• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Vətəndaş məmnunluğu üçün

Təhsil Nazirliyi sosial mediada da fəallığına görə ön sıralardadır

 

Bu dəfə Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzindəyik. Bu, nazirliyin ən əlçatan strukturu sayılır. İstər sözün həqiqi, istərsə də rəmzi mənasında. Birinci mərtəbədə yerləşən Mərkəzə müraciət etmək üçün hər hansı maneə, sorğu-sual və s. tələb olunmur. Qapıdan daxil olub sıra götürmək və növbə çatanda yönləndirildiyin əməkdaşa yaxınlaşıb dərdini demək kifayətdir.

“Dərdin nədir?”, “o dərdə bu əməkdaşlarda çarə varmı” və bu kimi başqa suallara gəlincə, Mərkəzin bu məqsədlə, yəni məhz vətəndaşlara xidmət etməkdə, onların suallarına cavab verməkdə məsul olan əməkdaşları təhsil sahəsində olan bütün yeniliklərdən xəbərdardırlar. Onlara əvvəlcə təlim keçib sonra vətəndaşların qarşısına çıxaran Mərkəz özü də sırf bu məqsədlə yaradılıb. Belə ki, 2014-cü ildə Prezidentin “Dövlət orqanlarında elektron xidmətlərin göstərilməsi haqqında” Fərmanından və “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Qanundan irəli gələn vəzifələrin icrası işinin səmərəliliyinin artırılması məqsədi ilə Təhsil Nazirliyində Vətəndaşların Qəbulu və Telefon Məlumat mərkəzləri fəaliyyətə başlayıb. Hazırda olduğumuz  Vətəndaşların Qəbulu Mərkəzinin rəhbəri Samir Paşayev “Azərbaycan müəllimi”nə bildirib ki, müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemləri ilə təchiz edilən hər iki mərkəz Təhsil Nazirliyinin struktur bölmələri və müvafiq təhsil qurumları ilə elektron qaydada əlaqələndirilib.

Mərkəzlərə müraciət edən vətəndaşlara metodiki və maarifləndirici məlumatlar verilir, müxtəlif növ hüquqi yardımlar göstərilir. Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən mərkəzlər həftənin 5 günü saat 09:00-dan 18:00-dək vətəndaşlara fasiləsiz xidmət edir.

Müraciət, şikayət və təkliflər xüsusi məlumat bazasına daxil edilir, elektron formada Təhsil Nazirliyinin müvafiq struktur bölmələrinə yönəldilir, araşdırıldıqdan sonra vətəndaşlara rəsmi cavab verilir. Bundan əlavə, məlumat bazasında axtarış sistemi yaradılıb ki, burada hər bir vətəndaşın müraciətini və onun Təhsil Nazirliyinə müraciətlərinin sayını axtarış meyarları əsasında tapmaq mümkündür.

Samir Paşayev bildirib ki, 2018-ci ilin 11 ayı ərzində Vətəndaşların Qəbulu Mərkəzində 36541 vətəndaşa xidmət göstərilib: “Mərkəzlərə daxil olan müraciətlər daha çox müəllimlərin işə qəbulu, birinci sinfə şagird qəbulu, tələbələrin köçürülməsi, diplomların nostrifikasiyası ilə bağlıdır”.

 

Vətəndaşların Qəbulu Mərkəzində

 

Mərkəzdə müşahidə olunan odur ki, bu işə sadəcə məsuliyyət deyil, həm də sevgi var. Mərkəzin əməkdaşları da işindən məmnundur. Ən təcrübəli əməkdaşı Elçin Qasımov, ən yeni əməkdaşı isə Səfurə Şərifzadədir.

