• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Bugünkü təhsil XXI əsrin bacarıqlarına yönəlməlidir”

“Yeni çağırışlar”da növbəti qonaq Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti Səlçuq Pəhlivanoğlu olub

 

“Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti qonağı Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti Səlçuq Pəhlivanoğlu gördüyü işlərdən gəldiyi nəticələri və 35 illik idarəçilik təcrübəsini bölüşüb. Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar” proqramın 17 mart 2021-ci il tarixində yayımlanan bölümündə Türkiyyənin təhsil təcrübəsi, təhsildə dəyişiklik və liderlik, gələcəyin məktəb modelləri, davamlı öyrənmə və XXI əsrdə tələb edilən yeni bacarıqlar haqqında danışılıb.

 

Təhsilə inşaatçı gözü ilə baxsaq...

 

Görüşün aparıcısı, “T-network”-un koordinatoru Cəfər Mənsimi qonağı salamlayaraq onu izləyicilərə yaxından təqdim edib. C. Mənsimi bildirib ki, Səlçuq Pəhlivanoğlu Türkiyə Təhsil Dərnəyinin (TED) prezidenti, həmçinin Türkiyə Prezident Administrasiyasının Təhsil və Təlim şurasının üzvü, TED Ali Təhsil Fondunun qurucusu, TED Universitetinin İdarə heyətinin və Qəyyumlar Şurasının sədridir. 

 

Qeyd olunub ki, Türkiyə Təhsil Dərnəyi (TED) Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün təşəbbüsü ilə 1928-ci ildə qurulub. Hazırda TED 41 məktəbi və eyniadlı universiteti, Ali Təhsil Fondu, “tedmem” düşüncə qurumu, eləcə də simfonik orkestri və digər qurumları ilə fəaliyyət göstərir.

 

Qonaq öz növbəsində dəvət üçün təşəkkürünü bildirib və torpaqlarını işğaldan azad etməsi münasibətilə Azərbaycan xalqını təbrik edib.

 

Aparıcının “Siz təhsilə inkişaat mühəndisliyindən gəlmisiniz. Təhsilə inşaatçı gözü ilə baxsaq, qlobal çağırışlar fonunda neçə mərtəbəli binaya ehtiyac var və binanın ən çox harasında təmirə ehtiyac hiss edilir”  sualına cavab olaraq Pəhləvanoğlu söyləyib ki, binanın neçə mərtəbəli olacağını heç kim bilmir, çünki gələcəyin peşələrinin nə olacağı ilə bağlı müzakirələr və mübahisələr davam edir.  Bir önəmli məsələ odur ki, binanın təməlini möhkəm, sağlam tiksək, şagird və tələbələrin bacarıqlarını artırsaq binanın mərtəbələri də yüksələr.

 

XXI əsrin tələbləri

 

S.Pəhlivanoğlu qeyd edib ki, XXI yüzillikdə ən çətin məsələ təhsil işçilərinin üzərinə düşür, çünki gələcək tam məlum deyil. Əslində gələcək üçün necə bir  şagird yetişdirəcəyimizi də tam bilmirik amma bir məsələ dəqiqdir ki, təhsil binasının qlobal çağırışlara cavab verməsi üçün birinci binanın planını çəkmək, zəlzələyə qarşı dayanıqlılığına diqqət yetirmək lazımdır.

 

XXI əsrin doğru təhsili nədir sualını S. Pəhlivanoğlu belə cavablandırıb ki, 10, 20 il öncə akademik bacarıqlar, imtahan nailiyyətləri çox önəmli idi. Lakin sonra məlum oldu ki, imtahan nəticələrinin heç bir əhəmiyyəti yoxdur. Bir sıra tədqiqat zamanı imtahanlarda yüksək nəticə əldə etmiş tələbələrin sonradan yaşam səviyyəsini, xoşbəxtliyini nəzərdən keçirdikdə məlum olub ki, 100 tələbədən cəmi 28-i xoşbəxtdir. Yəni dünya bir məqamı başa düşdü ki, insani dəyərlər olmadan iqtisadi nailiyyətlərin heç bir önəmi yoxdur. Bunun üçün XXI əsrdə yetişən nəsil tənqidi və yaradıcı düşünmə, liderlik bacarığı, həmçinin xarici dil bilmə (xüsusi ilə ingilis dili) kimi xüsusiyyətlərə sahib olmalıdır.

 

TED-in prezidenti həmçinin qeyd edib ki, XXI əsrin tələbləri uşaqları sıxmaq deyil, onlara sərbəst seçim vermək, təhsilə maraq oyatmaq, tənqidi düşüncəyə və tədqiqatçılığa cəlb etməkdir: “Məsələn, biz sinif müəllimliyi peşəsini belə ingilis dilində tədris edirik. Bu onlara dil öyrətmək üçün deyil, onların yaxşı müəllim, təhsil verən insan, tədqiqatçı olmaları üçün edilir. İndiki zamanda bu baxımdan ingilis dilini bilmək çox vacibdir”.

