25.01.2019 17:00

“SABAH sabahımız üçün əla fürsətlər verdi”

Macarıstanın Korvinus Universitetinin tələbəsi Rəsul Musayev: “Avropanın istənilən universitetində keyfiyyətli təhsil almaq mümkündür”

 

Dünyanın nüfuzlu universitetlərində təhsil alan və öz uğur hekayələrini yazan gənclərimiz kifayət qədərdir. Onların hər biri ilə söhbətləşəndə tələbələrimizin dünyagörüşünün, elmi potensialının, bilik səviyyəsinin nə qədər yüksək olmasına şahid oluruq. Dəyişən dünyanın tələbləri gənclərimizin də motivasiyasını gücləndirir və onları elmin ən yüksək zirvələrinə doğru inamla addımlamağa səfərbər edir. Budəfəki söhbətimiz belə gənclərdən biri, hazırda Macarıstanın Budapeşt Korvinus Universitetində təhsil alan Rəsul Musayevlə redaksiyamızda baş tutdu.

Tanıtım. 1997-ci ildə Bakıda anadan olub. 2014-cü ildə Bakıdakı 110 nömrəli tam orta məktəbdən məzun olub. Elə həmin ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Dünya iqtisadiyyatı” ixtisasına qəbul olunub. Sonra Təhsil Nazirliyinin SABAH layihəsi çərçivəsində ali təhsilini II kursdan UNEC-də davam etdirib. III kursdan bakalavr təhsilini Avropa Birliyinin maliyyələşdirdiyi “Erazmus+”  mübadilə proqramı çərçivəsində Böyük Britaniyanın Lester Universitetində davam etdirib. Hazırda Macarıstan hökumətinin təqaüd proqramı vasitəsilə bu ölkənin Budapeşt Korvinus Universitetində “Marketinq” ixtisası üzrə magistratura təhsili alır.

 

- Siz SABAH qrupunda təhsil almısınız. SABAH sizə nə verdi?

 

- İlk növbədə qeyd edim ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılan SABAH  qrupları ölkəmizin təhsil sistemində həyata keçirilən innovativ layihə kimi çox əhəmiyyətlidir. SABAH qruplarının həm tələbələri, həm də onlara dərs deyən müəllimlər seçim əsasında müəyyən olunur. Bizim müəllimlərimizin də əksəriyyəti ali  təhsillərini xaricdə alıb, öz ixtisasları üzrə xarici şirkətlərdə çalışıblar. Bundan başqa, təhsilimiz də ingilisdilli təhsildir. Bildiyiniz kimi, hazırda bir çox tələbə magistr təhsilini xaricdə almağı planlaşdırır. Məhz həmin tələbələr üçün SABAH bir hazırlıq mərhələsidir.

Mən özüm də bunu görmüşəm ki, bakalavr təhsilini Azərbaycan dilində alanlar xaricə gedəndə çox əziyyət çəkirlər. Çünki biri var, məsələn, gündəlik danışıq üçün ingilis dilini öyrənirsiniz, bu, asan məsələdir. Ancaq akademik dili qavramaq üçün qısa bir müddət  kifayət etmir, gərək o ixtisası əvvəlcədən ingilis  dilində oxuyasınız. Təhsilimizi ingilis dilində almağımız bizim üçün üstünlük oldu.

Təhsil Nazirliyi SABAH tələbələri üçün bir çox əlavə şanslar da yaradırdı. Əslində, sırf SABAH tələbələri üçün bir çox yerli şirkətlərin xüsusi təqaüd, təcrübə proqramları olurdu. Biz SABAH tələbəsi olaraq bu imkanlardan maksimun yararlana bilirdik. Məsələn, yay aylarında SABAH tələbələri üçün Londonda təcrübə proqramlarının təşkil olunmasını qeyd etmək olar.