Tələbəliyindən indiyədək könüllü fəaliyyəti ilə diqqəti çəkən Səfurə Bakı Dövlət Universitetini biologiya müəllimliyi ixtisası üzrə bitirib. 4 il universitetdə uşaqlarla işləməyin incəliklərini öyrənsə də, hələlik böyüklərlə işləməyi sınaqdan çıxarır: “Vətəndaşlarla işləmək çox maraqlıdır. Hər gün müxtəlif situasiyalarla qarşılaşırıq. Həmin müraciətləri cavablandırarkən özümüz də təkmilləşirik. Müraciətlər əsasən şagirdlərlə bağlı olur. Yaşayış yerini dəyişməklə əlaqədar olaraq övladlarının rayonlardakı təhsil müəssisələrindən çıxarılıb Bakıdakı, yaxud əksinə, bölgələrdəki məktəblərə yerləşdirilməsi ilə bağlı müraciət edənlər çox olur. X-XI sinifdə təhsil alan şagirdlərin yerdəyişməsi üçün müraciətlər xüsusilə çox olur”.

Səfurə Şərifzadənin sözlərinə görə, vəzifəli şəxslərin qəbuluna düşməyə cəhd edənlər də  kifayət qədərdir. Diplomun təsdiqi, arxiv şöbəsindən hər hansı təhsil sənədinin alınması məqsədi ilə edilən müraciətlər hələ də səbəblər arasında çoxluq təşkil edir.

Budur, Elbəy Əlizadənin də yolu arxiv şöbəsinə düşüb. Tikinti sektorunda çalışan vətəndaşın əvvəlcədən etdiyi müraciət təmin edilib və bu gün o, Təhsil Nazirliyindən tələb etdiyi sənədi götürməyə gəlib: “Diplomumun qiymət cədvəli lazım oldu. Artıq istəyim həll edilib və sənədimi götürməyə gəlmişəm”.

 

Müraciətlər səbəbsiz yerə artıb-azalmır

 

Mərkəzin ən təcrübəli əməkdaşı Elçin Qasımov artıq 3 ildir burada çalışır. Vətəndaş müraciətlərinin ən sıx vaxtlarını da yaxşı bilir, azaldığı günləri də. Müşahidə edilən hər vəziyyətin də öz səbəbi var. Məsələn: “Ən çox may, iyun, iyul aylarında müraciətlər çoxalır. 450-500 nəfərin qəbula gəldiyi günlər olur. Bildiyiniz kimi, həmin ərəfədə müəllimlərin işə qəbulu və yerdəyişməsi həyata keçirilir. Bu proseslə əlaqədar olaraq, müraciət edənlərin də sayı artır”.

Noyabr-dekabr aylarında direktorların işə qəbulu başladığından müraciətlərin də sayı və məzmunu buna uyğun olaraq dəyişir. Elçin Qasımov deyir ki, fevral ayında başlayacaq tələbələrin köçürülməsi də Vətəndaşların Qəbulu Mərkəzində ən çox hiss olunan proseslərdəndir: “Müəllimlərin işəqəbulu və yerdəyişməsi kimi, tələbələrin köçürülməsi də saya ən çox təsir edən prosesdir”.

Ümumiyyətlə, müraciətçilər arasında tələbələr üstünlük təşkil edir: “Təhsil haqqı ilə bağlı tələbə müraciətləri sıx rast gəlinəndir. Xarici ölkələrdə təhsil alanların sənədlərinin təsdiqi ilə bağlı müraciətlər də kifayət qədər çoxdur”.

Əksəriyyəti sorğu xarakterli olan müraciətlərin tərkibi müxtəlifdir: “Hər məzmunda suallar olur. Həmin sualların arasında Təhsil Nazirliyinə aidiyyəti olmayanlara belə rast gəlinir. Daha  çox şagird şikayətləri ilə qarşılaşırıq. Həmin müraciətləri müvafiq yerli təhsili idarəetmə orqanlarına yönləndiririk”.

 

Vətəndaşlar kimi deyib gəlirlər?

 

Maraqlıdır, görəsən, vətəndaşların ən çox görmək istədiyi, daha çox etimad göstərdiyi, sözünə güvəndiyi kimdir? Gələnlər kimi deyib gəlirlər?

