• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 16-da Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun əməkdaşları tərəfindən aparılan elmi tədqiqat işlərinin nəticələrinin müzakirəsinə həsr olunmuş növbəti seminar keçirilib.

«İbtidai sinfin bir müəllim və ya fənn müəllimləri tərəfindən aparılmasının mümkünlüyünün müqayisəli təhlili» mövzusunda aparılmış araşdırmaların nəticələrinin müzakirə olunduğu seminarda təhsil naziri Misir Mərdanov, Təhsil Nazirliyinin şöbə və struktur bölmələrinin rəhbərləri, Təhsil Problemləri İnstitutunun rəhbər işçiləri və əməkdaşları, bir sıra ümumi təhsil müəssisələrinin direktorları və ibtidai sinif müəllimləri iştirak ediblər.
Seminarda Təhsil Problemləri İnstitutu İbtidai təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadova mövzu üzrə aparılmış araşdırmaların nəticələrinə dair geniş məruzə-təqdimatla çıxış edib. Öncə tədqiqatla bağlı görülmüş işləri diqqətə çatdıran məruzəçi müvafiq işçi qrupunun yaradıldığını, tədqiqata cəlb olunacaq rayon və məktəblərin müəyyənləşdirildiyini, Ağstafa, İmişli, İsmayıllı, Masallı, Qax, Göyçay rayon təhsil şöbələrindən statistik məlumatların alındığını nəzərə çatdırıb. B.İbadova iclas iştirakçılarına məktəb rəhbərləri, müəllimlər, şagirdlər və valideynlərlə anket sorğularının keçirildiyi, dərslərin dinlənildiyi, beynəlxalq məsləhətçilərin dəstəyi ilə bir sıra ölkələrin təcrübəsinin öyrənildiyi barədə məlumat verib, respublikanın ali və orta ixtisas təhsili müəssisələrində kadr hazırlığı ilə bağlı müəyyən pedaqoji sənədlərin araşdırıldığını bildirib.
Problemlə bağlı mövcud vəziyyətin bir neçə parametr üzrə öyrənildiyini qeyd edən B.İbadova həmin araşdırmalar nəticəsində tədqiqata cəlb olunmuş 6820 nəfər ibtidai sinif müəllimindən 4693-nün xarici dil və informatika fənlərindən başqa bütün fənləri tədris etdiklərini söyləyib. Şöbə müdiri ibtidai siniflərdə Azərbaycan dili və riyaziyyatın tədrisinin bir, həyat bilgisi, təsviri incəsənət, musiqi, fiziki tərbiyə, texnologiya fənlərinin digər ibtidai sinif müəllimləri, xarici dil və informatika fənlərinin isə ixtisaslı müəllimlər tərəfindən tədrisi vəziyyətinin araşdırılmasının nəticələrini də nəzərə çatdırıb. Bir çox tədris ocaqlarında ibtidai siniflərdə xarici dil və informatika fənlərindən başqa Azərbaycan dili, riyaziyyat, həyat bilgisi, texnologiya, təsviri incəsənət fənlərinin ibtidai sinif müəllimləri, musiqi və fiziki tərbiyə fənlərinin isə ixtisas müəllimləri tərəfindən aparılması faktlarının olduğunu vurğulayan şöbə müdiri “yığma fənlər”i yaradan səbəblərdən söz açıb.
Təhsil naziri Misir Mərdanov seminarda çıxış edərək mövzunun aktual olduğunu, tədqiqatın əhatəli aparıldığını bildirib və onun nəticələri barədə hazırlanmış məruzə-təqdimatın metodik vəsait kimi çap olunmasını tövsiyə edib. İbtidai siniflərdə tədrisin bir müəllim, yoxsa, fənn müəllimləri tərəfindən aparılması üsullarından hansının daha yaxşı olmasını birmənalı deməyin mümkün olmadığını söyləyən nazir bu işin müəllimin hazırlığından asılı olduğunu qeyd edib. Ümumilikdə təhsil-təlim işində müəllimin şəxsiyyətinin aparıcı rol oynadığını vurğulayan təhsil naziri müasir müəllimdən tələb olunan keyfiyyətlər barədə fikirlərini bildirib. Misir Mərdanov bir və ya bir neçə müəllimin dərs dediyi ibtidai siniflərin təxminən 10 ildən sonrakı vəziyyətinin müqayisəli təhlili üzrə aparılacaq tədqiqatların bu üsullardan daha yaxşısının müəyyənləşdirilməsinə kömək edə biləcəyini nəzərə çatdırıb.
Sonra mövzu ilə bağlı bir sıra çıxışlar dinlənilib, müvafiq təkliflər irəli sürülüb.


8 il əvvəl