• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəblinin dostu” layihəsinin hesabatı təqdim olunub

Mayın 2-də  Bakı şəhəri Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə  “Məktəblinin dostu” pilot layihəsi üzrə görülən işlərlə tanışlıq məqsədilə tədbir keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, millət vəkilləri, media qurumlarının rəhbərləri, valideynlər və jurnalistlər iştirak edib.

 “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev geniş təqdimatla çıxış edərək bu günə qədər görülən işlər barədə məlumat verib. Layihə rəhbəri əməkdaşların işəgötürülmə prosesindən, onlar üçün keçirilən təlimlərdən söz açıb.

Tədbirdə layihə çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin iş istiqamətləri haqqında da məlumat verilib, layihə üzrə təşkil olunan “Yay məktəbi”nin məqsədlərindən danışılıb.

Çıxış edən qonaqlar layihənin əhəmiyyətindən söz açıb və əhatə dairəsinin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Layihənin əhatə etdiyi məktəblərdə təhsil alan şagirdlərin valideynləri də “Məktəblinin dostları” barəsində müsbət fikirlərini bildiriblər.

Daha sonra “Məktəblinin dostu” layihəsi çərçivəsində görülən işlərin əks olunduğu videoçarxlar nümayiş olunub.

Görüşdə layihə ilə əlaqədar rəy və təkliflər səsləndirilib, icra edilmiş təşəbbüslərə dair müzakirələr aparılıb.

Xatırladaq ki, “Məktəblinin dostu” pilot layihəsi 2016-cı ilin dekabr ayında Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb.

Layihə hazırda Bakı şəhərindəki 35 ümumi təhsil müəssisəsində həyata keçirilir. Hər məktəbdə şagird sayına uyğun olaraq, minimum 3 nəfər “Məktəblinin dostları” fəaliyyət göstərir. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.

Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

“Məktəblinin dostları” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin edilməsi, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edirlər.


4 il əvvəl