• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

11 illik müəllimlikdən sonra peşə təhsilini seçdi

"ASAN peşə” sənət seçimində ən uğurlu model təklif edir

 

Son illərdə ölkəmizdə peşə təhsili ilə bağlı vəziyyət köklü şəkildə dəyişib. Bu sahəyə ayrılan xüsusi diqqət, həyata keçirilən mühüm layihələr əsaslı irəliləyişin əldə olunmasına gətirib çıxarıb. Təhsil Nazirliyi və "ASAN xidmət” Mərkəzinin birgə həyata keçirdiyi "ASAN peşə” layihəsi də dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin edir.

Elə Təhsil Nazirliyinin təşkilatçılığı ilə Mingəçevir "ASAN peşə” təhsil mərkəzinə təşkil edilən mediaturun da məqsədi peşə təhsilində görülən bu işlərin bir qismi ilə yaxından tanış olmaq idi.

 

3 pilləli peşə təhsili

 

"Peşə təhsilinin inkişafı cəmiyyətdə insan kapitalının formalaşmasına, ÜDM-in səviyyəsinin yüksəlməsinə, işsizliyin aradan qaldırılmasına, vətəndaş cəmiyyətinin inkişafına, sosial gərginliyin və cinayətkarlığın azaldılmasına xidmət edir”. Bu sözləri Mingəçevir "ASAN peşə” Təhsil Mərkəzində "Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və perspektivlər” mövzusunda keçirilən seminarda çıxış edən Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili dedi.

Peşə təhsili haqqında qəbul edilmiş müvafiq qanunla müəyyən olunmuş yenilikləri sadalayan Amil Əlili bildirdi ki, peşə təhsili pilləsinin 3 səviyyəsi müəyyən edilib: "Bunlara ilk peşə təhsili, texniki peşə təhsili və yüksək texniki peşə təhsili səviyyələri daxildir. Yeniliklərdən irəli gələrək peşə təhsili sistemində təhsilalanlar tələbə statusu əldə edib, ümumi təhsil müəssisələrinə ilk peşə təhsili səviyyəsi üzrə təmayüllü siniflər yaratmaq hüquqları verilib, yüksək texniki peşə təhsili alanlara sub-bakalavr peşə-ixtisas dərəcəsi verilib, tələbələrə istehsalat təlimi və təcrübəsi keçdikləri zaman iş yerində təcrübə müqaviləsi bağlamaq imkanı yaradılıb və onlara minimum aylıq əməkhaqqıdan az olmamaq şərti ilə əməkhaqqının ödənilməsi təsbit edilib”.

 

Daha 10 peşə təhsil müəssisəsi yaradılacaq

 

Hazırda peşə təhsili sahəsində islahatların aparıldığını deyən Amil Əlili vurğuladı ki, ilkin rasionallaşdırma tədbirləri nəticəsində 83 peşə təhsili müəssisəsi yaradılıb, daha 10 peşə təhsil müəssisəsinin yaradılması ilə bağlı Tədbirlər Planı hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. 60 peşə təhsili müəssisəsinin 2 minə yaxın müəllim və istehsalat təlimi ustasının diaqnostik qiymətləndirilməsi keçirilib. 2018-ci ilin sonunadək bütün dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyətinin diaqnostik qiymətləndirilməsi başa çatdırılacaq. Növbəti diaqnostik qiymətləndirmə noyabr ayı ərzində keçiriləcək və təxminən 600-ə qədər müəllimin iştirakı gözlənilir.

Amil Əlilinin sözlərinə görə, son 2 ildə turizm üzrə hazırlanan 160 nəfərdən 90 nəfəri 4 və 5 ulduzlu hotellərdə işlə təmin olunub: "Peşə ixtisası ilə bağlı qəbul işə götürənlərin sifarişləri əsasında formalaşır və ona əsasən bilirik ki, hansı kadrlara ehtiyac var. Əsas 4 prioritet istiqamət üzrə - sənaye, kənd təsərrüfatı, İT ixtisası, turizm üzrə kadr hazırlığına üstünlük verilir. Qəbul planı hazırlanarkən əmək bazarının sorğuları əsasında hansı kadrlara ehtiyac olduğu müəyyən edilir və bu istiqamətlər üzrə kadrlar hazırlanır. Hazırda peşə təhsilinin 23 minə qədər tələbə kontingenti var”.