Elçin Qasımovun sözlərinə görə, nazirlə görüşmək istəyənlər lap çoxdur: “Görüşmək üçün hətta teleqram belə vururlar. Ancaq biz onlara izah edirik ki, nazirin qəbulu Nazirlər Kabinetinin müəyyən etdiyi cədvələ uyğun olaraq ayda bir dəfə ayrı-ayrı regionlarda keçirilir. Qəbul otağında yalnız Aparat rəhbəri, nazir müavinlərinin qəbuluna yaza bilirik”.

Nazirdən sonra vətəndaşların ən çox müraciət etdiyi şəxs Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev və İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovdur.

 

Telefon Məlumat Mərkəzində

 

Divarları və tavanı xüsusidir. Səsboğucu olan bu divarlar arasında 9 operatorun hamısı eyni vaxtda danışsa da, hay-küy yaranmır. Burada iş stresli olduğu üçün otağın rənglənməsində də rutin rənglərdən qaçılıb, dünya təcrübəsində insanları rahatladan, sakitləşdirən rənglərdən istifadə edilib.

Telefon Məlumat Mərkəzinin ən təcrübəli mütəxəssisi Xədicə Bayramova övladı XI sinifdə təhsil alan valideynin buraxılış imtahanları ilə bağlı sualını cavablandırır: “Buraxılış imtahanının keçirilmə qaydası ilə maraqlanırdı. Qaydanı izah etdim. Ancaq vətəndaşa onu da bildirdim ki, buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirmir və onu Dövlət İmtahan Mərkəzinə yönləndirdim”.

Operatorların hərəkətini göstərən cədvəldə vətəndaşla danışıq dili də qeyd olunur. Məsələn, Azər Məhərrəmov, Leyla Səlimova hazırda Azərbaycan dilində zənglərə cavab verirlər. Telefon Məlumat Mərkəzinin rəhbəri Natəvan Əsgərovanın  sözlərinə görə, operatorların işə qəbulu zamanı bu məqama xüsusi diqqət yetirilir. Belə ki, operator götürülən namizədin hər 3 dildə danışıq imkanları araşdırılır. Bunun nəticəsidir ki, vətəndaşa müraciət etdiyi dildə cavab verilir.

Azər Məhərrəmov danışığını bitirir. O, bu mərkəzdə artıq 6 aydır çalışır: “Bütün suallara dərhal cavab veririk. Ancaq araşdırma tələb edən suallar da olur. Bu halda vətəndaşı maraqlandıran məsələni əvvəlcə araşdırır, sonradan sorğusuna özümüz zəng edərək cavab veririk”.

“Qaynar xətt”ə zənglər, adətən, sorğu xarakterli olur: “İndi müraciətçilər əsasən diplomların təsdiqi ilə, çalışmanın yaş həddinə çatan müəllimlərin əmək müqaviləsinin müddətinin artırılması, birinci sinfə qəbulla maraqlanırlar”.

 

“Qaynar xətt” “qaynayan”da

 

Telefon Məlumat Mərkəzində bu il ərzində 76 472 zəng qəbul edilib. Gün ərzində 800 zəngin daxil olduğu vaxtlar olur və onda operatorla əlaqə müddəti 20-30 saniyəyə çatır.

Natəvan Əsgərovanın sözlərinə görə, vətəndaşların “Qaynar xətt” xidmətindən istifadəsində hər hansı problem mümkün deyil: “Yay aylarında müəllimlərin işə qəbulu və yerdəyişməsi vaxtı müraciətlərin sayı çox olduğundan vətəndaşların telefonda daha çox gözləməsi mümkündür. Həmin ərəfədə elektron müraciətlərin doldurulması və prosedur qaydalarla bağlı çoxsaylı müraciətlər gəlir. Bu da “Qaynar xətt” xidmətində bir az sıxıntılara səbəb olur. Amma statistika və hesabatlar onu göstərir ki, bu cür fəal dövrlər istisna olmaqla, qalan vaxtlarda vətəndaşların Telefon Məlumat Mərkəzinin operatoruna bağlanması 30 saniyə ərzində baş tutur. Həftəlik və aylıq hesabatlar aparırıq. Həmin hesabatlar göstərir ki, vətəndaşın xətdə orta gözləmə müddəti 1 dəqiqə 45 saniyə olur”.

