• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Maarifləndirici təlimin ilk günü başa çatıb

Mayın 30-da Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlimin ilk günü öz işini yekunlaşdırıb. 

Təlimdə Təhsil nazirinin müavini Firudin Qurbanov giriş nitqi ilə çıxış edərək ölkəmizdə söz və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılmasının daim diqqət mərkəzində olduğunu vurğulayıb. Dövlətimizin mətbuatın inkişafına hər zaman yüksək diqqət göstərdiyini deyən Firudin Qurbanov bildirib ki, ümummilli lider Heydər Əliyevin ölkədə azad mətbuatın inkişafı sahəsində müəyyən etdiyi siyasət bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Daha sonra təlimin əhəmiyyətindən söz açan nazir müavini Təhsil Nazirliyinin də media ilə sıx əməkdaşlıq şəraitində iş apardığını diqqətə çatdırıb. Təlimin təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması və media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi, eləcə də görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılması məqsədilə təşkil olunduğunu deyən Firudin Qurbanov  həmçinin, yayımlanan informasiyaların dolğun və obyektiv olmasının vacibliyini önə çəkib. 

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxışında son illərdə təhsil sahəsində bir çox uğurların əldə olunduğunu deyib.

Şura sədri medianın cəmiyyətin həyatındakı roluna toxunub, jurnalistləri dəqiq olmayan və qərəzli xəbərlər yaymaqdan çəkinməyə çağırıb, eyni zamanda  bu sahə üzrə mövcud qanunvericiliyə əməl edilməsinin vacibliyini vurğulayıb.

Günün birinci yarısında Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”ndan  gözləntilər, Akkreditasiya və Nostrifikasiya idarəsinin şöbə müdiri Turan Topalova  “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)”, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev “İstedadlı uşaqlarla iş” mövzularında təqdimatlarla çıxış ediblər. 

Günün ikinci yarısında Təhsil nazirinin müavini İdris İsayev yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxış edib.

Daha sonra Aparat rəhbərinin müavini Fərzəli Qədirov “Təhsil haqqında” Qanuna dəyişikliklər, Əsaslı tikinti və təchizat idarəsinin şöbə müdirinin müavini Xəlil Qasımov “Məktəb tikintisi”, "Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev “Məktəblinin dostu”- təhlükəsiz məktəb, arxayın valideyn”, Tədris resursları şöbəsinin baş məsləhətçisi Vüsalə Əliyeva “Dərsliklərlə təminat – mövcud vəziyyət və əsas hədəflər” və “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev  isə “Ehtiyat dərsliklər” mövzuları ilə bağlı təqdimatlarını diqqətə çatdırıblar. 

Təqdimatlardan sonra jurnalistlərin çoxsaylı sualları cavablandırılıb.

Təlim mayın 31-də işini davam etdirəcək.


4 il əvvəl