 

Təhsildə rəqabət şərtləri dəyişir

 

TED-in Türkiyədə rəqabət şərtlərini dəyişdiyini qeyd edən Pəhlivanoğlu bununla bağlı fikirlərini belə əsaslandırıb: “TED-də təhsilin, imtahanın məqsədi fərqlidir. Bizim imtahanlar biliyin qiymətləndirilməsini deyil, yetkinliyi, şəriştəni ölçmək məqsədi daşıyır. Çünki təhsil imtahan etmək üçün verilməməlidir, xoşbəxt insan yetişdirmək üçün verilməlidir. Türkiyədəki məktəblər TED-in qoyduğu rəqabət şərtlərinə görə dəyişməli olur. Onlar müəllimlərinə daha artıq maaş vermək, daha yaxşı müəllim və müdir seçmək, müəllimlərinin təhsil səviyyəsini qaldırmaq məcburiyyətində qalırlar.TED 93 illik təcrübəyə malik olaraq siyasətin, təhsil idarəçilərinin təhsilə baxış nöqtəsini də dəyişir, siyasi partiyalar arasında təhsillə bağlı rəqabətin yaranmasına səbəb olur. Beləliklə, məktəblər arasında daha yüksək təhsil vermək üçün rəqabət güclənir.

 

Yetkinlik və bilgi imtahanı arasında fərqi Pəhlivanoğlu belə izah edib: “Bilgini ölçən imtahanlar əzbərçiliyə söykənir, yetkinliyi, yəni, səriştəni ölçmək məqsədi ilə keçirilən imtahanlar isə mühakiməni, yaradıcılığı dəyərləndirir. PISA kimi qiymətləndirmə proqramları da səriştəni, təməl bacarıqları ölçür. Bizim məqsədimiz uşaqları imtahana hazırlamaq yox, həyata hazırlamaq olmalıdır”.

 

Həyati bacarıqlar

 

S.Pəhlivanoğlunun liseydən qovulması və bunu necə izah etməsi sualına verdiyi cavab da diqqətçəkicidir: “Mən həyatımı 3 hissəyə ayırıram: lisey həyatımın sonunadək olan hissə, teatrda oynama, millət vəkili oğlu olub küçədə noxud sataraq, televiziyada səsləndirmə edərək pul qazandığım hissə və bugünkü vəziyyətim. Mən TED Ankara Kollecindən iki dəfə qovulma həddinə gəldim, lakin müəllimlərim məni əfv etdilər. Biz qardaşımla hər ikimiz TED Kollecini üçüncülüklə bitirdik. Amma qardaşım başdan, mən sondan üçüncü idim. O tibb professoru, mən inşaat mühəndisi oldum.  Yəni həyati bacarıqlar çox önəmlidir. Yaşamaq kriteriyası təkcə dərslərdə bacarıqlı olmaq deyil, həyatda sizi xoşbəxt edə biləcək təcrübəyə sahib olmaqdır. Təhsil insana həyatdan zövq almaq və axtarışlarına cavab tapmaq məqsədi daşımalıdır”.

 

Müəllim akademik biliyə sahib olmalıdır

 

Aparıcı Atatürkün müəllim haqqında söylədiyi“Müəllim şam kimidir, əriyərkən ətrafı işıqlandırar” sözlərini yada salaraq, necə etmək lazımdır ki, müəllim bu müqəddəs missiyanın fərqində olsun sualını ünvanladıqda qonaq bildirib: “Tanrıdan sonra gələcəyi dəyişdirə biləcək yeganə məxluq müəllimdir. Müəllim tək bir qığılcımla gələcəyi işıqlandıra bilər. Bunun üçün müəllim yetərli dərəcədə akademik biliyə sahib olmalıdır, öyrətməməli- necə öyrənməyi izah etməlidir.  Müəllim ölkəsinin gələcəyinə xidmət etdiyini bilməli, başa düşməlidir ki, ölkəsinin gələcəyi ondan asılıdır. Bütün bu xüsusiyyətlər olmasa müəllim peşəsinə yiyələnmək mümkünsüzdür. Müəllim seçimində müsahibəyə diqqət yönəlməlidir, müəllimlə ətraflı söhbət aparılmalıdır. Məsələn, o qeyd edib ki TED təcrübəsində müəllimlərin bilik səviyyəsi yoxlanılır. Yoxlamadan uğurla keçən müəllimlər tədqiqat planları həyata keçirir, öz üzərlərində işləyirlər. Bütün bu sadalanan bacarıqlara sahib olmayan şəxslərə başqa peşələrdə özlərini sınamaları məsləhət görülür”.

