• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Son 10 il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib.

Bu tədris ilində təhsil müəssisələrində linqafon kabinetlərinin yaradılması və xüsusi avadanlıqlarla təchiz edilməsi, ilkin hərbi hazırlıq otaqlarının təmiri və müvafiq olaraq tam komplektləşdirilmiş hərbi avadanlıqlarla maddi-texniki bazanın gücləndirilməsi istiqamətində iş aparılacaq. Təhsil müəssisələrindəki laboratoriya və idman zallarının xüsusi avadanlıqlar ilə təchiz olunması, müasir trenajor inventarlarının quraşdırılması da müvafiq sahədə görüləcək işlərdəndir. Qeyd edək ki, bu tədris ilində bir çox məktəblərdə yanğından mühafizənin gücləndirilməsi, ilk peşə-ixtisas təhsili müəssisələrinin ixtisasa uyğun trenajorlarla təmin edilməsi də gözlənilir.
 Yeni tədris ilində ümumi təhsil sahəsində bir sıra islahatların həyata keçirilməsi qarşıda durur. Bakı şəhərinin seçilmiş məktəblərində pilot qaydasında məktəbəhazırlıq təhsilinin təşkili, respublika fənn olimpiadalarının təşkili və keçirilməsi qaydalarının təkmilləşdirilmiş variantının hazırlanıb təsdiq edilməsi, rusdilli məktəblərdə Azərbaycan dilinin dövlət dili kimi tədrisi vəziyyətinin monitorinqinin aparılması belə tədbirlərdəndir. 
Cari dərs ilində şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması istiqamətində zəruri tədbirlərin planlaşdırılıb həyata keçirilməsi, onların vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisinin yaxşılaşdırılması istiqamətində tədbirlərin gücləndirilməsi ilə bağlı iş aparılacaq.
Şagirdlərin ibtidai təhsil səviyyəsindən sonrakı səviyyəyə keçidinin diferensiallaşdırma əsasında aparılması üzrə təkliflərin müəyyənləşdirilməsi,  habelə 12 illik təhsilə keçidlə bağlı müvafiq mexanizmlərin və təşkilati işlərin görülməsi üzrə təkliflərin hazırlanması bu tədris ilində reallaşdırılması nəzərdə tutulan məsələlərdəndir.
Onu da qeyd edək ki, ümumtəhsil məktəblərinin VIII siniflərində “Qarabağın tarixi” adlı fakültativ kurs tədris olunacaq.
Yeni tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ölkəmizin 6 ümumi təhsil məktəbinin 15 sinfində pilot olaraq “Sağlam təhsil sinfi” fəaliyyət göstərir.
2015-2016-cı tədris ilindən ölkəmizin 50-dək ümumi təhsil müəssisəsində yeni tipli valideyn-müəllim komitəsinin formalaşdırılması nəzərdə tutulur.
Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda  – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan bu kitablar artıq bütün məktəblərə çatdırılıb.
Növbəti dərs ili üzrə VIII sinif dərsliklərinin hazırlanması üzrə tender bir il əvvəl elan edilib. Tender proseduru üzrə dərsliklərin qəbulu bu il oktyabrın sonunda başa çatır. Təqdim edilən dərslik maketləri noyabr–dekabr aylarında qiymətləndiriləcək. Qalib elan edilən dərsliklər məhdud sayda çap edilərək 2015–ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alındıqdan sonra çap edillib dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaqdır.
Növbəti tədris ili üzrə həmçinin IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklər 2016-2017–ci dərs ilində tətbiq olunacaq.
Ölkə Prezidentinin "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında" imzaladığı sərəncama əsasən regional təhsil idarələri  gələn il yanvarın 1-dən fəaliyyətə başlayacaq.
 “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin yerdəyişməsi və işə qəbulu Qaydaları”na müvafiq olaraq hazırda işləyən müəllimlərin bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi ilk dəfə olaraq Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilib. İş yerini dəyişmək üçün 1149 nəfər müəllim elektron ərizə verib, yekun nəticəyə əsasən 96 nəfər iş yerini dəyişmək hüququ qazanıb.
2014-2015-ci tədris ilində ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən ümumilikdə 1692 nəfər işə qəbul olunub ki, onlardan 1405 nəfərinə (83%) həvəsləndirmə tədbirləri tətbiq edilib. Vakansiyaların tutulma səviyyəsi ötən dərs ilinə nisbətən 40 faiz artıb.
Təhsil Nazirliyinin təklifləri nəzərə alınaraq Nazirlər Kabinetinin qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli 67 nömrəli qərarında dəyişikliklər edilib.
