Direktorların işə qəbulu üzrə test imtahanı mərhələsi başlayır
Cari ilin 6-7 mart tarixlərində respublika üzrə Bakı şəhəri daxil olmaqla 12 bölgədə yerləşən 25 imtahan mərkəzində direktorların işə qəbulu üzrə test imtahanları keçiriləcək. Bu mərhələdə elektron ərizəsi qəbul edilmiş 3300-dən çox namizədin iştirakı nəzərdə tutulub. İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim olunacaq. Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək. Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 623 vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər. Namizədlər aşağıdakı linklərə daxil olaraq test imtahanı proqramı və izahlı test tapşırığı nümunələri ilə tanış ola bilərlər: https://edu.gov.az/upload/file/xeber/2020/10/test_imtahan_proqrami.pdf https://edu.gov.az/uploads/news/02/test-numuneleri.pdf
23/02/2021 15:36
Məktəblərdə “COVİD-19”-la bağlı vəziyyətə dair məlumat
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə” qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 1-21 fevral tarixlərində ölkə ərazisində 4427 məktəb, 71 764 sinifdə qismən ənənəvi tədris təşkil edilib. Əyani tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 000, işçi sayı isə 120 000 nəfərdir. Bu dövr ərzində əyani dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub. 1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225 (əyani tədrisə cəlb olunmuş şagirdlərin 0,03 faizi), virusa yoluxmuş işçi heyətinin sayı 159 nəfər (ümumi işçi sayının 0,13 faizi) təşkil edib. Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.
23/02/2021 15:17
Növbəti onlayn sınaq imtahanı keçiriləcək
Fevralın 25-də direktor vəzifəsinə işə qəbul üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək. İmtahanda fevral ayının 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər. Qeyd edək ki, əvvəlki sınaq imtahanında 1955 namizəd iştirak edib. Həmin namizədlər şəxsi səhifələrindən “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq “İmtahanlar” bölməsindən doğru və səhv cavablandırdığı suallarla tanış ola bilərlər.
23/02/2021 14:30
Peşə təhsili üzrə teledərslərin 23 fevral cədvəli
Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "ARB Günəş" telekanalında yayımlanan peşə teledərslərinin 23 fevral tarixi üçün cədvəlini təqdim edirik. Dərslər saat 18:10-da yayımlanacaq. Qeyd edək ki, teledərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi "Youtube" (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, "Facebook" (https://bit.ly/34erIjf) səhifəsindən və Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləmək mümkündür.
23/02/2021 12:46
“Qarabağ abidələri” adlı respublika onlayn rəsm və əl işləri müsabiqəsinə start verilib
Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsinə start verilib. 22 fevral - 22 aprel tarixlərində onlayn platformada təşkil olunan müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir. Müsabiqə 3 yaş qrupu (8-10, 11-14,15-17), “Rəsm” və “Əl işləri (maketlər)” nominasiyaları üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqəyə rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlər də dəvət olunur. Müsabiqə 3 mərhələdə keçilir: I mərhələ - 22 fevral - 31 mart 2021-ci il. Bu mərhələdə təhsil müəssisələrinin təşkilat komitələri tərəfindən hər yaş qurupu üzrə seçilmiş iştirakçıların, eləcə də müsabiqəyə qatılan müəllimlərin rəsm və əl işlərinin fotosu qarabagh.abideleri2021@gmail.com elektron ünvanına göndərilməlidir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, 1 iştirakçı 1 nominasiya üzrə iştirak edə bilər. II mərhələ - 1 - 10 aprel 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qaliblər müəyyənləşdirilir. III mərhələ - 22 aprel 2021-ci il. Yekun mərhələdə hər yaş qrupu üzrə bir iştirakçı və bir müəllim Qran-pri mükafatı ilə, qaliblər diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq. Müsabiqə ilə bağlı sual yarandığı halda +994124215466 və +994124214191 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
23/02/2021 11:50
Koreya Respublikasında növbəti tədris ili üzrə təqaüd proqramı
Koreya Respublikası tərəfindən 2021-2022-ci tədris ili üzrə “Qlobal Koreya” təqaüd proqramı elan edilib. Bakalavriat, magistratura və doktorantura, eyni zamanda tədqiqat üzrə elan olunan proqrama 40 yaşa qədər Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqramda iştirak etmək istəyənlər cari ilin martın 5-dək Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarla elan vasitəsilə tanış ola bilərsiniz.