 

Koreya təhsil standartları əsasında Peşə Təhsil Mərkəzi

 

Azərbaycan və Koreya Hökuməti arasında razılaşmaya uyğun olaraq Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində nümunəvi təhsil müəssisəsi yaradılacaq.

Mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə (ümumilikdə 8 ixtisas) ən müasir maddi-texniki baza, Koreyanın tədris planı və mütəxəssislərinin iştirakı ilə təhsil müəssisəsinin yaradılması nəzərdə tutulur.

Bu həftədən etibarən həmin mərkəzdə işləyəcək 24 yerli mütəxəssis iki ay müddətində Azərbaycanda, növbəti ilin ilk 3 ayında isə Koreyada təlim keçəcəklər. Həmçinin, bu layihə çərçivəsində oğlan və qızlar üçün ayrı-ayrı olmaqla iki böyük yataqxananın tikintisi nəzərdə tutulub.

Amil Əlili qeyd etdi ki, hazırda 10 minə yaxın məcburi köçkün soydaşımız peşə təhsili müəssisələrində, o cümlədən pilot peşə təhsili mərkəzlərinin 5-də məskunlaşıb. Məcburi köçkünlər çıxarıldıqdan sonra həmin müəssisələrin yenidən qurulması nəzərdə tutulub.

 

Peşəyə maraqlı gənclər...

 

Daha sonra "ASAN peşə” təhsil mərkəzinin infrastrukturu və maddi texniki bazası ilə yaxından tanış olmaq üçün mərkəzə yollandıq.

Direktor İlham İlyasov bildirdi ki, cari tədris ilindən fəaliyyətə başlayan mərkəz 3 mərtəbədən ibarətdir və müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, ixtisas fənn kabinetləri, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Hazırda təhsil ocağında 5 ixtisas (elektrik, mexanik, santexnik, tikişçi və kompüter operatoru) üzrə 100 tələbə təhsil alır.

Tədris planına uyğun olaraq şagirdlər hələ nəzəri və təlim məşğələləri keçir. Növbəti ilin aprel ayından etibarən hər bir şagird öz profilinə uyğun müəssisədə təcrübə keçəcək. Yekunda dövlət imtahanı keçirilir və müvəffəqiyyət əldə edənlərə diplom verilir. Məktəbdə 16 müəllim, 8 usta olmaqla ümumilikdə 24 nəfərlik pedaqoji heyət var. Müəllimlər Mingəçevir peşə məktəbinin təcrübəli müəllimləridir. Ehtiyac yarandığı halda isə başqa yerlərdən mütəxəssislər cəlb olunur.

 

Hansısa peşəyə yiyələnmək boş-boş gəzməkdən daha yaxşıdır

 

"Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” ixtisasının tədris edildiyi otağa daxil oluruq. Müəllimə həvəslə qulaq asan şagirdlər bizi görcək təəccüblənirlər. Uşaqlarla salamlaşıb əvvəlcə ixtisas müəllimi Gülüstan Kərimova ilə söhbətləşirik.

Müəllimin sözlərinə görə, bu ixtisas birinci ildir ki, mərkəzdə tədris olunur: "Uşaqların öyrənməsi üçün hər bir şərait var. Elektron dərs vəsaitləri, kompüter ilə təmin olunublar. Özləri də öyrənməyə çox həvəslidirlər”.

Fərid Şirinov onun kimi peşəyə yiyələnmək istəyən həmyaşıdları adından dövlət başçısına öz təşəkkürünü çatdırır: "Gələcəyimizi qurmaq üçün dövlət bizə bütün imkanları yaradıb. Bu ixtisas üzrə qəbul elan olunanda çox düşündüm, evdə də valideynlərimlə məsləhət etdim. Onlar ali təhsil almağımı istəyirdilər, ancaq mənim bu peşəyə marağım var idi. Gələcək mənim olduğu üçün qərarı da özüm verdim və buranı seçdim. Həm yeni ixtisasdır, həm də hansısa peşəyə yiyələnmək boş-boş gəzməkdən daha yaxşıdır. Burada bizə son yeniliklər öyrədilir. Elektron dəzgahlarda işləyirik”.

