İyunun 19-da təhsil naziri Misir Mərdanov Ankara Universitetinin rektoru Cemal Taluğun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycana ilk dəfə gələn qonağı səmimi salamlayan nazir onu Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib.
Sonra Misir Mərdanov Azərbaycanla Türkiyə arasında bütün sahələrdə qurulmuş əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Hər iki ölkənin təhsil sahəsindəki əməkdaşlığını yüksək qiymətləndirən nazir bu istiqamətdə əldə olunan uğurlardan danışıb. Təhsil naziri həmçinin Türkiyə Respublikasının ali məktəblərində oxuyan azərbaycanlı gənclər, eləcə də ölkəmizdə təhsil alan türkiyəli tələbələr, onların seçdikləri ixtisaslar barədə qonağa məlumat verib, hazırda Ankara Universitetində 160 azərbaycanlı gəncin təhsil aldığını söyləyib.
Qonaqların ölkəmizin bir neçə ali təhsil müəssisəsində görüşlər keçirməsinin əhəmiyyətini qeyd edən Misir Mərdanov universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, müəllim mübadiləsinin aparılması, birgə elmi konfransların təşkili, müvafiq proqramların uyğunlaşdırılması və bu kimi digər məsələlər haqqında fikirlərini bildirib, müvafiq təkliflərini qonaqların nəzərinə çatdırıb.
Ankara Universitetinin rektoru Cemal Taluğ səmimi qəbul üçün Misir Mərdanova təşəkkür edib və nazirin irəli sürdüyü təkliflərlə həmrəy olduğunu bildirib. Birgə əməkdaşlığın, səmərəli əlaqələrin qurulmasında bu görüşün xüsusi əhəmiyyət daşıyacağına əminliyini ifadə edən qonaq bu istiqamətdə lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb, rəhbəri olduğu universitet haqqında məlumat verib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
8 il əvvəl
Digər xəbərlər
-
Emin Əmrullayev qırğız həmkarı ilə görüşüb
24.04.2024 - 19:02 -
Azərbaycan və Qırğızıstan arasında təhsil sənədinin imzalanma mərasimi olub
24.04.2024 - 16:39 -
10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq
24.04.2024 - 12:55 -
“Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsi keçirilir
24.04.2024 - 10:22 -
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30