• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beyin köçündən beyin qazancına

Ümid edirəm ki, ən qısa zamanda xaricdə yaşayan azərbaycanlı alim və tədqiqatçılar üçün bir ortaq platforma təsis olunacaq


Bugünkü qloballaşan dünyada miqrasiya, demək olar ki, bütün ölkələri əhatə edir. İqtisadçılar arasında təyinat ölkələri üçün miqrasiyanın faydaları barədə ümumi bir razılaşma mövcud olsa da, kasıb və ya inkişafda olan ölkələrdə mühacirət və inkişaf arasındakı əlaqə ilə bağlı fikir birliyi mövcud deyil. Həqiqətən də, inkişaf etməkdə olan bir sıra ölkələr çox sayda bacarıqlı və savadlı vətəndaşının xaricə köçməsindən getdikcə daha çox narahatdır. Ən yaxşıların və ən parlaqların - “beyin axını” deyilən bu köçü ölkələrin insan kapitalının ehtiyatlarını tükəndirdiyi və onların iqtisadi inkişaf perspektivlərinə zərər verdiyi hesab olunur.

 

Bu narahatlıq əsassız deyil. 1960-cı illərdən bəri dünyada az gəlirli ölkələrdən yüksək gəlirli ölkələrə miqrasiya səviyyəsi artmaqdadır. Tədqiqatlar göstərir ki, hər miqrant göndərən ölkə üçün ixtisaslı mühacirət nisbəti orta mühacirət nisbətindən xeyli yüksəkdir. Bu, o deməkdir ki, kasıb ölkələr son yarım əsrdə nəhəng ixtisaslı işçi axını yaşamışlar. Müşahidələr göstərir ki, bu fenomen, nisbətən az əhalisi olan inkişaf etməkdə olan ölkələr üçün xüsusilə özünü göstərir. Məsələn, Haiti kollec məzunlarının 85%, hindlilərin və ya çinlilərin isə 5%-i isə xaricdə işləyir və ya təhsil alır.

 

Mühacirətin nəticələrini qısa vədədə dəyərləndirsək, bu ssenari həqiqətən aşağı gəlirli ölkələr üçün çox təhlükəli görünür. Ancaq mühacirəti bu şəkildə anlamaq doğru deyil. Mühacirlərlə ölkələri arasındakı uzunmüddətli qarşılıqlı əlaqə, miqrant göndərən ölkələrin inkişafı üçün böyük potensiala malikdir. Bu, səbəbdən inkişaf etməkdə olan ölkələr ixtisaslı mühacirəti məhdudlaşdırmaq üçün səylərini dayandırmalı və mühacirətin təqdim etdiyi inkişaf potensialını və imkanları reallaşdırmağa çalışmalıdırlar.

 

Geri dönüş köçü

 

İnkişaf etməkdə olan ölkələrdə məmurlar və institutlar da mühacirləri öz doğma ölkələrinə daimi olaraq bağlamaq üçün əllərindən gələni etməlidirlər.  İnkişaf etmiş ölkələrə mühacirət edən, təhsil və təcrübə qazanan, sonra vətənə qayıdan gənclər, insan kapitalının ehtiyatını artırır və ölkələrində təşəbbüskarlığı təbliğ edirlər. Almaniyadan geri dönən türk miqrantlarla bağlı araşdırma göstərir ki, geri qayıdanların təxminən yarısı öz bizneslərini qurur və ölkə iqtisadiyyatına töhfələrini verirlər. Eynilə, inkişaf etmiş demokratik ölkələrdən qayıdanlar, yaxşı idarəetmə üçün tez-tez ehtiyac duyulan bir səs kimi çıxış edə bilirlər.

