• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 19-da Təhsil Nazirliyində Təhsil Problemləri İnstitutunun və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun hesabatları dinlənilib.

Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabov rəhbəri olduğu bu təhsil müəssisəsinin yaranma tarixi, strukturu barədə məlumat verərək bildirib ki, institutda Təhsildə Nəzəri Tədqiqatlar, Kurikulum, Təhsildə Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə, İlkin Peşə İxtisas Təhsilinin İnkişaf mərkəzləri fəaliyyət göstərir. A.Mehrabov Təhsildə Nəzəri Tədqiqatlar Mərkəzinin fəaliyyəti və tədqiqat istiqamətləri haqqında məlumat verib. Təhsil Problemləri İnstitutunun direktoru Kurikulum Mərkəzində məktəbəqədər təhsilin kurikulumunun hazırlanması və bu sahədə əldə olunmuş nailiyyətlər, yeni fənn kurikulumlarının tətbiqi vəziyyətinin öyrənilməsi, ümumtəhsil kurikulumlarının tətbiqi istiqamətində aparılan araşdırmaları diqqətə çatdırıb. O, Təhsildə Tətbiqi Tədqiqatlar, Monitorinq və Qiymətləndirmə Mərkəzinin “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” və şagird nailiyyətlərinin qiymətləndirilməsi problemi üzrə yerinə yetirdiyi işləri qeyd edib və istedadlı uşaqlarla bağlı mərkəzdə aparılan tədqiqatın nəticələrinin yoxlanılmasından bəhs edib.
İlkin Peşə İxtisas Təhsilinin İnkişaf Mərkəzinin yaradılmasına diqqət çəkən Abdulla Mehrabov onu da əlavə edib ki, mərkəzin əsas tədqiqat sahələri ilkin peşə təhsili sahəsində kadr hazırlığı prosesinin proqnozlaşdırılması, yeni standartların hazırlanması, müxtəlif peşələrin kurikulumlarının işlənilməsi, peşə təhsili müəssisələrinin strukturu, idarə edilməsi mexanizminin təkmilləşdirilməsi, şəbəkənin optimallaşdırılması və digər bu kimi istiqamətlərdir. Mərkəzin beynəlxalq əlaqələrindən söz açan A.Mehrabov, eyni zamanda ötən il institut əməkdaşları tərəfindən aparılan tədqiqat işlərinin nəticələri əsasında nəşr olunan əsərləri, Təhsil Tədqiqatlarının Koordinasiya Şurasının fəaliyyəti, elmi-pedaqoji kadr hazırlığı, institutun kadr potensialı barədə geniş məruzə ilə çıxış edib. A.Mehrabovun verdiyi məlumata görə,  2010-cu ildə institutda 13 problem sahəni əhatə edən 71 mövzu üzrə araşdırmalar aparılıb, onlardan 4 problem sahəni əhatə edən 8 mövzu üzrə işlər tamamlanıb və bu işlərin hamısının nəticələri ümumiləşdirilərək tətbiq üçün təhsil müəssisələrinə göndərilib. İnstitut direktoru öz çıxışında rəhbərlik etdiyi təhsil müəssisəsinə daxil olmuş müraciətlər barədə də məlumat verib.
Sonra Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru Asəf Zamanov 2010-cu ildə görülmüş işlərə dair hesabat-məruzə ilə çıxış edib. Müasir şəraitdə pedaqoji kadrların təkmilləşdirilməsi və onların ixtisasının artırılması sisteminin təhsilin keyfiyyətinin yüksəldilməsində böyük rolu olduğunu vurğulayan Asəf Zamanov bildirib ki, bu sistem müasir tədris metodologiyasını, yeni texnologiyaları öyrənmək, qabaqcıl təcrübəni yaymaq, müəllimin bilik səviyyəsini yüksəltmək üçün səmərəli vasitədir. İnstitut rektoru qeyd edib ki, hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşmasını təmin etmək üçün təhsilin keyfiyyətinin yüksəldilməsinə nail olmaq naminə hər bir müəllimin professional səviyyəsini, peşə ustalığını artırmaq ixtisasartırma müəssisələrinin əsas vəzifəsidir. İclas iştirakçılarına institutun strukturu, professor-müəllim heyəti, Elmi Şuranın fəaliyyəti haqqında məlumat verən A.Zamanov rəhbəri olduğu təhsil müəssisəsində Təhsildə innovasiyalar kafedrasının yaradılması zərurətini diqqətə çatdırıb. İnstitut rektorunun verdiyi məlumata görə, təhsilin idarəolunması sistemində dəyişikliklərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyətinin yüksəldilməsi, bu prosesin optimal təşkili üzrə metodik xidmətin göstərilməsi məqsədilə institutda Təhsilin təşkili və idarəedilməsi kafedrası yaradılıb. Bildirilib ki, kurslarda mühazirə oxumaq üçün Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, elm və təhsil ocaqlarının tanınmış professor-müəllim heyəti cəlb edilir.
A.Zamanov ötən il institutda ən yaxşı şöbə, ən yaxşı kafedra, ən yaxşı müəllim, ən yaxşı tədqiqatçı nominasiyaları üzrə müsabiqənin keçirildiyini və qaliblərin müəyyənləşdirildiyini nəzərə çatdırıb. İnstitut rektoru vurğulayıb ki, 2010-cu ildə ixtisasartırma kurslarında iştirakçıların tələbatını nəzərə alaraq mühazirəçilərin tərkibinə xüsusi diqqət yetirilib. Belə ki, ölkənin aparıcı elm xadimləri, ömrünü təhsilimizin inkişafına həsr etmiş mütəxəssislər bu kurslara mühazirəçi kimi dəvət edilib, onların təcrübəsindən müdavimlər, həmçinin gənc mühazirəçilər də faydalanıblar. Qeyd olunub ki, il ərzində institutla əməkdaşlıq etmiş 200-dən çox mühazirəçi-müəllimin 30-u elmlər doktoru, 70-i elmlər namizədidir (fəlsəfə doktoru).
A.Zamanovun verdiyi məlumata görə, 2010-cu ildə ixtisasartırma və yenidənhazırlanma işinə xüsusi diqqət yetirilib, əvvəlki çatışmazlıqların aradan qaldırılması istiqamətində əsaslı irəliləyişlərə nail olunub. A.Zamanov təşkil olunmuş ixtisasartırma kurslarına 10 minə qədər pedaqoji kadrın cəlb olunduğunu və onlardan 7728-nin kursları bitirdiyini bildirib, həmçinin yenidənhazırlanma sahəsində görülən işləri, elmi-tədqiqat işlərinin aparılmasını, institutun beynəlxalq əlaqələrini, eləcə də qarşıda duran vəzifələri diqqətə çatdırıb.
İclasda hər iki hesabatla bağlı suallar cavablandırılıb, konkret rəy və təkliflər irəli sürülüb.
Təhsil naziri Misir Mərdanov hər iki institutun rəhbərinə həyata keçirilməsi nəzərdə tutulan məsələlərlə əlaqədar tövsiyələrini verib, bu ayın əvvəlindən dinlənilən hesabatların artıq başa çatdığını qeyd edib.


8 il əvvəl