28.02.2020 15:40

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Təhsil nazirinin iştirakı ilə görüş təşkil edib

Fevralın 28-də Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası (CCIAF) Təhsil naziri Ceyhun Bayramovun iştirakı ilə “Təhsil islahatları və onun özəl sektor üçün əhəmiyyəti” mövzusunda görüş təşkil edib.

Tədbirdə xarici ölkələrin  diplomatik nümayəndəliklərinin və dövlət qurumlarının təmsilçiləri, üzv şirkətlərin direktor və nümayəndələri iştirak ediblər.

Görüş CCIAF-ın idarəedici direktoru Zibər Hüseynova və İdarə Heyətinin sədri Teybə Quliyevanın açılış nitqi ilə başlanıb.

Fransanın Azərbaycandakı səfiri Zakari Qros çıxış edərək iki ölkə arasında təhsil sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulayıb və bu kimi tədbirlərin təhsil, biznes, iqtisadiyyat sahəsində əlaqələrin genişləndirilməsi baxımından mühüm olduğunu qeyd edib.

Sonra Təhsil naziri Ceyhun Bayramov təhsil sahəsindəki son islahatlar, təhsilin modernləşdirilməsi üçün müəyyənləşdirilən strategiya və özəl sektor ilə təhsil institutları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verib. Ceyhun Bayramov uğurlu islahatların həyata keçirilməsi və əmək bazarının tələbatlarına uyğun kadr hazırlığı üçün biznes sahibləri ilə dövlət institutları arasında sıx əməkdaşlığın vacib olduğunu vurğulayıb.

Tədbirdə Palatanın üzvləri olan UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev də çıxış edərək universitetlərin beynəlxalq əməkdaşlıqları, təhsil proqramları və gələcək fəaliyyət planları barədə iştirakçılara məlumat veriblər.

Görüş sual-cavab, ardınca netvorkinq sessiyası ilə davam etdirilib.


Açar sözlər: ,