21.05.2019 11:30

TOPs proqramı çərçivəsində idman festivalı

"TOPs - təhsilalanların fiziki sağlamlığı, psixoloji dayanıqlılığı və təlim nailiyyətlərinin yüksəldilməsi" layihəsi çərçivəsində Bakı şəhəri 269 nömrəli tam orta məktəbdə idman festivalı keçirilib.

Festivalda məktəblilər müxtəlif idman fəaliyyətlərində fiziki və liderlik bacarıqlarını nümayiş etdirib, şən startlarda güclərini sınayıb, musiqili əyləncəli proqramlarla çıxış ediblər. 

Tədbirdə tərəfdaş qurumların nümayəndələri, məktəbin müəllim kollektivi və valideynlər iştirak edib.

Qeyd edək ki, Təhsil Nazirliyi, “British Council Azərbaycan”, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və “İnkişaf Naminə İdman” İctimai Birliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi ümumi təhsil məktəblərinin fiziki tərbiyə və ibtidai sinif müəllimlərini fiziki tərbiyə fənni üzrə müasir təhsil texnologiyası ilə təmin etməkdir. 

2014-cü ildən həyata keçirilən layihəyə cari tədris ilindən 100 ümumi təhsil müəssisəsi qoşulub. Bakı, Sumqayıt şəhərləri ilə yanaşı Abşeron, Qobustan, Şamaxı, İsmayıllı, Qəbələ, Laçın və Qubadlı rayonları üzrə məktəblərin ümumi sayı 250-yə çatdırılıb. 2018-2019-cu il tədris ilində layihəyə cəlb olunan məktəblərdən 600 nəfərə yaxın fiziki tərbiyə və ibtidai sinif müəllimi TOPs təlimlərində iştirak edərək sertifikatla təltif edilib.