Eyni ixtisas üzrə təhsil alan Aysu Rüstəmli seçimindən çox razıdır: "11-ci sinfi bitirəndə nə edim, hansı ixtisası seçim deyə çox götür-qoy etdim. Nəhayət, "ASAN peşə” təhsil mərkəzində istədiyim ixtisas üzrə qəbul keçirildiyi barədə eşitdim və sənədlərimi "ASAN xidmət” vasitəsilə verdim. 150 nəfər içərisindən 19 nəfər qəbul olduq. Ali təhsil müəssisələrində bu ixtisas üzrə gələn ildən qəbul keçirilməsi planlaşdırılır və keçid balı da çox yüksək nəzərdə tutulub. İki ildən sonra bu peşəyə çox yaxşı yiyələnəcəyik. Gələn ildən eyni ixtisas üzrə təhsil alacaq olan tələbələr isə hələ ki 4 il oxuyacaqlar. Ümid edirəm, gəlib yanımızda təcrübə keçərlər”.

Söhbətə qoşulan Tünzalə müəllimə də deyir ki, hər son zəng günü peşə mərkəzinin müəllimləri məktəblərə gedir və şagirdlərə hansı peşələr üzrə qəbul keçiriləcəyi ilə bağlı məlumatlar verirlər.

 

Fizika müəlliminin yeni seçimi

 

Daha sonra "Elektrik xətlərinin quraşdırılması üzrə mütəxəssis” ixtisası üzrə təhsilalanların istehsalat təlimi məşğələsində iştirak etdik.

Diqqətimizi ilk çəkən tələbə Xəyyam Əliyev olur. Xəyyam danışır ki, Gəncə Dövlət Universitetini Fizika müəllimliyi ixtisası üzrə bitirib. 2005-ci ildən 11 il ərzində müəllim kimi fəaliyyət göstərib, ancaq sonra texnologiyanın inkişaf etdiyi müasir dövrlə ayaqlaşmaq üçün yeni bir peşəyə yiyələnmək qərarına gəlib.

Daha sonra "Tikişçi” və "Santexnik-çilingər” ixtisasları üzrə təhsilalanların istehsalat təlimi məşğələlərini müşahidə etdik. Anası dərzi olan Üzeyir Yusibov da dərziliyi öyrənir. Uşaqlıqdan bu peşəyə marağı var. Təhsilini bitirəndən sonra tikiş üzrə operator olmaq istəyir.

Mərkəzlə tanışlıqdan sonra "Rəqəmli idarə olunan dəzgahların kompüter operatoru” ixtisası üzrə təhsilalanların istehsalat təcrübəsi prosesi ilə yaxından tanış olmaq üçün Akkord-Mingəçevir Maşınqayırma Zavoduna yollandıq. Tələbələrlə birgə istehsalat təcrübəsi zamanı iş prosesini yaxından izlədik.

 

Dövlət gənclərin peşə təhsili almasına mühüm töhfə verir

 

Əlbəttə ki, bir peşəyə sahib çıxıb yaxşı sənətkar olmaq ən doğru seçimdir. Son illərdə gənclərin peşə öyrənməsi üçün dövlət hər cür şərait yaradıb. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə peşə təhsil müəssisələrinin yenidən qurulması və yeni "ASAN peşə” mərkəzlərinin yaranması çox yüksək qiymətləndirilməlidir.

Görülən işlər həqiqətən də gənclərin peşə təhsili almasına mühüm töhfə verir. Gənclərin böyük həvəslə sənəti öyrənmək istəyi göstərir ki, gələcəkdə onların hər biri peşəkar sənətkar olacaqlar. Bu da ölkədə işsizliyin aradan qaldırılmasında mühüm rol oynayacaq. Əminik ki, tezliklə əksər bölgələrdə də belə təhsil müəssisələri yaradılacaq.

 

“Azərbaycan” qəzeti


5 il əvvəl