23/02/2021 10:06
Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam edir
Təhsil naziri Emin Əmrullayevin Türkiyə Respublikasına səfəri davam etməkdədir. Səfər çərçivəsində fevralın 22-də təhsil naziri Ankara şəhərində yerləşən ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.Daha sonra Təhsil Nazirliyinin nümayəndə heyəti Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına məktəbi ziyarət edib, müəssisədə yaradılan şəraitlə tanış olub. Günün ikinci yarısında təhsil naziri Emin Əmrullayev və Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuk arasında görüş keçirilib. Görüş zamanı ümumi və peşə təhsili sahəsində qarşılıqlı əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub. Tərəflər arasında imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un əhəmiyyəti xüsusi şəkildə vurğulanıb. Görüşün sonunda hər iki nazir mətbuat üçün açıqlamalar verib. Fevralın 22-də nümayəndə heyəti həmçinin Ankara Universitetində olub. Ankara Universitetinin rektoru Necdet Ünüvar ilə görüş zamanı təhsil naziri Emin Əmrullayev pandemiya dövründə Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Texnologiya Universitetinin tələbələri üçün Ankara Universiteti tərəfindən bir sıra ixtisaslar üzrə məsafədən təhsilin təşkilinə görə rektor Necdet Ünüvara təşəkkürünü bildirib. Nümayəndə heyəti universitetdə Xocalı soyqırımının növbəti ildönümünə həsr olunmuş tədbirdə də iştirak edib. Tədbir zamanı təhsil naziri Emin Əmrullayev, Ankara Universitetinin rektoru Necdet Ünüvar, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Xəzər İbrahim çıxış ediblər. Tədbirdə həmçinin Ankara Universitetinin professoru, hüquq üzrə elmlər doktoru Cavid Abdullazadə “Xocalıya akademik baxış” mövzusunda təqdimatla çıxış edib. Günün sonunda Təhsil Nazirliyinin nümayəndə heyəti Milli Təhsil Nazirliyinə bağlı Ölçmə və Dəyərləndirmə Mərkəzini ziyarət edib və pandemiya dövründə təhsilin təşkilinə dair Türkiyə təcrübəsi ilə yerində tanış olmaq imkanını qazanıb.
22/02/2021 19:17
Media nümayəndələri üçün onlayn təlim
Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə təhsildən yazan jurnalistlər üçün onlayn silsilə təlimlərə start verilir. “2007-2015-ci il Dövlət Proqramı” məzunlarının iştirakı ilə 24 fevral 2021-ci il tarixində media üçün onlayn təlim keçiriləcək. Təlim "Sosial media marketinqi nədir?”, “SMM kanalları və onların özəllikləri”, “PR və təhsil sahəsində SMM-in rolu” mövzularını əhatə edir. Təlim saat 11:00-dan 13:00-dək nəzərdə tutulur. İştirak üçün qeydiyyatdan keçmək mütləqdir. Qeydiyyat üçün son tarix 23 fevral saat 20:00-dır. Qeydiyyat üçün link: https://form.jotform.com/210242852278454
22/02/2021 17:27
Professor Pasi Sahlberg “Yeni çağırışlar”da öz təcrübələrini bölüşüb
“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı dünyaca məşhur finlandiyalı professor, təhsil tədqiqatçısı Pasi Sahlberg olub. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqramın 20 fevral 2021-ci ildə yayımlanan bölümündə Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəbləri müzakirə edilib. Proqramın aparıcısı, “T-Network”-un koordinatoru Cəfər Mənsimi əvvəlcə Şuşa Realnı məktəbi haqqında qısa məlumat verib. Cəfər Mənsimi Pasi Sahlbergin təcrübələrinin ölkə başçısı İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sərəncamında qeyd edilən “XXI əsrin tələblərinə uyğun təhsil”i təkmilləşdirmək məqsədinə xüsusi töhfə verəcəyinə inandığını qeyd edib. Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Pasi Sahlberg belə cavablandırıb: “Müəllim xidmət göstərən peşə sahibi yox, bir söz sahibi olaraq tanınmalıdır. Bunun üçün ulduzun birinci guşəsi müəllimlərin təşkilatlanmasından, bir agentlik formalaşdırmasından ibarət ola bilər. İkinci guşə şagirdlərin tədrisdə aktiv iştirakının təmin edilməsi, onların maraqlarının nəzərə alınması və onlara fərdi yanaşmadan ibarətdir. Nəzərə alınmalıdır ki, şagirdlərin maraq dairəsi fənlərdən daha genişdir. Növbəti guşədə şagird və müəllimlərin firəvanlığı, əhval-ruhiyyəsi nəzərə alınmalıdır. Peşəkarlığın daim inkişafı, müəllimin həmişə şagird olaraq qalması digər guşəni formalaşdırır. Digər önəmli guşə məktəb daxilində əməkdaşlığın daha da inkişaf etdirilməsidir. Öyrənənlər tədris prosesindən zövq almalıdırlar. Bunun üçün tədrisdə oyunlara xüsusi diqqət ayrılmalıdır. Çünki yeni əsrin bacarıqları yaradıcılıq, problemləri həll etmə bacarığı, təndiqidi düşüncə, müzakirə aparmaq, kollektivçilikdir. Bütün bu bacarıqlar oyunlar vasitəsi ilə aşılanır. Bu məqamı nəzərə alsaq 6-cı guşə yaranır. 