• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fevralın 5-də Təhsil Nazirliyində «Səmərəli məktəb layihəsi»nin təqdimat mərasimi keçirilib.

Qeyd edək ki, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin (MTTYM) reallaşdırdığı «Səmərəli məktəb layihəsi» Dünya Bankı tərəfindən maliyyələşdirilir. 2010-cu ilin noyabr ayında həyata keçirilməsinə başlanılmış, icra müddəti 2 il olan layihədə 2-si Bakıdan, 9-u respublikanın digər şəhərlərindən olmaqla 11 məktəb iştirak edir.
Təhsil naziri Misir Mərdanov mərasim iştirakçılarını salamlayıb və layihənin icra edildiyi məktəblərin nümayəndələri ilə tanış olub.
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin proqramlar üzrə direktoru Elmina Kazımzadə layihə haqqında ətraflı məlumat verib. E.Kazımzadə bildirib ki, layihənin əsas məqsədi məktəblərdə öyrənən mühitin yaradılması və məktəblərin öyrənən təşkilat kimi formalaşdırılmasıdır. Öyrənən mühitin yalnız şagirdləri deyil, bütün məktəb heyətini əhatə etdiyini vurğulayan MTTYM-nin direktoru deyib ki, öyrənən mühitdə şagird nailiyyətlərinin yüksəldilməsi və müəllimlərin davamlı peşəkar inkişafı əsas məqsədlər kimi qəbul olunur. Paylaşdırılmış liderliyin yaradılması, məktəb heyətinin İKT bacarıqlarının təkmilləşdirilməsi və kitabxananın öyrənən mərkəz kimi möhkəmləndirilməsini əsas məqsədlərə xidmət edən hədəflər kimi səciyyələndirən E.Kazımzadə tədris ocaqlarının davamlı inkişafını təmin etmək üçün məktəb daxilində müəllimlərin peşəkarlığının artırılmasının əhəmiyyətindən söz açıb. E.Kazımzadə bildirib ki, bu iş eksperiment kimi həyata keçirildiyindən layihənin reallaşdırılması üçün, ilk növbədə ölkənin ayrı-ayrı şəhərlərindəki qabaqcıl məktəblər seçilib.
Sonra E.Kazımzadə layihənin «Diaqnostika mərhələsinin ilkin nəticələri» mövzusunda təqdimat edib.
Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin icraçı direktoru Ülviyyə Mikayılova, proqram meneceri Yuliya Kərimova, İKT üzrə mütəxəssisi Aygün Əzizova «Səmərəli məktəb layihəsi»nin konsepsiya və komponentləri, eləcə də saytı barədə məlumat veriblər.
Təhsil naziri Misir Mərdanov pilot olaraq həyata keçirilən bu layihənin son nəticədə məktəbin davamlı inkişaf istiqamətlərinin müəyyən edilməsinə, ölkədə yaxşı məktəb modelinin formalaşmasına təkan verəcəyinə ümid etdiyini bildirib. Məktəb kitabxanalarının fəaliyyəti ilə bağlı fikirlərini nəzərə çatdıran nazir bu məsələyə xüsusi diqqət yetirilməsinin zəruri olduğunu vurğulayıb.
Sonda layihənin ilkin mərhələsinin nəticələrinə dair müzakirələr aparılıb, qarşıda duran vəzifələr barədə müvafiq təkliflər irəli sürülüb və iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.


8 il əvvəl