 

Geri dönüş köçünü təşviq etmək üçün ən uğurlu nümunələrdən biri kimi Çini göstərmək olar. Əsrin əvvəllərində Çin geri dönüş miqrasiyasında artım müşahidə edilən azsaylı ölkələrdəndir. Bu çinli siyasətçilərin və dövlət dəstəyinin sayəsində mümkün olur.  “Qloballaşma və Çinin Mərkəzi” təşkilatının qurucusu və prezidenti Huiyao Wangın dediyi kimi, “Mühacirləri geri qaytarmaq üçün hökumətin iqtisadi planı ilə üst-üstə düşən bir istedad planı olmalıdır”. Hökumət bu planın bir hissəsi olaraq istedad proqramları və geri dönən mütəxəssislər üçün startap parkları qurdu, bunların hamısı mühacirləri geri dönməyə və iqtisadi inkişafa töhfə verməyə yönəltdi. Çində geri dönüş miqrasiyası bir inkişaf səbəbindən daha çox bir nəticə olsa da, geri dönüş miqrasiyasının ölkənin inkişaf hədəfləri ilə necə uyğunlaşdırılacağına dair gözəl bir nümunədir.

 

Elmi diaspora

 

Mühacirət, inkişaf etmiş hər bir ölkənin inkişaf prosesinin ayrılmaz bir hissəsi olmuşdur. Bu ölkələrin bir çoxu, “beyin axını”nı müxtəlif siyasi və administrativ yollarla dayandırmaq cəhdlərinin uğursuzluqla nəticələndiyini görəndən sonra, onu ölkənin elm, təhsil və innovasiya sahələrinin inkişafına kömək edə biləcək bir potensial varlıq kimi qəbul etmək qənaətinə gəldilər. Xaricdə mövqe qazanmış alimlər və mühəndislər yüksək ixtisaslı və yüksək rəqabət qabiliyyətli bir insan qaynağıdır. Bundan əlavə, qəbul etmək lazımdır ki, onlar ölkənin onlara yarada biləcəyindən daha yaxşı şəraitdə işləyirlər. Ümumilikdə, elmi diasporalar, kəşflər etməyimizə, yaratmağımıza, yeniliklər etməyimizə və problemləri birlikdə həll etməyimizə imkan verəcək bir əməkdaşlıq arxitekturasıdır.

 

Albert Eynşteyndən tutmuş Sergey Brinə qədər Amerikanın elmi və texnoloji inkişafı öz-özlüyündə bir beyin köçü hekayəsidir. Statistikaya görə, ABŞ-da, universitet dərəcəsi olan və xaricdə doğulan işçilərin dörddə biri alim və ya mühəndis kimi fəaliyyət göstərir. “Kauffman”  təşkilatının  bir hesabatına görə, son 6 ildə ABŞ texnologiya startaplarının dörddə birini xarici ölkələrdə doğulmuş sahibkarlar təşkil edir. Yalnız Silikon Vadisindəki mühəndislik və texnologiya müəssisələrinin 44%-i ən azı bir immiqrant tərəfindən qurulub. 2010-cu ildən etibarən ABŞ-da işləyərkən Nobel mükafatını qazanan 314 laureatın üçdə biri xarici əsillidir. Amerika təcrübəsi göstərir ki, kollektiv beyin gücü, resurslar və şəbəkələri sayəsində elm adamlarının, mühəndislərin, novatorların, sahibkarlar və elmi mütəxəssisləri özundə birləşdirən diasporalar yenilik və iqtisadi artımın sürətləndirilməsində, mədəniyyətlərarası anlaşma və iş birliyinin inkişafında mühüm rol oynayır.

 

Son illər ABŞ-da ən aktiv elmi diaspora qruplarından biri də Türk Amerikan Alimlər Dərnəyidir (TASSA). TASSA-nın missiyası, 3 min üzvü üçün elmi mübadilələr, təhsil proqramları və şəbəkə quraraq Türkiyə ilə ABŞ arasındakı təhsil, elm və texnologiya sahəsindəki əməkdaşlığı təşviq etməkdir. 2004-cü ildə qurulduğu gündən bəri TASSA, Türkiyə ilə ABŞ arasında canlı bir elmi körpü rolunu oynayır. Tufts Universitetinin neyro alimi Gizem Dönmez, TASSA və Türkiyənin elm maliyyələşdirmə agentliyi TÜBİTAK-ın maliyyəsi sayəsində Türkiyədəki həmkarları ilə işbirliyini genişləndirə, bacarıqlı tələbələri laboratoriyasına cəlb edə və spesifik xəstəliklər mövzusunda etdiyi əhəmiyyətli araşdırmaları irəli apara bildi. Professor Dönməzin təcrübəsi çox güclü şəbəkələrdə işləyən diaspor icmalarının elmi nailiyyətlərinin ayrı-ayrı fərdlərin təkbaşına əldə edə biləcəyindən daha sürətli və daha səmərəli ola biləcəyini sübut edir.