 

Milli təhsil proqramı

 

Pəhlivanoğlu 2015-ci ildə TED-in təqdim etdiyi “Milli təhsil proqramı” haqqında da danışıb: Milli proqramda məktəb müdiri yox, təhsil lideri, il boyu açıq məktəblər, müstəqil monitorinq mərkəzləri kimi təkliflər yer alıb. Çünki məktəblərin yay tətilində tamamilə bağlanması düzgün deyil. Müəllimlər tətildə olmalıdır, lakin təhsili inkişaf etməkdə olan ölkələrdə bunu etmək cinayətdir. Yay tətillərində yoxsul uşaqlar üçün kurs təşkil etmək olar. Məktəb idarəçiliyi bir karyera, peşədir və həmin şəxs mütləq liderlik bacarığına malik olmalıdır.

 

Türkiyənin təhsil sahəsində hansı təcrübəsi Azərbaycana örnək ola bilər sualına Səlçuq Pəhlivanoğlu cavab verib ki “Milli təhsil proqramı”nın müəllimləri necə hazırlamaq, müdiri necə seçmək, imtahanları necə təşkil etmək, büdcəni necə yönəltmək və digər bunu kimi hədəfləri var. Dünyanın müxtəlif inkişaf etmiş ölkələrinin təhsilinin təcrübəsi öyrənilməli, amma ölkənin təhsil ehtiyaclarına uyğun bir milli proqram qəbul edilməlidir.

 

Türk təhsil tarixində “Kənd institutları” barədə məlumat verən TED-in prezidenti söyləyib ki, Atatürk top səsləri altında şura toplamış, millətin ayağa qalxması üçün təhsilin şərt olduğunu hər kəsə başa salmışdı və beləcə “Kənd institutları” yaradıldı. “Türkiyə təhsilinin inkişafında “Köy institutunun” ruhu və inancı yatar” deyən Pəhləvanoğlu  bu ruhu yaşatmağın zəruri olduğunu bildirib.

 

Məktəblər necə olmalı

 

Səlçuq Pəhlivanoğlu vurğulayıb ki, məktəbi səhər çıxıb, axşam geri dönəcəyimiz yerə deyil, inkişaf məkanına çevirməliyik. Bunun üçün məktəblər dərs əzbərləmə yeri yox, bacarıqların önə çıxmasına səbəb olan təhsil ocağına çevrilməlidir. Məktəblərdə idman, musiqi, incəsənət kimi fənləri riyaziyyat qədər dəstəkləməliyik. Mədəni intellektə malik tələbələr yetişdirməliyik.

 

Atatürkdən daha bir sitat gətirərək Pəhlivanoğlu qeyd edb ki, “Sağlam vücud olmayan yerdə sağlam gələcək olmaz. Sənəti və idmanı olmayan toplum qolları və ayaqları kəsik kimidir. Biz uşaqlara uğurlu yox, xoşbəxt olmaları üçün təhsil veririk. Çünki uğur imtahan nəticələri ilə ölçülür. Xoşbəxtlik isə insanın özünü tanıması, özü ilə barışıq olması ilə əlaqəlidir. Buna görə bizim təhsil prosesində incəsənət və sosial fəaliyyət də mərkəzdə yer alır”.

 

8 guşəli yeni çağırışlar

 

Proqramın ənənəvi “Təhsildə yeni çağırışları 8 guşəli ulduza bənzətsək, onun guşələri hansı çağırışlardan ibarət olar?" sualını Səlçuq Pəhlivanoğlu belə cavablandırıb: “Bugünkü təhsil XXI əsrin bacarıqlarına yönəlməlidir. Bunu nəzərə alsaq 1-ci guşə qlobal şüuru, 2-ci guşə yaradıcılığı, 3-cü tənqidi düşüncəni, 4-cü liderliyi təmsil etməlidir. 5-ci guşə isə sosial və mədəniyyətlərarası şəriştəni, 6-cı guşə öhdəlik götürməyi və təşəbbüskarlığı, 7-ci media savadlılığını, 8-ci guşə isə maliyyə və rəqəmsal savadlılığı əks etdirməlidir. Bu guşələri işıqlandırsanız günəşə ehtiyacınız olmayacaq. Ulduzlar özü ışıq saçacaq”.

 

TED-in prezidenti Səlçuq Pəhlivanoğlu sonda yaradılmış fürsətə görə görüşün təşkilatçılarına, eləcə də izləyicilərə təşəkkür edib.

 

"Azərbaycan müəllimi"


3 il əvvəl