13.02.2019 13:00

Qubada SABAH III Karyera Qış Məktəbi

Fevralın 13-də SABAH Karyera Akademiyası çərçivəsində Qubada SABAH III Karyera Qış Məktəbinin təlimləri başlayıb.

Fevralin 14-dək davam edəcək təlimdə tələbələr karyera planlaşdırılması, CV yazılışı, müsahibə, təqdimat bacarıqları və digər mövzular üzrə məlumatlar alacaqlar. Təlimin sonunda iştirakçılara sertfikatlar veriləcək.

Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində keçirilən təlimdə 100-ə yaxın tələbə iştirak edir.Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır.

SABAH III Karyera Qış Məktəbi IV kursda təhsil alan SABAH tələbələrinin işədüzəlmə, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılmasına xidmət edir. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər “(Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics” və s.) və fərdi təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək göstərəcəklər. 

Karyera Qış Məktəbi ilə yanaşı, SABAH layihəsinin əməkdaşları üçün də “Ali təhsillin idarə olunmasının qanunvericilik ve texniki aspektləri” mövzusunda xüsusi seminar təşkil ediləcək.

SABAH Karyera Akademiyası 2017-ci ildən SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədi ilə yaradılıb. Akademiyanın təlimləri peşəkar karyera, sahibkarlıq, elmi araşdırma istiqamətləri üzrə tələbələrin biliklərinin artırılmasına yönəlib.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində 39 ixtisas üzrə 2300-dən çox tələbəni və 600-dən artıq müəllimi əhatə edir.


Açar sözlər: ,