15.02.2019 15:00

Təhsil robotlarının tətbiq olunduğu məktəbə mediatur

Fevralın 15-də Bakı şəhəri 162 nömrəli tam orta məktəbə mediatur keçirilib. 

Mediaturun məqsədi məktəblərdə keçirilən təhsil robotları məşğələləri haqqında media nümayəndələrini məlumatlandırmaq olub.  

Mediaturda bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın uğurla həyata keçirilməsi nəticəsində məktəblərdə təhsil robotlarının tədrisə inteqrasiyasına xüsusi diqqət yetirilir. Belə ki, Təhsil Nazirliyi tərəfindən son iki ildə Bakı, Sumqayıt, Lənkəran və Mingəçevir şəhərlərində 20 ümumtəhsil müəssisəsi təhsil robotları ilə təmin olunub.

Təhsil robotları ilə təmin olunan məktəblərin informatika otaqlarına "Lego Education" təhsil həllərinə uyğun tərtibat verilib, otaqlar avadanlıqlar üçün mebellərlə təchiz olunub. İnformatika, fizika, riyaziyyat və ibtidai sinif müəllimləri xüsusi sertifikatı olan xarici mütəxəssislər tərəfindən keçirilən təlimlərdə iştirak edib, robotların proqramlaşdırılması, təhsildə tətbiqi və inteqrasiyası barədə biliklərə yiyələniblər.

Qeyd olunub ki, təcrübəyə əsasən robot texnologiyasından istifadə gündəlik məktəb təcrübəsinə innovasiya və yaradıcılıq gətirir. Şagirdlərin konstruktorlar ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Bu cür dərslərdə şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.

Elm və texnologiyalara olan marağı artırmaq və təhsil robotlarından istifadə edərkən yaradıcı, orijinal düşüncə bacarıqlarını inkişaf etdirmək məqsədi ilə şagirdlər üçün beynəlxalq yarışlarda iştirak imkanları yaradılır. Cari ildə Təhsil Nazirliyi, ADA Universiteti və “Mars Academy” şirkətinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “First Lego League (FLL) Azerbaijan” mühəndislik və robototexnika yarışına start verilib. Yarışda iştirak etmək üçün ölkə üzrə 31 məktəbin komandası qeydiyyatdan keçib.

Hər il dünyanın 98 ölkəsindən yarım milyon məktəblinin qatıldığı FLL yarışına Azərbaycan ilk dəfə 2017-2018-ci tədris ilində qoşulub. Yarışın yerli turnirində qalib gələn komanda Azərbaycanı Estoniyada keçirilən beynəlxalq  yarışda uğurla təmsil edib.

Qeyd edək ki, cari ildə FLL mühəndislik və robototexnika yarışında iştirak etmək üçün qeydiyyat 2018-ci ilin oktyabrın 22-dən başlayıb və noyabrın 15-dək davam edib. Yarışın yerli turnir və mükafatlandırma mərasiminin aprel ayının 6-da baş tutacağı planlaşdırılır.


Açar sözlər: ,  ,