• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Strategiyanın ilk hədəfi

Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması təhsilin keyfiyyət göstəricilərini yaxşılaşdırır

 

Ölkəmizdə təhsilin inkişafı hər zaman diqqətdə saxlanılan məsələlərdən biri olub. Bu, ilk növbədə büdcədən ayrılan vəsaitin həcmində özünü göstərib. Belə ki, təhsil ayrılan vəsaitin məbləğinə görə əsas çəkiyə sahib olub. Üstəlik, ayrılan xərclərin miqdarı ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə artırılır.

Ancaq vəsait heç də həmişə həll­edici faktor sayılmır. Odur ki, Azərbaycan hökuməti təhsilin inkişafına sadəcə vəsait qoymaqla nail olmağa çalışmır. Bunun üçün təhsilin məzmunundan başlayaraq kadr potensialına qədər bütün istiqamətlərdə islahatlar aparılır, təhsilin bütün pillələrində yeniliklər edilir. Bəs, bu inkişafın kökündə nə dayanır?

Qeyd etməliyik ki, reallaşdırılmaqda olan və artıq nəticələrini görməyə başladığımız yeniliklərin xəritəsi 5 il əvvəl çəkilib. Son 5 ildə həyata keçirilən bütün işlər həmin plan üzrə gedib. Gəlin görək təhsilin inkişafının yol xəritəsi nədən ibarədir?

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” adlanan bu sənəd keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında aparıcı mövqe tutan, səriştəli müəllim və təhsil menecerlərinə, qabaqcıl texnologiyalara əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş strateji istiqamətdə genişmiqyaslı tədbirləri nəzərdə tutur. Strateji xarakter daşıyan həmin istiqamətlərə nəzər yetirək:

1. Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.

2. Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması.

3. Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması.

4. Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması.

5. Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.

 

Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil

 

Birinci strateji istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılmasına yönəlib. Təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafı kimi vacib hədəfi əhatə edir. Bu istiqamətdə nəticələr isə göz qabağındadır. Belə ki, 5 ildə təhsilin keyfiyyətində əhəmiyyətli dəyişiklik müşahidə olunub.

Üstəlik, təqdim olunan hesabat təhsil sisteminə daxil olmayan, kənar qurumların apardığı qiymətləndirmələrə əsaslanıb. Təhsildə keyfiyyətin yüksəldiyini göstərən rəqəmlər Dövlət İmtahan Mərkəzinin, o cümlədən beynəlxalq qiymətləndirmə təşkilatlarının qiymətləndirməsinin nəticəsində ortaya çıxıb.

 

Buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika

 

Məsələn, ümumi təhsil müəssisələrində buraxılış imtahanlarının keyfiyyət göstəricilərində sabit müsbət dinamika davam edib. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50.2 faizdən 2018-ci ildə 67.1 faizədək artıb, imtahan nəticələri 17 faiz yüksəlib. XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2017-ci ildə 2015-ci ilə nisbətən 2 faiz artaraq 65.2 faiz olub.

Davamlı müsbət dinamikanın ölkə ərazisindəki əksər məktəblərdə müşahidə edildiyini vurğulayan təhsil naziri Ceyhun Bayramov bu il keçirilən ali məktəblərə qəbul imtahanlarının nəticələrini “birdən-birə qeydə alınan sıçrayış deyil, 5 ildir gedən trendin davamı” hesab edir: “Burada biz həm kəmiyyət, həm də keyfiyyət yüksəlişindən danışa bilirik. Məsələn, 41 minə yaxın məzun ali təhsil müəssisələrinin tələbəsi adını qazanıblar. Ötən illə müqayisədə 400 baldan yuxarı nəticə göstərənlərin sayı 2000 nəfər, yəni 13.7 faiz, 500-dən yuxarı toplayanların sayı 1400 nəfər, yəni 18.7 faiz, 600 baldan yuxarı nəticə göstərənlərn   700 nəfər, yəni 26.5 faiz, 700 bala qədər toplayanların sayı isə 2 dəfəyə yaxın, yəni 81.3 faiz artıb”.

 

Olimpiadalar - qaliblərin taleyi dəyişdi

 

Təhsilin keyfiyyəti ilə bağlı növbəti indikator beynəlxalq olimpiadalardır. Müxtəlif beynəlxalq olimpiadalara qatılan azərbaycanlı şagirdlər oradan əliboş qayıtmayıblar. 2013-2017-ci illər ərzində dünya fənn olimpiadalarında göstəricilərimiz davamlı olaraq artıb. Keçən il uzun fasilədən sonra ilk dəfə olaraq bir azərbaycanlı şagirdimiz beynəlxalq kimya olimpiadasında qızıl medal əldə edib.

