• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi işinə başlayıb

Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Ceyhun Bayramov, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.

Mərasimdə çıxış edən təhsil naziri Ceyhun Bayramov bildirib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağını deyib.

Ceyhun Bayramov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib.

Sərgidə ölkənin bir sıra aparıcı ali təhsil müəssisələrinin də iştirak etdiyini bildirən təhsil naziri diqqətə çatdırıb ki, son dövrlərdə ali təhsilin əhatəlilik səviyyəsi əhəmiyyətli şəkildə artıb. Belə ki, 2018-2019-cu tədris ili üzrə qəbul imtahanlarının nəticələrinə əsasən, əvvəlki illərlə müqayisədə rekord sayda - 41 min abituriyent tələbə adını qazanıb, 500 və daha artıq bal toplayan məzunlar arasında 2090 nəfər müəllimlik ixtisasını seçib.

Caspian Event Organisers” şirkətinin region üzrə direktoru Edvard Stroun artıq ənənəvi olaraq hər il keçirilən sərginin maraqla qarşılandığını, ziyarətçilərə təhsil müəssisəsi seçməkdə geniş imkan yaratdığını deyib.

Daha sonra 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri çıxış edib, qonaqlar sərgi ilə tanış olublar.

Ötən illərlə müqayisədə Təhsil Nazirliyi sərgidə geniş pavilyonda təmsil olunur. Sərgidə iştirakçılara “Məktəbəhazırlıq”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi”, “Təhsil” Respublika İdman Mərkəzi”, “Uşaq-Gənclər İnkişaf Mərkəzi”, “SABAH qrupları”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Sağlam təhsil-sağlam millət”, “Maarifçi” Tələbə Kredit Fondu”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “İT STEP”, “Media Mərkəz -Təhsil TV” və digər stendlər təqdim edilir.

Sərgi çərçivəsində işgüzar görüşlər, panel müzakirələr, media təqdimatlar və  ayrı-ayrı mövzulara dair mühazirələr keçiriləcək.

Sərginin baş sponsoru “Kapital Bank”dır. Sərgi Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO)Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən də dəstəklənir, təşkilatçı qismində isə “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Üç gün davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər,  müəllim və tələbələrə açıq olacaq.

 

12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisindən foto anlar


5 il əvvəl