Bütövlükdə götürdükdə, SABAH bizim üçün uğurlu karyeranın başlanğıcı oldu. Çünki təkcə SABAH çərçivəsində qazandığım əhatə, biliklər vasitəsilə özümü nə qədər inkişaf etdirə bildiyimi düşünürəm. Mənim təhsil haqqında düşüncələrimdən biri ideya və təşəbbüslərin cəmləşdiyi, universitet  həyatının bizə verdiyi mühitdir. Savadlı tələbələrin bir yerə yığışması bizim üçün çox müsbət oldu. Deyə bilərəm ki,  SABAH sabahımız üçün əla fürsətlər verdi.

 

- SABAHın müəllimləri barədə nə deyə bilərsiniz?

 

- Müəllimlərimiz xaricdə təhsil almış mütəxəssislər olduqları üçün orada gördükləri metodikanı öz dərslərində tətbiq etməyə çalışırdılar. Məsələn, xaricdəki təhsil sistemində diskussiyalar vasitəsilə tələbələrin öz fikirlərinə çox önəm verilir. Daha çox interaktiv dərslər keçilir. Bütün bunları xaricdə təhsil almış müəllimlərimizdən daha çox görürük.

 

- “Erazmus+” proqramı sizə nə verdi?

 

- Bu proqram Avropa Birliyi tərəfindən maliyyələşdirilir və bir neçə istiqaməti var. Məsələn, elə istiqamətlər var ki, sırf magistr proqramlarını maliyyələşdirir. Bundan əlavə, qısamüddətli, deyək ki, ikihəftəlik treninqlər də təklif edir. Bunun bir qolu da universitetlərarası əməkdaşlılq səviyyəsində olur. Məsələn, bizim UNEC-in Böyük Britaniyanın Lester Universiteti ilə bu sahədə müqaviləsi var. Bu, “Erasmus Mundus”  layihəsi vasitəsilə maliyyələşdirmədir. Bu layihə çərçivəsində hər il bizdən azı 3 tələbə gedib orada bir semestrlik təhsil ala bilər. Səhv etmirəmsə, dövlət universitetləri içərisində ilk dəfədir ki, UNEC-də Birləşmiş Krallığın bir universiteti vasitəsilə “Erazmus” müqaviləsi imzalanıb. Həmin müqavilədən yararlanan ilk tələbələr də biz olduq - mən və daha iki tələbə. Kifayət qədər gözəl bir təcrübə oldu.  Həm gözəl təhsil ala bildik, həm də yeni mədəniyyətlərlə tanış olduq.

 

 

- Xaricdə təhsil üçün Avropanı seçməyiniz hansı amillərlə bağlı idi?

 

- İlk növbədə ixtisasıma görə. Mən marketinq üzrə təhsil alıram. Əslində isə rəqəmsal marketinqə daha çox marağım var. Rəqəmsal marketinq də klassik marketinqlə müasir innovasiyaların qovuşduğu bir yerdədir. Buna görə də mən daha innovativ bir ölkədə təhsil almaq istəyirdim. Təbii ki, Avropa ölkələri bu sahədə öndədirlər. İkinci səbəb də o idi ki, təhsil dövründə bir sıra təcrübə keçmək şansı əldə edirdim. Əvvəlki xaricdə təhsil təcrübəmdə belə bir imkan yox idi. Çünki qısamüddətli mübadilə proqramında iştirak edirdim. İngiltərə qanunvericiliyi xarici tələbələrin işləməsinə onsuz da icazə vermir. Ancaq Macarıstanda işləmək şansı da var. Birinci semestrdə, düzdür, daha çox dərslərə adaptasiya olunmağım zaman aldı. Ancaq digər semestrlərdən həm oxuyaraq, həm də işləyərək ixtisasımı daha da təkmilləşdirmək fürsətim yaranır. Mənim üçün ən mühüm motivasiyalardan biri, deyərdim ki, məhz  budur. Çünki Macarıstan müxtəlif şirkətlərin filiallarının yerləşdiyi ölkədir. Xüsusilə də paytaxt Budapeşt şəhəri. Bu şirkətlərdə keçdiyim qısamüddətli təcrübələrin belə gələcək karyeramda böyük töhfəsi ola bilər.