Təhsil nazirinin əmri ilə “Müəllimlərin etik davranış qaydaları” təsdiq edilib. Qaydalara əsasən ilk dəfə olaraq bu tədris ilində yeni işə qəbul olunanlar “Müəllim andı” içərək fəaliyyətə başlayıblar.  
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin yaradılması, strateji idarəetmənin tətbiqi, təhsil müəssisələrinə idarəetmə, akademik, maliyyə və təşkilati muxtariyyət verilməsi kimi hədəflər müəyyənləşdirilib. Həmin hədəflərə nail olunması istiqamətində ilk dəfə olaraq məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrların peşəkarlıq səviyyəsinin artırılması üzrə yeni mexanizmin tətbiqinə başlanılıb. 547 nəfər pedaqoji kadr müsabiqədə iştirak etmək üçün müraciət edib, 3 mərhələli müsabiqə mexanizmi əsasında 50 nəfər seçilib və təlimlərə cəlb olunub.
Təlimlərin məqsədi peşəkar kompetensiyalara və idarəetmə bacarıqlarına malik məktəb rəhbərlərinin hazırlanması və rəhbər vəzifələrə təyin edilməsidir. Təlimlərdə uğur qazanmış şəxslərdən 14 nəfər Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant direktor vəzifəsinə təyin edilib. Yeni mexanizm daha da təkmilləşdirilərək geniş səviyyədə tətbiq olunacaq.
Ötən dərs ilində ilk dəfə olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində çalışan 28758 müəllimin 20 fənn üzrə sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq növbəti maliyyə ilindən müəllimlərin əmək haqlarında dəyişiklik olması nəzərdə tutulur.
Sınaq qiymətləndirilməsi ölkəmizin bütün regionlarını əhatə edəcək.
Ümumtəhsil məktəblərinin ibtidai, V-VII siniflərində dərs deyəcək və indiyədək kurikulum təlimlərindən keçməyən müəllimlərə 60 akademik saatlıq təlim kursları keçirilir. Təlim kursları Naxçıvan MR-də yerli mütəxəssislər tərəfindən aparılır. Digər şəhər və rayonlarda isə bunu təlimləri keçirmək hüququ qazanmış təşkilatlar aparır.
Təlimlərin keçirilməsinə bu ilin avqustundan başlanılıb. Noyabr ayınadək 20 min müəllimin təlimlərdən keçirilməsi nəzərdə tutulur.
2014-2015-ci  tədris  ilindən  müəllimlik ixtisasına  qəbul  olunmuş  tələbələr  üçün  xüsusi stimullaşdırma  proqramı həyata keçirilib.  Belə ki, müəllimlik  ixtisasını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq edilib. İlk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan, birinci və ikinci sırada müəllimlik ixtisaslarını göstərərək qəbul olunan 300 nəfər tələbəyə hər ay 100 manat həcmində əlavə təqaüd müəyyənləşdirilib.
Yeni tədris ilində Bakı və digər şəhər və rayonlarda yerləşən 20 təhsil müəssisəsinin fiber-optik rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışının təmin edilməsi nəzərdə tutulur. Rayonlarda yerləşən 200 təhsil müəssisəsinin ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə və internetə çıxışı təmin olunacaq.
Bu ildən elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsinə başlanılacaq. Belə ki, “Labdisc” laboratoriya avadanlıqlarının milli tədris sistemində tətbiq edilməsi, Azərbaycan dilində açıq təlim resurslarının, təhsil müəssisələrində istifadə üçün müxtəlif fənlər üzrə elektron dərsliklərin yaradılması və “Bulud” sistemi üzərindən yayılması, habelə müxtəlif fənlər üçün elektron resursların hazırlanması da vacib məsələlərdəndir.
“Elektron məktəb” layihəsi çərçivəsində ümumilikdə 43 məktəb elektron jurnallardan istifadə edir. Cari ildə bunlardan 11-i kağız jurnal əvəzinə tam olaraq elektron jurnaldan istifadəyə keçəcək. Bununla da yalnız elektron jurnallardan istifadə edən məktəblərin sayı 31 olacaq.
Son 30 ildə ilk dəfə olaraq ilk peşə-ixtisas təhsili müəssisələrinə 11 təlim avtomobili, 30 adda 37 ədəd müasir kənd təsərrüfatı texnikası, əyani və texniki təlim vasitələri verilib.
Peşə təhsilinin inkişafının əsas prioritet olduğunu nəzərə alınaraq, bu il ilk-peşə ixtisas təhsili müəssisələrinə qəbul planı ilk dəfə olaraq əmək bazarının tələbləri araşdırılaraq tərtib edilib.
