14.01.2019 14:00

SABAH tələbələri xüsusi təqaüdə layiq görülüblər

Təhsil Nazirliyinin SABAH qruplarının Karyera Akademiyası çərçivəsində tərəfdaşı olan “GoldenPay” şirkəti SABAH tələbələri üçün xüsusi təqaüd ayırıb.

Təqaüd informasiya texnologiyaları və iqtisadiyyat istiqamətli ixtisaslar üzrə təhsil alan III kurs tələbələri üçün nəzərdə tutulub. Müsabiqədə iştirak etmiş 49 tələbədən Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Əsgər Nağıyev və Azərbaycan Texniki Universitetinin tələbələri Emin Məhəmmədi və Samir Əliyev təqaüdə layiq görülüblər.

Qalib tələbələr 2018-2019-cu tədris ilinin sonunadək aylıq 150 manat məbləğində təqaüd əldə edəcəklər.

Qeyd edək ki, müsabiqə Azərbaycanda ilk onlayn ödəmə xidməti olan Hesab.az platformasını yaratmış “GoldenPay” şirkətinin təşəbbüsü ilə təşkil olunub. Şirkət eyni zamanda korporativ sosial məsuliyyət siyasəti çərçivəsində SABAH qrupları ilə yaxından əməkdaşlıq edərək təhsilə mütəmadi töhfə verməkdədir.


Açar sözlər: ,