 

 

- Britaniya və Macarıstan təhsil sistemi arasında müəyyən müqayisələr apara bilərsinizmi?

 

- Macarıstanla bağlı ortaq keçmişimiz olmağına rəğmən deyə bilərəm ki, burada  büroktariya daha çox özünü göstərir. İngiltərədə təhsil alanda mən tələbələrə daha çox sərbəstlik verildiyini gördüm. Məsələn, Azərbaycanda tələbələrin ən çox narazı olduğu hal davamiyyətə üstünlük verilməsidir. Bu yanaşma deyərdim ki,  Macarıstanda daha sərtdir.

Azərbaycanda qayıb limiti, məsələn, 9 dərsdirsə, Macarıstanda 3-dür. Yəni 3 dərsdən artıq buraxa bilmərik. Bir tərəfdən, bu, müsbət haldır. Digər tərəfdən də, məsələn, bəzi fənlər var ki, mən onu evdə oturub mütaliə yolu ilə öyrənməyə çalışsam, daha faydalı olacaq, nəinki müəllimin mühazirəsini dinləyərək. Ancaq bu imkan bizə verilmir. O cəhətdən Macarıstanın belə bir mənfi cəhəti var.

Ancaq Lester Universitetində həftələrlə dərsə girməyə bilərsən. Universitet tərəfindən tələbəyə email göndərilir ki, siz nəyə görə dərsə gəlməmisiniz, nəsə bir problem var? Yəni, tələbələrlə maraqlanırlar. Sadəcə olaraq bir məcburiyyət yoxdur.  Digər tərəfdən, mən həmişə bunu da deyirəm ki, tələbələri müəyyən dərəcədə tədqiqatlar aparmağa təşviq edən imkanlar var. Bu, hər iki ölkədə çox müsbət cəhətdir. Düzdür, Britaniyada  tələbələr üçün daha böyük  infrastuktur yaradılıb.  Məsələn, kitabxana üçün 3 mərtəbəli bina var, o binanı görəndə insan istər-istəməz  həvəslənir, oxumağa motivasiya güclü olur. İngiltərədəki kimi olmasa da, Macarıstanda da bu fürsət yaradılır. Təhsildə inkişaf fərqi nisbətən də olsa özünü göstərir. Böyük Britaniya ingilisdilli ölkə olduğundan beynəlxalq tələbələr üçün daha uyğundur,  orada ingilisdilli materialları tapmaq daha asandır. Macarıstanda isə bu sahədə nisbətən çətinliklərimiz olur. Materialların yarıdan çoxu sırf macar dilindədir, baxmayaraq ki, universitet ingilis dilində tədris verir.

- Ali təhsilinizdə hansı innovasiyaları müəllimlərdən ala bilirsiniz?

 

- Belə deyək, Britaniyada bunun daha yaxşı nümunələrini, məsələn, tədris prosesində onlayn dərslərin effektivliyini görürdük. Düzdür, bu praktika Macarıstanda da var. Britaniya təhsil sistemində belə bir təcrübə mövcuddur ki, bir çox dərsləri tələbələr könüllü şəkildə götürürlər. Bəzən olur ki, bir müəllimin dərsinə həddindən çox tələbə qatılmaq istəyir. Belə olanda rəhbərlik nə edir? İki mühazirə zalı ayırır. Birində müəllim canlı danışır, o birində isə böyük bir ekran vasitəsilə birbaşa bağlantı olur.   Bundan başqa, davamiyyətin yoxlanılması kart vasitəsilədir. Ümumiyyətlə, İngiltərədə kart vasitəsilə kitabxanadan istifadə edə bilirdik. Bundan başqa, kitabların surətlərini də kartla çıxarmaq mümkün idi. Karta balans yüklənir və materiallar “kserokopiya” olunur. Yəni, hər şey sırf bir tələbə kartı vasitəsilə olur. Macarıstanda isə davamiyyət hələ də qələm vasitəsilədir. Yəni, bu sahədə geridə qalır. Ancaq İngiltərə ali təhsili ən üstün səviyyəyə çatmış ölkələrdən biridir.

