• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Peşə təhsili pilləsi üzrə tələbə qəbulu ilə bağlı mətbuat konfransı

Avqustun 10-da peşə təhsili pilləsinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbuluna həsr olunmuş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında iştirak edən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov peşə təhsili pilləsi üzrə tələbə qəbulu ilə bağlı məlumat verib və yenilikləri diqqətə çatdırıb. Bildirilib ki, bu il ilk dəfə olaraq peşə təhsili müəssisələrinə qəbul elektron qaydada həyata keçirilir. Peşə təhsili almaq istəyən, ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər 10-24 avqust tarixlərində https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra müraciət edən şəxsin ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Peşə təhsili müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Media nümayəndələrinin nəzərinə çatdırılıb ki, tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müraciətlər barədə məlumat “Şəxsi kabinetim” bölümündə yenilənir. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə SMS bildiriş göndərilməsi də nəzərdə tutulur. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olunduqları müəssisəyə lazımi sənədlərin əslini təqdim etmək üçün dəvət olunacaqlar.

Konfransda 2020-2021-ci tədris ili üzrə tələbə qəbulunun 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılacağı və ilk dəfə olaraq cari tədris ilində tələbə qəbulu prosesində işəgötürənlərlə birgə ikili proqramların tətbiq olunacağı da açıqlanıb.

Qeyd edilib ki, peşə təhsili pilləsinə qəbul çərçivəsində 24 aprel 2018-ci il tarixindən etibarən qüvvəyə minmiş “Peşə təhsili haqqında” Qanuna əsasən peşə təhsili müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I, II və III dərəcə əlilliyi olan şəxslər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslərin dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. Həmçinin, 2020-2021-ci tədris ilində müvafiq sosial həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

Mətbuat konfransı zamanı peşə təhsili pilləsi üzrə görülən işlər də diqqətə çatdırılıb. Həmçinin qeydiyyat təlimatı nümayiş etdirilib və qeydiyyatdan keçmə qaydası haqda məlumat verilib.

Sonda media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.


3 il əvvəl