7-ci guşə sualdır. Nəyə doğru can atırıq? Hədəfimiz nədir? Hədəf daim gözümüzün qarşısında olmalıdır. 8-ci, yəni sonuncu guşə olsa da digərləri qədər əhəmiyyətli olan məsələ şagirdlərin niyə oxuduğunu başa düşməsi və onlarda öyrənmə həvəsinin artırılmasıdır. Tədris prosesi elə qurulmalıdır ki, öyrənən həm öz daxili aləmini, həm də ətrafındakı dünyanı kəşf etməyə davam etsin”. Pasi Sahlberg qeyd edib ki, özü bir məktəb qurarsa, o məktəbin digərlərindən fərqi təhsil prosesində kollektivçiliyə xüsusi önəm verilməsi, məktəbin əməkdaşlıq ruhu ilə seçilməsi, məktəbin fəaliyyətində və idarə olunmasında şagirdlərin cəlb edilməsi, tədris zamanı real problemlərin araşdırılması və həlli yollarının tapılması olacaq. Dünyanın nüfuzlu universitetlərindən çıxış etmək üçün dəvət alan professor Finlandiya təhsili ilə bağlı miflərdən də danışıb və qeyd edib ki, dünyada ən yaxşı təhsil sisteminin Finlandiya olduğunu deyirlər: "Bunun meyarlarını müəyyənləşdirmək çətindir. Ümumiyyətlə, finlilərdən soruşsanız, onlar öz ölkələrinin ən yaxşı təhsil sisteminə malik olduğunu iddia etməyəcəklər. Finlandiyanın təhsil nəticələrini ölkədə havanın çox soyuq olması, bu soyuqda əsas məşğuliyyətin yalnız təhsildən ibarət olması, eləcə də balaca ölkə olması, burada mədəniyyət müxtəlifliyinin olmaması ilə əlaqələndirənlər də yanılırlar. Çünki təhsil nəticələrinin ölkənin miqyası, coğrafi yerləşməsi, mədəni müxtəlifliyi ilə əlaqəsi yoxdur. Axı biz deyə bilmərik ki, miqyası və iqlimi Finlandiya ilə eyni olan ölkələrin təhsil nəticələri də eynidir. Digər bir mif Finlandiyada ev tapşırıqların olmamasıdır. Təbii ki, Finlandiyada da ev tapşırları var. Sadəcə onların təyinatı fərqlidir”. Professor verilən suallara cavab olaraq Finlandiyanın beynəlxalq qiymətləndirmə proqramlarındakı geriləməsinin səbəblərini də açıqlayıb. Bildirib ki, təhsil sistemləri tənəzzül yaşayır, ümumi bir geriləmə var. Finlandiyanın beynəlxalq qiymətləndirmə proqramlarında geriləməsinin səbəbləri ilə bağlı 3 təxmin etmək olar. Şagirdlərin məktəbdəki vaxtı və asudə vaxtları arasındakı fərq, onların getdikcə daha az oxuması və texnologiya etibar etmələri, şagirdlərin yuxuya daha az vaxt ayırması. Finlandiyada müəllim seçimi meyarlarından da danışan Pasi Sahlberg ömür boyu şagird qalacaq tədqiqatçı ruhlu müəllimlərin seçilməyə çalışıldığını xüsusi vurğulayaraq qeyd edib ki, müəllim olmaq istəyən şəxslər ciddi seçimdən keçir. Onlarda ixtisas fənni ilə yanaşı çərçivədən kənar düşünmə, tənqidi düşüncə, tədqiqat və komanda ilə işləmək bacarıqları axtarılır, hümanist və mənəvi-əxlaqi şəxsi keyfiyyətləri xüsusi ilə dəyərləndirilir. Namizədlər nə üçün müəllim olmaq istədiklərini aydın və inandırıcı şəkildə əsaslandırmalıdırlar. Təhsil Nazirliyinin “Facebook” səhifəsi üzərindən canlı yayımlanan proqramda izləyicilərin də sualları cavablandırılıb.
22/02/2021 16:26
Onlayn müsahibələr yekunlaşıb
Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb. Onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək. Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.
22/02/2021 14:23
Filter
Elanlar
-
Taylandda magistratura səviyyəsi üzrə təqaüd proqramı -2021/2022
17.02.2021 - 11:34 -
Qazaxıstanda təhsil - 2021-2022-ci tədris ili
16.02.2021 - 15:08 -
Macarıstanın Kənd Təsərrüfatı Nazirliyinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə 2021-2022-ci tədris ili üçün təqaüd proqramı
12.02.2021 - 17:27 -
Tender elanı
11.02.2021 - 11:40 -
Tender elanı
09.02.2021 - 15:17
“Dərs vaxtı”: VII sinif dərsləri - Rus bölməsi (25.02.2021) #TəhsilNazirliyi #EduAz #ÜmumiTəhsil #DərsVaxtı
Ətraflı“Dərs vaxtı”: Fubol məşğələsi (25.02.2021) #TəhsilNazirliyi #EduAz #ÜmumiTəhsil #DərsVaxtı
Ətraflı“Dərs vaxtı”: Elmin möcüzələri (25.02.2021) #TəhsilNazirliyi #EduAz #ÜmumiTəhsil #DərsVaxtı
Ətraflı