22.05.2019 17:43

“Yaradıcı məktəblər” kitabının təqdimatı

Mayın 22-də Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə Təhsil Nazirliyinin sifarişi ilə Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimində Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, millət vəkilləri, təhsil ekspertləri, ümumi təhsil müəssisələrinin rəhbərləri və media nümayəndələri iştirak edib.

Tədbirdə giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov kitab haqqında məlumat verərək bildirib ki, bu nəşrin müəllifi şagirdlərdə təhsilə maraq yaratmaq, öyrənmək həvəsini inkişaf etdirmək, onlara müasir dövrün texnoloji və peşəkar resurslarından faydalanmaq üçün sağlam yanaşma təklif edir. Cəsarət Valehov qeyd edib ki, XXI əsr yeni bacarıqlar zamanıdır və bu da  “Yaradıcı məktəblər” kitabında öz əksini tapır.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublu çıxış edərək bu kitabın ümumtəhsil məktəblərinin yaradıcı fəaliyyəti, dəyişikliklərin aparılması baxımından müsbət rolunu xarakterizə edib. Vəfa Yaqublunun sözlərinə görə, kitabda dəyişikliklərin əsasını konsepsiya, bacarıqlar, stimul, resurslar və fəaliyyət planı təşkil etdiyi göstərilir.

Müəllifin fikirlərinə toxunan institut direktoru əlavə edib ki, hər bir şəxs təhsilə uşaqların gözü ilə baxsa, təhsilimiz daha humanist və səmərəli olacaq.

Bakı Şəhəri üzrə Təhsil idarəsinin sektor müdiri Anar Qədiməliyev də öz növbəsində bu cür kitabların məktəblərdə dəyişikliklər edilməsi baxımından faydalı olduğunu qeyd edib. Anar Qədiməliyev kitabın məktəb rəhbərlərinin yanaşmasını dəyişəcəyinə inandığını deyib.

Millət vəkili Fazil Mustafa da Təhsil Nazirliyinin təşəbbüsünü müsbət dəyərləndirib və belə kitabların sayının çoxaldılmasını tövsiyə edib.

Çıxış edən təhsil ekspertləri və məktəb direktorları bu cür kitabların məktəblər üçün olduqca əhəmiyyətli olduğunu deyib. Qeyd edilib ki, təhsil müəssisələrində yeni pedaqoji yanaşma tətbiq edilməli və yaradıcı təhsil genişləndirilməlidir.

Daha sonra kitab haqqında fikirlər səsləndirən digər tədbir iştirakçıları bu nəşrin həyati əhəmiyyətli bir məsələ olan təhsilə münasibətdə praktik həll yolları təqdim etdiyini, məktəb yaradıcılığında faydalı olacağını bildiriblər. Kitabın məktəb rəhbərlərini, müəllimləri təhsilin əsl mahiyyət və məqsədi haqqında yenidən düşünməyə vadar etdiyi diqqətə çatdırılıb.

Sonda tədbir iştirakçılarına Azərbaycan dilinə tərcümə olunmuş Ken Robinsonun “Yaradıcı məktəblər” kitabı təqdim edilib.