 

- Təhsilimizdə hansı müsbət məqamları görmək istərdiniz?

 

- Ümumiyyətlə, istərdim ki, ali məktəblərimizdə xaricdə təhsil almış savadlı müəllimlərin sözləri, məsləhətləri daha çox dinlənilsin. Bizim SABAH qruplarında xaricdə təhsil almış müəllimlərimiz vardı, onlar öz metodikalarını tətbiq etmək istəyirdilər, lakin bəzən metodikalarla bağlı müəyyən limitlər yaranırdı.     

Xaricdə təhsil sistemində necədir? Əvvəlcədən müəllim tələbələrə sillabus təqdim edəndə deyirdi ki, tutaq ki, mən davamiyyət yoxlamaq istəmirəm, il ərzində cəmi bir kurs işi verəcəyəm, həmin kurs işi vasitəsi ilə sizin 70 faiz biliyiniz məlum olacaq. 30 faiz də, deyək ki, seminarda aktivliyiniz əsasında formalaşacaq. Bizim müəllimlər xaricdə təhsil aldıqları üçün ona oxşar bir sistem qurmaq, bizi 100 faizlik kurs işi ilə dəyərləndirmək istəyirdilər. Bu, o deməkdir ki, mənim fənnimə bu tələbə necə hazırlaşıb. Çünki siz imtahanlardan və yaxud 10 sərbəst işdən bir şey əldə edə bilməyəcəksiniz. Lakin bu şərait yaradılmırdı. Bəzi dərslər üçün imtahan doğrudan lazım ola bilər. Amma ölkəmizdə müəllimlər üçün şərait yaradılmalıdır ki, öz metodikalarını tətbiq etsinlər. Müəllimlər təhsilimizi necə inkişaf etdirmək lazım olduğunu daha yaxşı bilirlər. Xaricdə təhsil almış müəllimlərin təklifləri də nəzərə alınsa, kifayət qədər uğur əldə edə bilərik. Bizdə kifayət qədər təcrübəli müəllimlər var, onlar yenilikləri daha yaxşı bilirlər.

 

- Müəllimlərinizi necə xarakterizə edə bilərsiniz?

 

- Mənim qənaətim belədir ki, bütün universitetlərdə heç də hər müəllimin yüksək səviyyədə dərs keçdiyini söyləmək çətindir. Avropadakı top universitetlərin müəllimləri barədə də bunu demək olar. Yəni hər universitetdə yüksək səviyyədə dərs keçənlər, dərsi tələbələrə maraqlı etməyə çalışanlar var. Elə müəllimlər də var ki, bunun  tam əleyhinə, dərsə sırf öz məsuliyyəti kimi baxır, yəni bu işi görüm, tez də evə gedim. Belə müəllimlər oxuduğum universitetdə də kifayət qədərdir. Sadəcə olaraq infrastrukturu daha yaxşı olan universitetdə yaxşı müəllimlər daha çoxdur.

 

Müəllimlərimiz var ki, onlar üçün davamiyyət önəmli deyil, deyirlər ki, tələbələrin sırf öyrənməsi lazımdır. Məsələn, marketinq və menecment müəllimimiz var idi ki,  dərsdə bizə yalnız öz keçmiş təcrübələrindən danışırdı: yəni təcrübə aldığı ölkələrdə, şirkətlərdə hansı situasiyalarla qarşılaşıb. Bunu ona görə danışırdı ki, tələbələrə bir şey çatdıra bilsin.

