• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Yanvarın 18-də Təhsil Nazirliyində İctimaiyyətlə əlaqə şöbəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib.

İctimaiyyətlə əlaqə şöbəsinin müdiri Bayram Hüseynzadə rəhbərlik etdiyi şöbənin vəzifələri, fəaliyyət istiqamətləri, strukturu, əməkdaşların vəzifə bölgüsü və 2010-cu il üçün nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi istiqamətində görülmüş işlərdən söz açıb. Hesabat ili ərzində İctimaiyyətlə əlaqə şöbəsinin yerinə yetirdiyi işlərə diqqət çəkən Bayram Hüseynzadə bildirib ki, 200-ə yaxın tədbirdə media nümayəndələrinin iştirakı təmin olunub, mətbuat konfransları keçirilib, nazirliyin 30-dan çox əməkdaşının, tanınmış təhsil mütəxəssislərinin, beynəlxalq məsləhətçilərin müxtəlif televiziya və radio verilişlərində iştirakı, 450-yə yaxın müsahibəsi təşkil edilib, rəsmi məlumat, press-reliz və təqdimatlar kütləvi informasiya vasitələrinə çatdırılıb.
Şöbə müdiri Təhsil Nazirliyi və Mətbuat Şurasının 2010-cu ildə imzaladığı KİV-lə əməkdaşlığın daha da təkmilləşdirilməsinə dair Fəaliyyət Planına əsasən Bakıdakı 60 nömrəli məktəbdə Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə “Təhsil müəssisəsi və media: qarşılıqlı münasibətlər” mövzusunda keçirilmiş dəyirmi masa haqqında ətraflı məlumat verib. Füzuli rayonunun Horadiz şəhərində Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş “Təhsil və mətbuat” mövzusunda regional konfrans barədə söz açan B.Hüseynzadə tədbirdə ölkəmizin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin, Füzuli, Ağdam, Ağcabədi, Beyləqan, Xocavənd, Biləsuvar, Cəbrayıl, Bərdə və Laçın rayonlarının təhsil şöbələrinin müdirlərinin iştirak etdiyini söyləyib.
Bayram Hüseynzadə qeyd edib ki, Azərbaycan Mətbuatının 135 illiyi ilə əlaqədar jurnalistlər arasında “Təhsil və media: peşəkarlığın artırılmasına dəstək” mövzusunda keçirilən yazı müsabiqəsinin nəticələrinə əsasən 1 nəfər I, 2 nəfər II, 3 nəfər III yerin qalibi olub, 10 nəfər isə həvəsləndirici mükafata layiq görülüb. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin ictimaiyyətin məlumatlandırılması alt komponenti çərçivəsində görülmüş işlər, Təhsil Nazirliyinin rəsmi internet saytının məzmunu, istifadə rahatlığı və məlumat bazasının zənginliyi haqda söz açan B.Hüseynzadə nəinki ölkəmizdə, eləcə də xarici ölkələrdə nazirliyin saytına yüksək maraq olduğunu nəzərə çatdırıb. O, Təhsil Nazirliyinin saytının “Milli Net-2010” müsabiqəsinin qalibi olduğunu vurğulayıb.
Ötən il “Azərbaycan müəllimi” qəzetinin tərtibatında, forma və məzmununda edilən əhəmiyyətli dəyişikliklərə toxunan şöbə müdiri bu mətbu orqanın A3 formatda, rəngli, 16, 24 və 32 səhifə həcmində nəşr olunduğunu söyləyib. Rəhbərlik etdiyi qəzetin yeni internet saytının istifadəyə verildiyini bildirən Bayram Hüseynzadə “Azərbaycan müəllimi”nin çapa hazırlanmasında İKT-nin imkanlarından geniş istifadə olunduğu haqda məlumat verib və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva rəhbərlik etdiyi qurumun strukturu, fəaliyyət istiqamətləri barədə danışıb, təhsildə idarəetmənin təkmilləşdirilməsi sahəsində görülmüş işlərdən, müəllim, məktəb və şagirdlərin sayı barədə statistik göstəricilərdən bəhs edib. N.Rzaquliyeva bildirib ki, müəllimlər müsabiqə yolu ilə işə götürülərkən məktəbdə həmin ixtisas üzrə işləyən müəllimlərin orta dərs yükünün ən azı 18 saat olması ciddi tələb kimi qarşıya qoyulub. İdarə müdiri BŞTİ-nin tabeliyindəki məktəbəqədər, məktəbdənkənar təhsil müəssisələri və ümumtəhsil məktəblərində tədrisin vəziyyəti, aparılan təmir-tikinti işləri barədə göstəriciləri nəzərə çatdırıb, Bakıdakı ümumtəhsil məktəblərinin V-XI siniflərində təhsil alan 21 şagirdə bir kompüter nisbətinin təmin edildiyini söyləyib.
Nailə Rzaquliyeva bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin 264-ü genişzolaqlı internet şəbəkəsinə, bütün məktəblər lokal şəbəkəyə, bir sıra tədris ocaqları isə “Elektron məktəb” layihəsinə qoşulub. Audiovizual dərs vəsaitlərinin tətbiqi yönündə görülən işlərə toxunan N.Rzaquliyeva paytaxtın əksər məktəblərində biologiya, fizika, Azərbaycan tarixi və kimya fənlərinin artıq elektron dərsliklər əsasında tədris edildiyini nəzərə çatdırıb. Ötən illərlə müqayisədə 2010-2011-ci dərs ilində ali məktəblərə qəbul imtahanlarında Bakı məktəblərini bitirənlərin 44,83 faizinin tələbə adı qazandığını önə çəkən idarə müdiri xarici ölkələrin ali məktəblərinə və xüsusi təyinatlı ali məktəblərə qəbul olunanlarla birlikdə bu göstəricinin 48 faizə yüksəldiyini deyib.
Hesabat ilində müxtəlif bilik yarışları, konkret mövzularda olimpiadalar, inşa yazı, rəsm, plakat müsabiqələri, baxış-sərgilər və idman turnirlərinin keçirildiyini söyləyən Nailə Rzaquliyeva qazanılan uğurları nəzərə çatdırıb. O qeyd edib ki, ötən il 5867 müəllim ixtisasartırma kurslarına, 2014 müəllim müxtəlif tematik kurslara, I-III siniflərdə dərs deyəcək 1681 müəllim isə kurikulum kurslarına cəlb olunub.
Daha sonra metodik xidmətin yaxşılaşdırılması sahəsində görülmüş işlər, müəllimlərin dərs yükü barədə məlumat verən N.Rzaquliyeva vahid məktəbli formasına keçilməsi üçün atılan addımlardan bəhs edib. O, idarəyə daxil olan ərizə və müraciətlər, vətəndaşların qəbulu ilə bağlı göstəriciləri sadalayıb, qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün irəli sürülmüş müvafiq təklifləri nəzərə çatdırıb.
Sonda təhsil naziri Misir Mərdanov hər iki hesabatda səslənən fikirlərə münasibət bildirib, bir sıra məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını verib.


8 il əvvəl