Ümumiyyətlə, 2013-2018-ci illərdə məktəblilərimiz beynəlxalq fənn olimpiadalarında 3 qızıl, 24 gümüş və 90 bürünc medal olmaqla, 117 medal qazanıblar.

Son 5 ildə beynəlxalq olimpiadalarda şagirdlərimizin nəticələri, Respublika fənn olimpiadalarında fəallıqları, bu bilik yarışlarındakı nəticələrini ali məktəblərə qəbul imtahanlarında da təsdiqləmələri  “Təhsil haqqında” Qanuna dəyişikliyi zərurətə çevirib. Həmin dəyişikliklərə əsasən, beynəlxalq olimpiada qaliblərinin istənilən ixtisas, Respublika fənn olimpiadaları qaliblərinin müvafiq ixtisas üzrə müsabiqədənkənar ali məktəblərə qəbulu nəzərdə tutulub.

“Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən, beynəlxalq və respublika fənn olimpiadalarında yer tutan şagirdlər ali məktəblərə müsabiqədənkənar qəbul imkanlarının verilməsi təhsil ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, bu dəyişikliyin şagirdlərin olimpiadalara marağını artıracağı şübhə doğurmur. Hazırda Təhsil Nazirliyi həmkar qurumlarla qaydalar üzərində çalışır. Nazirlər Kabineti tərəfindən təsdiq olunduqdan sonra həmin qaydalar qüvvəyə minəcək.  Qaydaların 2018-2019-cu tədris ilinin sonunadək hazır olacağı və növbəti qəbul kampaniyasında tətbiq ediləcəyi planlaşdırılır.

 

Beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirak bizə ona görə lazımdır ki...

 

Son illərdə Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı və nəticələri tədricən yaxşılaşıb. Ölkəmiz PIRLS 2016 qiymətləndirməsinin əsas mərhələsində iştirak edib və nəticələrə görə azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib. Ölkə üzrə son 5 ildə “mükəmməl” və “yüksək” səviyyəyə uyğun nəticə göstərmiş ibtidai sinif şagirdlərinin sayı 2 dəfə artıb.

Bu qiymətləndirmə kurikulumun keyfiyyətinin yaxşılaşdığının mübahisəsiz göstəricisidir. Oxu qiymətləndirməsinin 2016-cı il nəticələrinə istinad etsək, IV sinif şagirdlərinin oxu qabiliyyətinin yaxşılaşdığını görürük. Belə ki, 2011 və 2016-cı illərin nəticələrinin müqayisəsindən bu, açıq görünür. 2011-ci ildə əvvəlki məzmunla oxuyan uşaqlar 2016-cı ildə yeni kurikulumla oxuyan uşaqlardan fərqlənib. Müşahidə və təhlillər göstərib ki, yeni kuriklum təhsildə hər hansı deqradasiyaya səbəb olmayıb. Nəticə etibarı ilə 2016-cı ildə mükəmməl nəticə göstərən IV sinif şagirdlərinin sayı 2011-ci illə müqayisədə iki dəfə artaraq 9 faizdən 18 faizədək yüksəlib. Aşağı nəticə göstərən uşaqların sayı isə 10 faiz azalıb. Belə təhlillər 2008-ci ildən tətbiq edilən kurikulumun uğurlu olması barədə fikir söyləməyə əsas verir.

Təhsil naziri Ceyhun Bayramov da hesab edir ki, çox vacib göstəricilərdən biri beynəlxalq qiymətləndirmədə iştirakdır:

“Bəzi beynəlxalq qiymətləndirmələrdə mövqeyimiz o qədər də uğurlu görünməyə bilər. Ancaq məhdud sayda dövlətlərin iştirak etdiyi həmin qiymətləndirmələrdə iştirak cəsarət tələb edir. Hesab edirik ki, göstəricilərimizin arzularımızı əks etdirməməsi bizim orada iştirakdan imtina etməyimizə əsas ola bilməz. Çünki burada göstəricilər yox, nəticələrin təhlili önəmlidir. Hədəfimiz odur ki, beynəlxalq qiymətləndirmədə iştirak edək və hər dəfə öz nəticələrimizi yaxşılaşdıraq”.