Cari ildə 118 ixtisas üzrə kadr hazırlığı aparılacaq. 2014-2015-ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumilikdə 16070 nəfər qəbul planı təsdiq edilib. Bunlardan 11310-ü dövlət hesabına, 4760 nəfəri isə ödənişli əsaslarladır.
İlk peşə-ixtisas təhsili sahəsində əsas yeniliklərdən biri də yerli və beynəlxalq təşkilatların dəstəyi ilə ilk dəfə olaraq peşə təhsili müəssisələrinə rəhbər kadrların hazırlanması üzrə xüsusi kursların təşkilidir. Həmin kursların təşkilində əsas məqsəd peşə təhsili müəssisələri üçün idarəetmə sahəsində müasir tendensiyalar haqqında bilik və bacarıqlara sahib olan gələcək menecerlərin hazırlanmasıdır.
“Azərbaycan Respublikası Höküməti və Koreya Respublikası Höküməti arasında Peşə Tədris Mərkəzinin Yaradılması Layihəsi üçün İqtisadi İnkişaf Əməkdaşlıq Fondundan alınan Kreditə dair Razılaşma” çərçivəsində layihəni idarə edən şirkətin seçilməsi prosesi başa çatmaq üzrədir. Bundan əlavə, növbəti bir neçə ay ərzində peşə təhsili kompleksinin inşasına başlanacaqdır.
Bu ilin oktyabrında Təhsil Nazirliyi və Roqaland Təlim və Təhsil Mərkəzi Fondu arasında “Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafı və Gücləndirilməsi” üçün Əməkdaşlıq Memorandumunun imzalanması nəzərdə tutulur. Bu layihə çərçivəsində pilot olaraq bir neçə peşə məktəbində yeni idarəetmə modelinin tətbiqi, tədris materiallarının hazırlanması, mühəndis-pedaqoji heyət üçün yeni ixtisasartırma, yenidənhazırlanma və ixtisasdəyişmə modelinin tətbiqi, normativ-hüquqi bazanın təkmilləşdirilməsi sahəsində birgə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.  
Əsaslı təmirdən sonra fəaliyyətini davam etdirəcək 5 nömrəli Bakı Peşə Liseyində ilk dəfə olaraq “mühafizəçi” ixtisası üzrə də kadrların hazırlanmasına başlanacaq. Eyni zamanda müasir emalatxanalar yaradılaraq, iqtisadiyyatın müxtəlif sahələri üzrə kadrların hazırlanması da həyata keçiriləcəkdir.
“Eldar Studio” ilə əməkdaşlıq çərçivəsində yeni tədris ilində daha 2 məktəbdə müasir tədris emalatxanaları yaradılacaq.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin dəstəyi ilə bu il ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan 10 müəllim və usta üçün Türkiyənin Mazhar Anadolu Liseyində avtomatika və informatika üzrə təlimlər təşkil ediləcək.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş “Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları” və buna müvafiq Təhsil Nazirliyinin əmrinə uyğun olaraq 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alacaqlar. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları hazırlanaraq tətbiq edilib.
“Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq regional kolleclərin yaradılması işinə başlanılıb. Nazirlər Kabinetinin müvafiq qərarı ilə Masallı Dövlət Regional Kolleci yaradılıb və bu tədris ilindən fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2014-2015-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncamına uyğun olaraq 102 nəfər ən yüksək nəticə göstərmiş tələbəyə Prezident təqaüdü verilib.
Yeni tədris ilindən ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayıb. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini yeni qruplarda davam etdirəcək.
2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramları və buna müvafiq hazırlanmış tədris planları tətbiq ediləcək.
Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq.
Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyi yanında Akkreditasiya Agentliyinin yaradılması nəzərdə tutulur. Agentlik təhsil müəssisələrinin akkreditasiyasını və təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi işini həyata keçirəcək.
Bu tədris ilinin II semestrindən tələbələr üçün güzəştli təhsil krediti və qrantları layihəsinə başlanılması planlaşdırılır. Hazırda Təhsil Nazirliyində bununla bağlı iş başa çatmaq üzrədir.
 Bu günədək xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq üçün göndərilib. Ötən il əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə - 787 nəfər xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanıb.
Bu il seçim prosesində daha çox üstünlük bakalavrdan sonrakı təhsil səviyyələrinə verilib və proqramın təkmilləşdirilməsi istiqamətində müəyyən islahatlar həyata keçirilib. 


8 il əvvəl