 

Aktivliyi ilə seçilən digər diaspora qrupu İrlandiya Elm Şəbəkəsidir (WGNIS). WGNIS-i xüsusilə təsirli edən xüsusiyyətlərdən biri  İrlandiyanın elm, texnologiya və mühəndislik üzrə diaspora üzvləri arasında əlaqə, ünsiyyət və işbirliyini təmin etməklə yanaşı akademik sfera ilə özəl sektoru da əlaqələndirmək üçün fəal şəkildə çalışmasıdır. Üzvlər beynəlxalq tədqiqat üzrə işbirliyini inkişaf etdirmək,İrlandiya-ABŞ mediası üçün məsləhətçi olmaq məqsədilə siyasət görüşlərinə daxil olunur, elm məsələləri və iki ölkədə STI ilə əlaqəli iş imkanlarını təbliğ edirlər.

 

Asiyanın inkişaf etmiş və ya inkişaf etməkdə olan əksər ölkələri də inkişaf mərhələsində elmi diasporanın xidmətlərindən geniş istifadə ediblər. Bunun ən uğurlu nümunələrindən biri Koreyanın 60-70-ci illərdə ABŞ və bir neçə Avropa ölkələrində yaratdığı elmi diaspora təşkilatlarıdır. Bu təşkilatların sayəsində koreyalı gənclər dünyanın top universitetlərində təhsil almaq imkanı qazanıblar, yerli tədqiqatçılar beynəlxalq qrantlara çıxış imkanı əldə ediblər. Bu gün Koreyanın top universitetlətində tədris və tədqiqat aparan professorların böyük əksəriyyəti ABŞ universitetlərinin məzunlarıdır. İnkişaflarının müxtəlif mərhələlərinə elm və texnologiya diasporasından yararlanan ölkələrin sırasına Yaponiya, Tayvan, Filippin və Hindistanı da əlavə edə bilərik.

 

Ali məktəblər və diaspora cəmiyyətləri

 

Ali təhsil müəssisələrinin diaspora cəmiyyətlərini birləşdirməsində misilsiz rolu var. Beynəlxalq tələbələr, məzunlar və xarici müəllimlər əməkdaşlıq, işə qəbul və mentorluq əlaqələrinin qurulmasında əvəzsiz rol oynaya bilərlər. Beynəlxalq ikili diplom proqramlarının açılması və dünyada gedən elmi tədqiqat axınına qoşulmağın ən effektiv yolu elmi diasporalardır. Bu vasitə ilə elmi diaspora qrupları arasındakı əlaqələri gücləndirmək üçün digər ölkələrdəki həmkarları ilə əməkdaşlıq edə bilərlər. Məsələn, Şimali Amerikadakı Efiopiya Fizika Cəmiyyəti efiopiyalı tələbələrə tədqiqat uğurlarına görə mükafatlar verərək, mentorluq şəbəkəsini dəstəkləyərək, Efiopiyadan ABŞ-a tələbə qəbulunu təmin edərək və beynəlxalq fizika tədbirlərinin təşkilinə kömək edərək Amerika və Efiopiya arasında bir körpü rolunu oynayır.

