24.07.2020 17:40

Alternativ maliyyə resurslarının təhsil sahəsinə gətirilməsi istiqamətində görüş

21-23 iyul tarixlərində “Dövlət-özəl sektor tərəfdaşlığı təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək” layihəsi çərçivəsində “Təhsil sahəsi üzrə dövlət-özəl sektor tərəfdaşlığı strategiyası”nın təqdimatı və “DÖST  sahəsində bacarıqların artırılması” istiqamətində seminarlar təşkil edilib.

Onlayn keçirilən təqdimatda müxtəlif beynəlxalq və yerli təşkilatların nümayəndələri, həmçinin Təhsil Nazirliyinin bir sıra struktur bölmələrinin əməkdaşları iştirak edib. Təqdimat zamanı ümumilikdə layihə çərçivəsində cari dövrə qədər görülmüş işlər, həmçinin strategiya barəsində görüş iştirakçılarına geniş məlumat verilib. Layihə mütəxəssisləri layihənin icra dövrü ərzində beynəlxalq təcrübə, demoqrafik inkişaf, makroiqtisadi siyasət və iqtisadi artım, Azərbaycan Respublikasının təhsil sistemi və mövcud iqtisadi konteksti daxil olmaqla hazırkı iqtisadi mühitin geniş təhlilini aparılıb, nəticədə 5 əsas ehtiyac və müvafiq olaraq strateji hədəflər müəyyənləşdirilib. Daha sonra adıçəkilən strategiyanın qarşıdakı 5 il üçün fəaliyyət planı təqdim edilib, iştirakçıların sualları cavablandırılıb.

Layihə çərçivəsində benefisiar qurum qismində çıxış edən Təhsil Nazirliyinin müvafiq əməkdaşlarına “DÖST  sahəsində bacarıqların artırılması” istiqamətində elektron qaydada seminarlar təşkil edilib.

Qeyd edək ki, “Dövlət-özəl sektor tərəfdaşlığı təşəbbüsləri vasitəsilə təhsildə davamlı və müxtəlif maliyyə mənbələrinin yaradılmasında Təhsil Nazirliyinə dəstək” layihəsi Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “İBF International Consulting”in rəhbərlik etdiyi konsorsium tərəfindən icra edilir.


Açar sözlər: