• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Mühəndislik Universitetində tələbələrə smart tələbə kartları təqdim olunub

Fevralın 21-də Bakı Mühəndislik Universitetində smart tələbə kartının təqdimat mərasimi keçirib.

Tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev, Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Havar Məmmədov,  “Mastercard”ın Türkiyə üzrə vitse-prezidenti və Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar, "Kapital Bank"ın Korporativ və KOS Satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə, tərəfdaş qurumların rəsmiləri, universitetin müəllim-tələbə heyəti və media nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini İdris İsayev çıxışında qeyd edib ki, smart tələbə kartlarının hazırlanması ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində həyata keçirilir. Nazir müavini bildirib ki, bununla bağlı ali təhsil müəssisələrində mövcud olan tələbə biletinin yeni vahid standartı müəyyən edilib və onun əsasında müasir ödəniş funksionallı tələbə kartları hazırlanaraq tələbələrə təqdim olunur.

Mərkəzi Bankın sədrinin birinci müavini Alim Quliyev bu layihənin müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafında mühüm dəstək olacağını qeyd edib.

BMU-nun rektoru Havar Məmmədov universitetdə İKT-nin bir çox istiqamətlərdə tətbiq olunduğunu qeyd edib. O bildirib ki, “Universitet Elektron Məlumat Sistemi”  tətbiqi nəticəsində idarəetmədə şəffaflıq, dəqiqlik, sürətlilik və hesabatlılıq təmin olunub. Tədris prosesində müasir kompüter avadanlıqlarından, elektron resurslardan istifadə olunmaqdadır. Rektor görülən işlərin davamı olaraq, təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib.

Tədbirdə çıxış edən “Mastercard”ın Azərbaycan üzrə ölkə müdiri Erdem Çakar Azərbaycan smart kartın tələbələrə verəcəyi üstünlüklərdən danışıb.

Kapital Bankın Korporativ və KOS Satış İdarəsinin baş direktoru Fərid Hidayətzadə də öz növbəsində smart tələbə kartlarının funksionallığı və ödəniş imkanları haqqında məlumat verib. 

Sonda smart tələbə kartı barədə təqdimat nümayiş etdirilib və universitetin ən yüksək göstəriciləri olan 20 tələbəsinə smart tələbə kartları təqdim olunub.

Təqdimatda bildirilib ki, smart tələbə kartı vasitəsilə tələbələr təqaüdlərini alacaq, ölkə daxilində və xaricdə həmin kartlarla ödənişlər həyata keçirə biləcəklər. Həmçinin, regionlarda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartı vasitəsi ilə universitetə, kitabxanaya və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadə olunmasının nəzərdə tutulduğu vurğulanıb.

Qeyd edək ki, layihə Təhsil Nazirliyi, Mərkəzi Bank, “Mastercard” və "Kapital Bank"ın dəstəyi ilə həyata keçirilir. 


4 il əvvəl