Növbəti mərhələdə Telefon Məlumat Mərkəzinin operatorlarının sayını artırmaq nəzərdə tutulub.  

 

Vətəndaşlarla sosial media vasitəsi ilə ən yaxşı əlaqə quran nazirlik

 

Təhsil Nazirliyi vətəndaşlarla işə xüsusi diqqət yetirir. İstər təhsil sahəsində həyata keçirilən islahatlar barədə təhsil ictimaiyyətinin məlumatlandırılması, baş verən yeniliklərin mahiyyətinin çatdırılması, istərsə də bildirilən iradların müzakirə olunaraq nəzərə alınması baxımından vətəndaşların Təhsil Nazirliyi ilə yarada biləcəyi bütün əlaqə vasitələri işlək vəziyyətdədir. Üstəlik, bu əlaqə, sadəcə ənənəvi - zəng və ya şəxsən müraciət yolu ilə deyil, həm də yeni media üzərindən gerçəkləşdirilir. Bu da nəticə. Dekabrın başa çatmaqda olan son həftəsində bütün mətbuat vasitələri məhz bu nəticədən danışıb. Belə ki, sosial medianın “Facebook”, “Twitter”, “Instagram”, “YouTube” kimi imkanlarından istifadədə də Təhsil Nazirliyi mərkəzi icra hakimiyyəti orqanları arasında ən fəalı olub.

Məlumat üçün qeyd edək ki, “Facebook” sosial şəbəkəsində Təhsil Nazirliyinin izləyicilərinin sayı ötən illə müqayisədə 2018-ci ildə 20 min nəfər artıb. Artıq 100144 nəfər izləyicisi olan qurum bu sosial şəbəkənin verdiyi bütün imkanlardan yararlanır. Yeniliklərlə bağlı paylaşımlar edir, həyata keçirilən islahatları canlı yayımda müzakirəyə çıxarır, sosial şəbəkə istifadəçilərinin suallarına cavab verir, tədbirləri “canlı yayım” vasitəsi ilə paylaşırlar.

“Twitter” Azərbaycan məkanında “Facebook” qədər məşhur olmasa da, Təhsil Nazirliyi bu sosial şəbəkənin verdiyi fürsətləri də dəyərləndirir. Hesablamalara görə, Təhsil Nazirliyini 1336 “Twitter” izləyicisi mütəmadi olaraq izləyir.

“Instagram”da Təhsil Nazirliyi 25425 izləyicinin diqqət mərkəzindədir. Bu rəqəm Təhsil Nazirliyini “Instagram”da da dövlət orqanları arasında ən fəal kimi göstərməyə yetib.

“YouTube” üzrə 8866 abunəçi və 2 milyona yaxın baxış sayı ilə ön sırada Təhsil Nazirliyidir. Bu şəbəkədən ən çox video yükləyən və ən çox paylaşım edən qurumun 10 minə yaxın video yüklədiyi görünür.

Onu da qeyd edək ki, hazırda Azərbaycanda “Facebook”, “Twitter”, “YouTube”, “Instagram” və digər sosial şəbəkələrdə istifadəçilərin sayı 2 milyondur.

 

Təhsil Nazirliyi hər sahədə əlçatan olmağa çalışır

 

Bir sözlə, dövrün nəbzini tutan Təhsil Nazirliyi istər ənənəvi yollarla, istər də müasir üsullarla müraciət etmək istəyənlərə yaxın olmağa çalışır, məlumat almaq istəyənlərlə də, şikayəti olanlarla da bir platformada görüşür. Yetər ki, kimsənin beynində qaranlıq məsələ, ürəyində cavabsız sual qalmasın.

 

"Azərbaycan müəllimi" qəzeti


5 il əvvəl