 

Yeni tədris planı ilə təmayül siniflər

 

Təmayülləşmə ümumi orta məktəbin orta təhsil səviyyəsini, yəni IX sinfi bitirən şagirdlərin təsnifatı - marağına, potensialına, hər hansı fənn üzrə uğurlu nəticələrinə görə seçilməsidir. Daha aydın desək, məktəblilər icbari təhsil dövründə bütün fənlər üzrə zəruri minimum biliklərə yiyələnmiş hesab olunur. Növbəti təhsil pilləsində onlar yalnız maraq göstərdikləri fənlər üzrə mövcud biliklərini dərinləşdirirlər. Ona görə də bu mərhələdə onların istedadı, bilik və bacarıqları əsas götürülür.

Qeyd edək ki, bu ildən bəzi seçilmiş məktəblərdə 7-ci sinifdən təmayüllər formalaşıb. Həmin siniflər üzrə tədris planları hazırlanıb.

Ümumiyyətlə, xatırlaq ki , uşaqların istedadına, marağına və s. görə təsnifatı təcrübəsi illər əvvəl də olub. Məsələn, ötən əsrin 70-ci illərindən başlayaraq, ayrı-ayrı fənlər üzrə təmayüllü siniflər təşkil olunub. Uzun illər texniki və ya humanitar, hətta ayrı-ayrı xarici dillərin dərindən mənimsənilməsi təcrübəsi mövcud olub. Üstəlik, özünü doğrultduğundan böyük etimad da qazanıb. Sonrakı illərdə hətta təmayüllü məktəblər də təşkil olunub. Riyaziyyat, kimya-biologiya və başqa fənlər üzrə komplektləşən və uğur qazanaraq son illərə qədər fəaliyyətini davam etdirən liseylərin sayı az deyil. Bu proses zamanında yaxşı nəticə verib və özünü daha çox ali məktəblərə qəbulun nəticələrində göstərib.

Qeyd etməliyik ki, indiki təmayülləşmənin ənənəvidən fərqi çoxdur. Əsas fərq ondadır ki, əvvəllər təmayüllü sinif və ya məktəblərdə bütün fənlər tədris olunurdu. Müasir təmayülləşmənin tətbiqində isə tamamilə yeni tədris planı əsas götürülür və bu, ənənəvi tədris planından 50 faiz azdır.

Beləliklə, yeni tədris planı ilə 2015-2016-cı tədris ilində 58 məktəbdə 176 sinif komplektində 3700, 2016-2017-ci tədris ilində 182 məktəbdə 324 sinifdə 7268, 2017-2018-ci  ildə 722 məktəbdə 1206 sinifdə 27005 şagird təmayüllər üzrə təhsilə cəlb olunub. Nəticədə təmayülləşmə üzrə məktəb sayı 6 sinif və şagird sayı isə 4 dəfə artıb.

 

Peşə təhsilində məzmunun formalaşması başa çatır

 

Təhsilin inkişafından danışarkən peşə təhsili ayrıca diqqətdə saxlanılmalıdır. Aparılan islahatlar nəticəsində peşə təhsilinə maraq ildən-ilə artır.

Əmək bazarının tələbatı nəzərə alınaraq, təsnifata 20-dən çox yeni ixtisas əlavə edilib. Peşə təhsilinin məzmununun yeniləşdirilməsi istiqamətində beynəlxalq təşkilatlarla 81 ixtisas üzrə nəticəyönümlü, modul strukturlu təhsil proqramları (kurikulumlar), 51 modul tədris vəsaiti, 55 yeni dərslik hazırlanıb, 78 modul dərslik isə hazırlanmaqdadır.

Peşə təhsili sahəsində qarşıya qoyulan hədəfləri təhsil naziri Ceyhun Bayramov dəyərləndirərkən deyib ki, tədris olunan ixtisaslarla bağlı yeni kurikulumların, zamanın tələbinə uyğun məzmunun formalaşması yaxın illər ərzində başa çatmalıdır: “Peşə təhsili sahəsində də müəllimlərin diaqnostik qiymətləndirməsinə və yeni əməkhaqqı sisteminin tətbiqinə artıq başlanılıb. Yeni nəsil peşə təhsil müəssisələri şəbəkəsinin əhəmiyyətli şəkildə genişlənməsinin şahidi olacağıq”.

Beləliklə, Strategiya hazırlanarkən onun uğurla həyata keçirilməsinin əsas şərti olaraq, məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılması hesab olunurdu. 5 il sonrakı nəticələr göstərir ki, bu şərtlər yerinə yetirilir.  Böyük ictimai dəstək qazanan təhsilin yol xəritəsi məhz effektiv icra mexanizmi sayəsində hədəflərinə çatır.

“Azərbaycan müəllimi” qəzeti


5 il əvvəl