• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri
Sual-cavab

“Sabahın alimləri” X Respublika Müsabiqəsinin yekunları haqqında Azərbaycan Respublikası Təhsil nazirinin əmri

Azərbaycan Respublikası təhsil nazirinin 2020-ci il 10 oktyabr tarixli F-462 nömrəli əmrinə və Təhsil Nazirliyi ilə tərəfdaş təşkilatların 2021-ci il 4 fevral  tarixli Q-01 nömrəli birgə Qərarına əsasən, mövcud pandemiya şəraiti ilə əlaqədar “Sabahın alimləri” X Respublika Müsabiqəsi cari ilin 10-17 fevral tarixlərində Bakı şəhərində onlayn keçirilmişdir. Müsabiqə İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunmuşdur. Müsabiqənin təşkilatçıları Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi olmuş, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən müsabiqəyə elmi dəstək verilmişdir. Bu tədbirdə Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Bakı, Sumqayıt, Naxçıvan Muxtar Respublikası, Abşeron, Gəncə, Ağdam, Ağdaş, Astara, Şəki, Şirvan, Samux, Balakən, İsmayıllı, və Ucarda yerləşən ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak etmişlər.

 

Müsabiqədə iştirak etmək istəyən şagirdlərin qeydiyyatı onlayn həyata keçirilmişdir. Elektron qeydiyyatdan keçirilmiş 155 layihədən müsabiqədə 123 layihə ilə 208 şagird iştirak etmişdir. Bu layihələrdən 37-i fərdi, 86-ı isə kollektiv işlənilmiş layihələr olmuşdur.

 

Layihələrin qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə alimlərdən ibarət Münsiflər heyəti yaradılmışdır. Qiymətləndirmə 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə həyata keçirilmişdir. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 48 layihə üzrə 81 şagird, o cümlədən I yerə 8 layihə üzrə 13 şagird, II yerə 16 layihə üzrə 27 şagird, III yerə 24 layihə üzrə 41 şagird layiq görülmüşdür. Qaliblər sırasından İSEF-də iştirak etmək üçün 7 layihə (10 şagird) seçilmişdir.

 

Qaliblərə müsabiqənin təşkilatçıları adından diplom, medal və hədiyyələr təqdim ediləcək, müsabiqə iştirakçılarına isə müsabiqənin sertifikatları və medalları veriləcəkdir.

 

Qeyd olunanları nəzərə alaraq və “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamə”nin 13.5-ci bəndini rəhbər tutaraq

 

ƏMR EDİRƏM:

 

1. 2021-ci il 10-17 fevral tarixlərində “Sabahın alimləri” X Respublika Müsabiqəsinin Münsiflər heyəti tərəfindən seçilən qaliblərinin siyahısı təsdiq edilsin (əlavə 1).

 

2. Təşkilatçıların 4 fevral 2021-ci il tarixli Q-01 nömrəli birgə qərarına uyğun olaraq, qaliblərə (əlavə 1), qalib şagirdlərin rəhbərlərinə (əlavə 2), Münsiflər heyətinə (əlavə 3) və  Elmi Ekspertiza Komitəsinin üzvlərinə (əlavə 4) nəzərdə tutulmuş pul mükafatları verilsin.

 

3. 2021-ci ilin may ayında ABŞ-da onlayn keçiriləcək İSEF- Mühəndislik sərgisində  iştirak etmək üçün seçilmiş şagirdlərin siyahısı təsdiq edilsin (əlavə 5).

 

4. Aparat rəhbərinin müavini, “Sabahın alimləri” X Respublika müsabiqəsinin direktoru Y.Piriyevə tapşırılsın:

 

4.1. İSEF-də iştirak edəcək şagirdlərin layihələrinin və təqdimatlarının ingilis dilində hazırlanmasına nəzarət etsin;

 

4.2. İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.

 

5. İnformasiya və vətəndaşlara xidmət şöbəsi (R.Xanlarov) əmrin çoxaldılıb aidiyyəti müəssisələrə göndərilməsini, İctimaiyyətlə əlaqələr sektoru (C.Valehov) Nazirliyin internet səhifəsində yerləşdirilməsini və “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etsin.

 

6. Əmrin icrasına nəzarət nazir müavini F.Qurbanova həvalə olunsun.

 

Əsas: Təhsil Nazirliyinin 10 oktyabr 2020-ci il tarixli, F-462 nömrəli əmri, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 4 fevral 2021-ci il tarixli birgə qərarı, Münsiflər Heyətinin qiymətləndirmə cədvəlləri, İSEF-ə seçim mərhələsinin protokolu.

                                                                                                

Emin ƏMRULLAYEV,

Azərbaycan Respublikasının Təhsil naziri

18 mart 2021-ci il

F-99


Əlavələr:

 

1. “Sabahın alimləri” X Respublika Müsabiqəsinin qaliblərinin siyahısı

 

2. “Sabahın alimləri” X Respublika müsabiqəsində qalib olan şagirdlərin rəhbərlərinin siyahısı

 

3. “Sabahın alimləri” X Respublika müsabiqəsinin Münsiflər heyətinin tərkibi

 

4. “Sabahın alimləri” X Respublika Müsabiqəsi Elmi Ekspertiza Komitəsinin tərkibi

 

5. 2021-ci ilin may ayında ABŞ-da onlayn keçiriləcək İSEF-də iştirak etmək üçün seçilmiş şagirdlərin siyahısı


Sayt test rejimində çalışır