Onun üçün davamiyyət məcburi olmadığına görə çox adam dərsə gəlmirdi, ancaq bununla belə, müəllim öz dərslərini davam etdirirdi. Elə müəllimlər də var  ki, işi davamiyyəti yoxlamaqdan və yaxud qiymət yazmaqdan ibarət idi.  Həmin müəllimin dərsində tələbələr daha həvəssiz olur. Azərbaycanda deyərdim ki, oxşar fənni daha yüksək səviyyədə tədris edən müəllimlər var, hansı ki, o dərsləri mən SABAH qrupunda olarkən almışam. Müəllimdən müəllimə fərq var, lakin keyfiyyət Macarıstanda daha yüksəkdir.

 

- Tələbələrimiz xaricdə universitet seçərkən nələrə diqqət etməlidir?

 

- Bizdə belə hallar var ki, hansı ölkədə təhsil almağa imkanı çatırsa və yaxud təqaüdlərə müraciət edə bilirsə, bu ölkələrə üz tutmağa çalışırlar. Xarici universitetlərə müraciət qaydaları çox mürəkkəbdir, bəzilərinin bu prosedur barədə bilikləri olmur. Ona görə də xaricdə istədikləri keyfiyyətdə təhsil ala bilmirlər. Buna görə də biz xaricdə təhsil almaq üçün gənclərimizə kömək etmək məqsədilə layihə işlədik. İndi gənclərin ən çox üz tutduğu ölkələrdən biri İtaliya, digəri isə Estoniyadır.   Bir insan innovativ sahələr üzrə təhsil almaq istəyirsə, təbii ki, Estoniya onun üçün ən yaxşı ölkədir, düzdür, Almaniya da ayrı bir dünyadır. Ancaq Estoniya maliyyə cəhətdən onlara üstünlük gətirəcək. Həm də təhsilin keyfiyyəti kifayət qədər yüksəkdir.  Macarıstanda mənim təhsil aldığım universitet iqtisadiyyat və biznes yönümlü ixtisas üzrə üstün olsa da, İT sahəsində geridədir. Ona görə də maddi imkan kifayət qədər olarsa, digər ölkələrə getmələri məsləhətdir. Müşahidə etdiyim digər bir məsələ odur ki, son vaxtlar  gənclər əsasən təhsilin maliyyə tərəfi ilə maraqlanırlar, keyfiyyətli təhsil isə yaddan çıxır. Təəssüf ki, vəziyyət belədir, ancaq bu da qınanılası deyil. Ona görə də ixtisasından asılı olmayaraq, gənclər bir neçə təqaüd proqramına müraciət edir və sonda hansından razılıq alırsa, ora da gedir. Əslində, yenə də gələcəklərinin parlaq olması ehtimalı çox böyükdür, çünki Avropanın istənilən universitetində keyfiyyətli təhsil almaq mümkündür.  

 

- Universitetlərin tələbləri necədir?

 

- Tələblər ilk növbədə Azərbaycanda gənclərin qarşılaşdıqları dil bilikləri baryeri ilə bağlıdır. Tələbələr dil biliyinin yoxlanılması üçün verdikləri İELTS imtahanıdır ki, 9 ballıq sistemlə qiymətləndirilir. Burada tələbənin ingiliscə dinləmə-anlama, oxuyub- başa düşmə, bildiklərini  yazmaq, yəni esse yazmaq qabiliyyəti yoxlanılır. Ortalama olaraq 6 və ya 6,5, bəzən də 7 bal toplamaq lazım olur. Bunlar bir çox universitetlərə qəbul üçün  kifayətdir. Magistratura üçün bakalavr təhsili üzrə ortalama qiymətlər nəzərə alınır. Bu, çox önəmlidir, azı 71 bal olmalıdır və minimum tələbdir. Normalda güclü təqaüdlərə müraciət etmək üçün tələbənin heç olmasa 85-dən yuxarı ortalama balı olmalıdır. Bundan başqa, motivasiya məktubu yazmaq tələb olunur. Burada  tələbənin xaricdə təhsil almaqda məqsədinin nə olduğu, gələcək üçün planları və s. göstərilməlidir. Tələbə özü bunları əsaslandıra bilməlidir. Bundan başqa, tövsiyə məktubları tələb olunur. Bu məktublar tələbənin əvvəlki ixtisas müəllimləri tərəfindən yazılsa yaxşı olar.