 

Elmlər akademiyaları da elm və innovasiya diasporlarının inkişafına dəstək ola bilər. Elmlə əlaqəli QHT-lər, ölkə daxilində və xaricdə elm potensialını artıraraq, diaspora qruplarının dünya miqyasında akademik və özəl sektor tərəfdaşları ilə əlaqə qurmaq üçün istifadə edə biləcəyi şəbəkələri gücləndirərək və beynəlxalq siyasət üçün güclü katalizator rolunu oynaya bilər. Ölkələr arası elmi əməkdaşlıq və bunun nəticəsində alınmış onlarla Nobel mükafatını göstərmək olar. İnkişaf etməkdə olan ölkələr üçün bu əməkdaşlığı elmi diaspora vasitəsi ilə həyata keçirmək daha effektiv və səmərəlidir. 

 

İnformasiya və texnoloji inqilablar XXI əsrdə diplomatiyanı yenidən formalaşdırır. Diaspora şəbəkələri qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti qrupları və çoxmillətli şirkətlər kimi beynəlxalq münasibətlərdə getdikcə daha əhəmiyyətli və nüfuzlu aktyorlara çevrilirlər. Bu diaspor şəbəkəsini yaratmaq və inkişaf etdirmək üçün ümumi bir formul yoxdur. Hər bir ölkənin mədəniyyəti, tarixi, beynəlxalq əlaqələri, siyasi sistemi, iqtisadi inkişafı və coğrafiyasının mövqeyinə görə fərqli yanaşmalar tətbiq edilə bilər. Buna baxmayaraq, dünya miqyaslı elmi diaspora icmalarının keçdikləri inkişaf yolu bu yolu yenicə gedəcək ölkələr üçün ümümi istiqamət verəcəkdir.

 

Azərbaycana gəldikdə isə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” uzun illər ölkədə yaranmış ixtisaslaşmış kadr qıtlığını aradan qaldırmaqda gözlənilən nəticələri verməkdədir. Bundan əlavə bir neçə il öncə Prezident İlham Əliyevin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın qəbul olunmasını zamanında atılmış addım kimi qiymətləndirirəm. Bu proqramda qarşıya qoyulan məsələlər beynəlxalq əməkdaşlığa və gənclərin akademik sahəyə cəlb olunmasına təkan verəcəkdir. Proqramdan irəli gələrək yaradılan ikili diplom proqramları və doktorantların xaricdə təhsil proqramının aktiv davam etdiyi dövrdə bizim də elmi diaspora yaratmağımızın tam zamanı olduğunu düşünürəm.

 

Beyin axınından beyin qazancına dönüşün strategiyasının üç əsas prinsipi vardır:

- Mobillik proqramlarının inkişafı;
- Ölkənin özündə elm və tədqiqat sahəsində iş şəraitinin yaxşılaşdırılması;
- Elm adamlarının müvəqqəti və ya daimi qayıtması üçün ETİ (elm, texnologiya və innovasiya) sahəsində çalışanların iştirakı ilə əməkdaşlıq proqramlarının yaradılması.
 

Şərqi Asiya və Avropa ölkələrinin təcrübəsindən göründüyü kimi, elmi diasporanın yaradılması prosesində daha bir neçə məqama diqqət yetirilməlidir. Əvvəla, hökumətin hazırladığı proqramların effektiv olması üçün ölkənin elmi və innovativ potensialını, habelə elm və texnikanın inkişafı üçün prioritet sahələrin təyin olunması məqsədəmüvafiqdir. Bundan əlavə, dövlət tərəfindən hazırlanan proqramların  öz funksiyasını uğurla yerinə yetirməsı üçün, xaricdəki elmi sahəsində fəaliyyət göstərən üzvlərinin təklif və təşəbbüslərinin nəzərə alınması böyük səmərə verə bilər. Və nəhayət, müvəffəqiyyətin digər vacib bir komponenti platforma və potensialı haqqında dolğun məlumat əldə etmək üçün üzvlər arasında ilkin araşdırma və sorğuların aparılmasıdır. Ümid edirəm ki, ən qısa zamanda xaricdə yaşayan azərbaycanlı alim və tədqiqatçılar üçün bir ortaq platforma təsis olunacaq və beləliklə, ölkənin elm və texnologiya potensialının daha da artırılmasına geniş şərait yaranacaq.

 

"Azərbaycan müəllimi"


3 il əvvəl