15.04.2019 17:01

“Mən öz gələcəyimi seçirəm”

Aprelin 15-də Bakı Dövlət Universitetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil olunub.

Seminarın təşkil olunmasında məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, həmçinin narkomanlığa qarşı mübarizənin aparılması və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılmasıdır.

Seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqoda fəaliyyət göstərən əməkdaşı, İDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle E.Herron mühazirə oxuyub.

Tədbiri giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən bəhs edib.

Sonra seminarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğatın aparılmasına dair videofilm nümayiş etdirilib.

 Daha sonra müzakirələr aparılıb və xarici ekspert tərəfindən tələbələrin sualları cavablandırılıb.

Seminarda Nazirlər Kabineti, Təhsil, Daxili İşlər, Gənclər və İdman, Səhiyyə nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Təhlükəsizlik Xidməti,  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, Dövlət Gömrük Komitəsinin ekspert və nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, daha 3  təhsil müəssisəsində - Bakı şəhəri 20 nömrəli məktəb-liseydə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında və Azərbaycan Texniki Universitetində keçirilməsi planlaşdırılan seminarlarda 2000 nəfərə yaxın tələbə və məktəblilərin iştirakı nəzərdə tutulub.

Seminarlar Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planının 7-ci bəndinin icrası ilə əlaqədar olaraq təşkil edilir.


Açar sözlər: ,  ,