Müəllimin tələbəsi barədə fikirləri tövsiyədə rəsmi şəkildə (imzalı, möhürlü)  əksini tapmalıdır. Xarici universitetə təqdim etməlidir ki, mən bu tələbəni doğrudan da tövsiyə edirəm. Daha yüksək tələbli universitetlər tələbənin ixtisas biliklərinin yoxlanılması üçün hətta imtahanlar da təyin edə, tələbənin biliyini  birbaşa yoxlamaq üçün skaypla müsahibə təşkil edə bilər. Hər universitetin fərqli metodika və prosedur qaydaları var. Ancaq motivasiya və ortalama qiymətlərin  olması kifayət edir.  

 

- Tələbələrimizin çətinlikləri nə ilə bağlıdır?

 

- Ən böyük çətinliklərlə ilk semestrdə rastlaşırıq. Macarıstana getdiyimdə çətinliklər yaşadım, çünki fərqli bir mühitə düşdüm. Tam fərqli bir universitetdəsiniz. Gündəlik həyata alışmağınız  tələb olunur, bir tərəfdən də dərslər başlayır. Dərs prosesində olan çətinliklərə gəlincə, həm nəzəri, həm də riyaziyyat və ya statistika tipli fənlərdə  problem yarana bilər. İngilis dili bilikləri kifayət qədər olan tələbələr o qədər də çətinlik çəkmirlər. Lakin magistr təhsilində, xüsusilə də statistika, iqtisadi, biznes yönümlü fənlərdə çətinliklər olur. Məsələn, hər hansı bir fənni keçmək üçün əvvəlki baza tələb olunur. Azərbaycanda bu baza kifayət qədər yaxşı yaradılmayıbsa, onda tələbə çox çətinlik çəkir. Məsələn, bəzi tələbələr ilk aylarda toplaşıb o bazanı özləri yaratmalı olurlar. Çünki cəbr və ya xətti riyaziyyat sahəsində baza biliklər olmalıdır ki, statistika fənnini keçə biləsən. Bu cür fənlərdə tələbələr kifayət qədər çətinlik çəkirlər, digər fənlərdə isə ingilis dilini bilmələri kifayət edir.

 

- Növbəti hədəfləriniz nədir?

 

- Uzunmüddətli hədəflər qoymağı xoşlamıram, ancaq yaxın bir ildə nə edə biləcəyimdən danışa bilərəm. Əsas məqsədim odur ki, ixtisasım üzrə praktik biliklər əldə edim. Ona görə həm işləmək, həm də təhsilimi paralel olaraq davam etdirmək istəyirəm. Məqsədim öz sahəmdə kifayət qədər həm təcrübəsi, həm də biliyi olan mütəxəssis kimi yetişə bilməkdir.

 

- Sizin üçün təhsildə uğurun sirri nədədir?

 

- Məncə, təhsildə uğur ixtisasını sevmək və sevdiyiniz ixtisas üzrə bilikləri daha da genişləndirmək üçün çalışmaqdan ibarətdir. Çünki birincisi, ixtisası sevəndə artıq bu, istər-istəməz həyatınızın bir parçasına çevrilir. İndiki şəraitdə imkanlarımız əvvəlki nəsillərə görə çoxdur. Bizim internet resursları, tanıdığımız insanlar, qatıldığımız şəbəkələr vasitəsilə bu imkanlarımızı genişləndirmək şanslarımız daha çoxdur. Buna görə də deyə bilərəm ki, ilk növbədə, ixtisası sevmək və sonra da bu yolu qət etmək üçün baza lazımdır. İxtisasa qarşı sevgi varsa, artıq hər şeyə nail olmaq mümkündür.

 

“Azərbaycan müəllimi” qəzeti


Açar sözlər: ,  ,