18.03.2019 12:30

Ən fəal tələbə-könüllülər mükafatlandırılıb

Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının 2018-ci il üzrə ən fəal 14 tələbə-könüllüsü mükafatlandırılıb.  

Mükafatlandırma mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, təhsil müəssisələrinin prorektorları və tələbə-könüllüllər iştirak ediblər.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yerini qeyd edən Firudin Qurbanov diqqətə çatdırıb ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq, eləcə də dövlət əhəmiyyətli tədbirlərin təşkilində tələbə-könüllülərin danılmaz fəaliyyəti və əvəzsiz rolu vardır. Firudin Qurbanov bu proqramın ötənilki fəaliyyətini yüksək qiymətləndirib, ən çox könüllülük saatına sahib olan 14 tələbə-könüllünün uğurlu fəaliyyətinin təqdirəlayiq hal olduğunu vurğulayıb.

Sonra Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Qərbi Kaspi Universiteti, Azərbaycan Texnologiya Universiteti, Sumqayıt Dövlət Texniki Kollecindən olan 2018-ci il üzrə ən fəal tələbə-könüllülər nazir müavini tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, 7 şəhər, 37 təhsil müəssisəsindən 20 000-dən çox tələbə-könüllünü birləşdirən proqram indiyədək “Formula 1” Azərbaycan Qran Prisi, IV İslam Həmrəyliyi Oyunları, Nəsimi Festivalı, Bakı marafonları, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir, Bakı Şopinq Festivalı, Bakı Humanitar Forumu, “BMX Racing” növü üzrə dünya çempionatı, ümumilikdə 6 istiqamət üzrə 400-dən çox olan tədbirdə uğurla fəaliyyət göstərib. Tələbə-könüllülərin qeyd olunan tədbirlər zamanı könüllülük fəaliyyəti ümumilikdə 144 148 saat təşkil edib.


Açar sözlər: ,