• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2010-cu ilin iyun ayında 4200 müraciət daxil olub.

Müraciətlərin 3911-i telefonla, 289-u elektron poçt vasitəsilə qəbul edilib­. Bütün müraciətlər qeydə alınıb, araşdırılıb və cavab­lan­dı­rıl­ıb. Bu iş Təhsil Nazirliyinin müvafiq strukturları tərəfindən həyata keçirilib.
İyun ayında “Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin böyük əksəriyyəti sorğu xarakterlidir. Sorğuların 4000-ə qədəri ümumtəhsil məktəblərinin IX və XI si­nif­lərində mərkəzləşdirilmiş və eksternat qaydada keçirilən imtahanlar, onların nəticələrinin öyrənilməsi, apelyasiya şikayətlərinin qəbulu və onun yekunu barədə məlumatın əldə edilməsi, imtahanların keçirildiyi zaman şagirdlərin üzləşdikləri problemlər, eyni zamanda, ümumi orta və tam orta təhsil haqqında sənədlərin (şəhadətnamə və attestatların) verilməsi ilə əlaqədardır.       
Digər sorğularda müəllimlərin işə qə­bulu, istedadlı uşaqlar arasında keçirilmiş olimpiadanın nəticələri və Beynəlxalq olimpiada qaliblərinə verilən güzəştlər, xaricdə təhsil, xarici ölkə təhsil müəs­si­sə­lə­rindən verilmiş təhsil sə­nəd­lərinin tanınması, xaricdə təhsil alan azərbaycanlı tələbələrin ölkəmizin təhsil müəssisələrinə kö­çürülməsi qaydaları ilə bağlı olub. Eyni zamanda şa­gird­lərin məktəbli geyimi ilə təmin olunması, müəllimlərin əmək haqqının he­sab­lan­ması qay­da­ları və digər  mə­sə­lə­lər­ə dair sorğularla da müraciət olunub.
Şikayət xarakterli müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki-peşə, orta-ixtisas və ali təhsil müəs­si­sə­­lə­­rin­dəki problemlərdən bəhs olunur. Bu müraciətlər əsasında araşdırmalar apa­rıl­ıb, prob­lem­lərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələri ilə bağlı mü­ra­­ciətlərin böyük əksəriyyəti Bakı, Gəncə, Sumqayıt şəhərlərindən, Abşeron, Şabran, Tərtər, Qazax, Quba, Lənkəran və digər rayonlardan olub. Müraciətlərdə ümumtəhsil məktəblərində şagirdlərin illik qiymətlərinin çıxarılması, təhsil sənədlərinin doldurulması, onların məzunlara verilməsi sahəsindəki ça­tış­mazlıqlar, məktəb rəhbərlərinin yol verdikləri nöqsanlar və başqa mə­sələlər öz əksini tapıb.
 Bakıdakı 2, 3, 5, 11, 12, 18 saylı peşə liseylərindən  və Saatlı Peşə liseyindən daxil olan müraciətlərdə bu təhsil müəssisələrində aidiyyəti olmayan kitab satışının təşkili, şagird qəbulu qaydalarının pozulması, təhsil sənədlərinin və təqaüdlərin gecikdirilməsi kimi məsələlərdən bəhs olunur.
Məlumat üçün qeyd edək ki, təhsil nazirinin “Ali və orta ixtisas təhsili müəssisələrində 2009-2010-cu tədris ilinin yay imtahan sessiyasının təşkili və keçirilməsi haqqında” 21.05.2010-cu il tarixli, 632 saylı əmrinin icrası ilə bağlı “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılması təmin edilib. Bu da öz növbəsində ali və orta ixtisas təhsili müəssisələrində yay imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməyə, yarana biləcək neqativ halları aradan qaldırmağa və digər müvafiq tədbirlərin həyata keçirilməsinə kömək edib. 2009-2010-cu dərs ilinin yay imtahan sessiyası dövründə “Qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən 41 müraciət daxil olub, onlardan 23-ü dövlət, 11-i özəl ali təhsil, 7-si orta ixtisas təhsil müəssisələrindən qəbul edilib.
 Ali təhsil müəssisələrindən daxil olan müraciətlər semestr imtahanlarının test üsulu ilə keçirilməsi, Boloniya prosesinin tətbiqi, pedaqoji və istehsalat təcrübələrinin təşkili, magistratura təhsili, tələbələrin imtahanlara buraxılması, təhsil haqqının ödənilməsi qaydaları və s. ilə bağlı olub.
 Azərbaycan Dövlət Pedaqoji Universiteti, Gəncə Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Sumqayıt Dövlət Universiteti və digər ali təhsil müəssisələrindən daxil olan müraciətlərdə tələbələr daha çox aldıqları qiymətlərdən narazılıqlarını bildirərək, qiymətlərinin yüksəldilməsinə apelyasiya qaydasında köməklik göstərilməsini xahiş ediblər. Təhsil Nazirliyinin müvafiq şöbələrinin əməkdaşları müraciət daxil olmuş ali təhsil müəssisələrinin nümayəndələri ilə birgə araşdırmalar aparıb və buna əsasən  tələbələrin biliyinin imtahanda göstərdikləri nəticələrə uyğun obyektiv qiymətləndirilməsi təmin olunub.
Özəl ali təhsil müəssisələrindən daxil olan 11 müraciətdən 8-i Azərbaycan Beynəlxalq Universiteti ilə bağlıdır. Bu müraciətlərdə tələbələrin imtahanlara buraxılmaması, imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi ilə bağlı məsələlər  öz əksini tapıb. Eyni zamanda Odlar Yurdu Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Biznes Universitetindən də imtahan sessiyası dövründə şikayət xarakterli müraciətlər daxil olub. Bununla əlaqədar bütün müraciətlər yerində araşdırılıb və müəlliflərə cavab verilib.
Azərbaycan Maliyyə-İqtisad Kolleci, Bakı Rabitə və Nəqliyyat Kolleci, Gəncə Humanitar Kolleci və Odlar Yurdu Universiteti nəzdində Orta İxtisas Kolleci, Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumu və Bakı Sənaye Pedaqoji Texnikumundan müraciətlər daxil olub. Həmin müraciətlərdə tələbələrin təqaüdlərinin vaxtında ödənilməməsi, imtahanda verilmiş qiymətlərdən narazılıq, təhsil sənədlərinin gecikdirilməsi barədə şikayətlər əks olunub.
“Qaynar xətt” xidmətinə daxil olmuş müraciətlərə əsasən aparılmış araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün Təhsil Nazirliyinin struktur bölmələrinə məlumat verilib. Eyni zamanda adı çəkilən təhsil müəssisələrinə gələcək fəaliyyətlərində yol verilmiş nöqsanların aradan qaldırılması tövsiyə olunub.


8 il əvvəl