşkili Qaydaları”nın layihəsi hazırlanıb. “Dövlət və bələdiyyə tərəfindən yaradılan ilk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”nin layihəsi hazırlanıb.

 

- Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq genişlənib.

 

“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin və Avropa İttifaqının 4 qrant layihəsinin icrasına başlanılıb. Peşə Təhsili üzrə Dövlət Agentliyi və  Peşə Təhsili və Təlimi üzrə Koreya Tədqiqat İnstitutu (KRİVET) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Çin Xalq Respublikasından ölkəmizə 70 adda 168 ədəd müxtəlif təyinatlı simulyatorlar, təlim və tədris vəsaitləri gətirilib.

 

* * *

 

Ali təhsil

 

- 2017-ci ildə Azərbaycan-Fransız Universitetinin (UFAZ) yeni tədris binası istifadəyə verilib.

 

Azərbaycan-Fransız Universiteti (UFAZ) 2014-cü ildə Azərbaycan və Fransa Prezidentlərinin təşəbbüsü ilə yaradılan və uğurla davam edən layihədir. 2016-cı ilin sentyabr ayından etibarən fəaliyyət göstərən UFAZ-da 4 ixtisas üzrə (Kimya mühəndisliyi, Kompüter mühəndisliyi, Geofizika mühəndisliyi və Neft-qaz mühəndisliyi) tələbə qəbulu həyata keçirilir. Tədris ingilis dilində olan bu universitetin məzunları ikili diplom alacaqlar.

 

- Cari ildə ali məktəblərə 37 mindən çox abituriyent qəbul olunub.

 

Cari ildə ali məktəblərə 37 mindən çox abituriyent qəbul olunub ki, bu da ötən illə müqayisədə 12 faiz çoxdur. Qəbul olan abituriyentlərin 90 faizə yaxını dövlət ali təhsil müəssisələrinin payına düşür.

 

- Ali məktəbə qəbulda yüksək bal toplayanların çəkisi artıb.

 

Cari ildə ali məktəblərə qəbul imtahanlarında 200-dən yuxarı bal toplayanların sayı 2014-cü ildəki 34 faizdən 50 faizə yüksəlib. Son 4 ildə 300 baldan çox toplayanların sayı 15.8, 400 baldan çox toplayanların sayı 18.8 , 500 baldan çox toplayanların sayı 27.6, 600 baldan çox toplayanların sayı 43.3 faiz artıb. Cari ildə 15 nəfər maksimum nəticə göstərərək 700 bal toplayıb.

 

-  “Maarifçi” Tələbə Kredit Fondu 118 tələbəyə təhsil krediti verib.

 

“Maarifçi” Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan 118 tələbəyə təhsil krediti verib. Cari tədris ilindən aztəminatlı ailələrdən olan tələbələrə təhsil kreditlərinin faizsiz təqdim olunması nəzərdə tutulub.

 

- 225 nəfər azərbaycanlı tələbə xaricdə təhsil almaq hüququ qazanıb.

 

Hökumətlərarası müqavilələrə əsasən, tələbələrdən 22 nəfər Çin Xalq Respublikasında, 198 nəfər Macarıstanda, 5 nəfər Rumıniyada təhsil almaq hüququ qazanıb.

 

- Ölkəmizdə 75 xarici ölkədən 5541 nəfər tələbə təhsil alır.

 

2017-2018-ci tədris ilində Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı 75 ölkədən olmaqla 5541 nəfər təşkil edir. Bu isə ötən illə müqayisədə 10 faiz artım deməkdir.

 

- Böyük Britaniya agentliyinin reytinqində Azərbaycanın 6 ali təhsil müəssisəsi 300 ən yaxşı ali məktəb sırasına daxil olub.

 

Böyük Britaniyanın “Quacquarelli Symonds” (QS) agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinqi açıqlanıb. Dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı reytinq cədvəlinə Azərbaycanın 6 universiteti daxil olub: (Bakı Dövlət Universiteti (95), Xəzər Universiteti (100), Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250).

 

-  “Web of Science”da  çap olunmuş məqalələrin sayı 60 faiz artaraq 422-yə çatıb.

 

Təhsil Nazirliyinin “Clarivate analytics” şirkəti ilə səmərəli əməkdaşlığı ölkəmizin ali təhsil müəssisələrində çalışan alimlərin nəşr aktivliyinə müsbət təsir edib. Şirkətin resurslarından aktiv istifadəni təmin etmək üçün Bakı, Gəncə və Naxçıvan şəhərlərində 2000 nəfərin iştirakı ilə 42 təlim keçirilib. Təlimlər zamanı universitetlərin professor-müəllim heyəti “Web of Science” və onunla əlaqəli resurslarla işləmək bacarığı əldə ediblər.

 

Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində “Web of Science” Sertifikasiya Proqramı həyata keçirilib və 65-ə yaxın proqram iştirakçısı öz universitetlərində elmi bazadan istifadə ilə bağlı təlim keçmək və kiçik konsultasiyalar etmək hüququ qazanıb.

 

Son dövrlərdə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin 2016-cı ildə “Web of Science” indeksli məqalələri 2015-ci illə müqayisədə 60 faiz artaraq 422-ə çatıb.

 

- SABAH qruplarına 851 nəfər tələbə qəbul olunub.

 

2017-2018-ci dərs ilində 12 ali təhsil müəssisəsində 32 ixtisas üzrə 851 tələbə müsabiqədən keçərək SABAH qruplarına qəbul olub.

 

2017-ci ildə SABAH qruplarının 722 nəfər məzunundan 219-u magistraturaya qəbul olub, 115 nəfər isə təhsilini xarici ölkələrin ali təhsil müəssisələrində davam etdirmək üçün digər ölkələrə gedib.

 

- Transfer.edu.az portalı vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb.

 

Tələbələrin köçürülməsi elektron sistem əsasında həyata keçirilib, transfer.edu.az portalı vasitəsi ilə 1191 nəfər tələbə köçürülüb.

 

- Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədar magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb.

 

Hərbi xidmətdən möhlət hüququ verilməsi ilə əlaqədər ötən illə müqayisədə magistraturaya qəbul olan oğlanların sayı 74 faiz artıb. Cari ildə magistratura pilləsinə qəbul olanların 3590 nəfərini (56.4 faiz) qızlar, 2771 nəfərini (43.6 faiz) isə oğlanlar təşkil edib. Ümumilikdə magistraturaya qəbul imtahanlarında bakalavrların ümumi nəticələri ötən tədris ilinə nisbətən 36,3 faiz yüksəlib.

 

- 3017 nostrifikasiya sənədinin icrası başa çatdırılıb.

 

Nostrifikasiya sahəsində ali təhsil sənədlərinin tanınması və ekvivalentliyinin müəyyən olunması (nostrifikasiya) məqsədi ilə cari ildə 2574 müraciət icraata qəbul edilib. Əvvəlki illərdən icrası başa çatdırılmamış ali təhsil sənədləri də daxil olmaqla ümumilikdə 3017 sənədin icrası başa çatdırılıb.