• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil sistemi üçün əhəmiyyətli il

Dövlət Strategiyasının həyata keçirildiyi dövr müsbət dinamika ilə müşayiət olunub
 

Qloballaşan dünyanın sürətlə dəyişən tələbləri təhsil sahəsində də çevik  keyfiyyət dəyişikliklərinin qəbulunu şərtləndirir. Daim dəyişən təhsil cəmiyyət həyatının bütün sahələrinə öz təsirini göstərməkdədir. Bu baxımdan yeniliklərə sürətlə adaptasiya olunmaq üçün təhsil strategiyalarının monitorinqi və müsbət meyillərin nəzərə alınması qaçılmazdır.  

İyunun 7-də   “ADA” Universitetində  Avropa  İttifaqının Azərbaycan Nümayəndəliyinin  dəstəyi ilə işə başlayan “Təhsilin strateji planlaşdırılması: düşüncələr və perspektivlər”  adlı  III  beynəlxalq elm və təhsil konfransı da bu məqsədlərə çatmaq üçün mühüm əhəmiyyət kəsb edirdi. Tədbiri açan “ADA” Universitetinin  prorektoru Vəfa Kazdal qeyd edib ki, ikigünlük konfransın əsas məqsədi 2013-cü ilin oktyabrında Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsindən keçən son  beş il ərzində əldə edilmiş nəticələrin beynəlxalq təcrübə ilə müqayisədə təhlili və müzakirəsini aparmaqdır. V.Kazdal elmi konfransa 50-dən çox tədqiqat işinin təqdim olunduğunu, onlardan 15 -nin Elmi Şura  tərəfindən  bəyənildiyini, konfrans gedişində  iştirakçılara təqdim olunacağını bildirib.

 

Təhsil ictimaiyyəti üçün mühüm tədbir

 

Konfransda çıxış edən təhsil naziri Ceyhun Bayramov “ADA” Universitetində artıq ənənə halını almış təhsil konfransının təhsil ictimaiyyəti üçün mühüm tədbirə çevrildiyini bildirərək, bu təhsil ocağının ölkəmizin ən qabaqcıl təhsil müəssisələrindən biri olduğunu, burada təhsil sahəsi ilə bağlı xüsusi fakültənin, akademik proqramların mövcudluğunu, tədqiqatların və müxtəlif layihələrin həyata keçirilməsinin təhsil işçiləri üçün önəmli hadisə olduğunu diqqətə çatdırıb. 

Nazir qeyd edib ki, təhsil sahəsində strateji hədəfləri müəyyən edən və Təhsil Nazirliyi üçün fəaliyyət planı xarakteri daşıyan “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan təxminən 5 il vaxt keçir. Bu müddət ərzində bir sıra hədəflərə çatmaq istiqamətində mühüm addımlar atılıb, vacib nailiyyətlər əldə edilib. 

Təhsilin məzmunu, müəllim, idarəetmə, infrastruktur və maliyyələşmə sahəsində bir çox təşəbbüs reallaşdırılıb, pilot layihələr həyata keçirilib.  Təhsil siyasətinin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, bərabər imkanlar və səmərəlilik baxımından əldə olan rəqəmlərə əsaslansaq, bütün sadalanan məsələlər üzrə müsbət dinamika əldə edilib.

 

Yeni dərs ilində kurikulumlar XI sinifdə tətbiq ediləcək

 

Nazir Dövlət Strategiyasının qəbulundan ötən müddət ərzində təhsilin məzmununda baş vermiş dəyişiklikləri diqqətə çatdırıb. Onun sözlərinə görə, məzmun istiqamətində ən mühüm nailiyyət ondan ibarətdir ki, 2008-ci ildən başlayaraq ümumi təhsil müəssisələrində yeni kurikulumların tətbiqi prosesi başa çatmaqdadır. Artıq növbəti tədris ilində yeni kurikulumlar XI sinifdə tətbiq ediləcək. Bu uzun və çətin proses çərçivəsində hər bir fənn üzrə yeni məzmun standartları hazırlanıb, 150 mindən  artıq müəllim təlimlərə cəlb olunub, yeni məktəbdaxili qiymətləndirmə mexanizmi yaradılıb və tətbiq edilib. Eyni zamanda, yüzlərlə nüsxədə yeni dərslik və müəllimlər üçün vəsait, yeni məktəbdaxili qiymətləndirmə sistemi hazırlanıb: “2016-cı ildə keçirilmiş PIRLS tədqiqatının nəticələri göstərib ki, yeni kurikulumlarla təhsil almış şagirdlər ənənəvi proqramlarla təhsil almış şagirdlərdən zəif nəticə göstərməyib. Azərbaycanın nəticələri 2011-ci ildə aparılan tədqiqatlarla müqayisədə 462 baldan 472 bala yüksəlib. Yüksək və mükəmməl nəticə göstərmiş şagirdlərin sayı 2 dəfə artıb”.

 

Təhsilin keyfiyyəti  və bərabər imkanlar

 

Təhsil naziri çıxışında ölkəmizin 2019-cu ildə TIMSS beynəlxalq qiymətləndirməsində də iştirak edəcəyini bildirib. Bu isə şagird nailiyyətlərinə təsir edən amillərin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb edəcək. Bundan əlavə, tədris planlarının strukturu, dərs yükünün həcminin, digər amillərin  şagird nailiyyətlərinə və sağlamlığına təsiri, ayrı-ayrı fənlərin məzmun və qiymətləndirmə çərçivələri istiqamətində tədqiqatlar da Təhsil Nazirliyinin maraq dairəsindədir: “Təhsilin keyfiyyətinə və insanların uzun müddətdə rifahına təsir edən ən vacib amillərdən biri erkən yaş inkişafı ilə bağlıdır. Bu istiqamətdə bir sıra vacib əməli addımlar atılır, təkmilləşmələr aparılır. Son 3 ildə Azərbaycanda məktəbəhazırlıq ilə əhatəlilik səviyyəsi 24%-dən 65%-ə qədər qalxıb, heç vaxt məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsi əhatə edilib. Bu sahədə bizim planlarımız var. Ölkə ərazisində məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılmasını nəzərdə tutmuşuq”. C.Bayramov əlavə edib ki, bu vacib dəyişiklik nəticəsində həm təhsilin keyfiyyəti, həm də bərabər imkanlar baxımından müsbət nəticələr əldə ediləcək.   

 

Müəllim işləmək arzusunda olanların sayı 3 dəfə artıb

 

Müəllimlərlə bağlı da bir sıra mühüm nailiyyətlərin əldə olunduğunu deyən nazir ölkə tarixində ilk dəfə olaraq 130 mindən artıq müəllimin diaqnostik qiymətləndirməyə cəlb, onların müvafiq ehtiyaclarının müəyyən edildiyini bildirib. Diaqnostik qiymətləndirməyə cəlb edilmiş müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə yüksəldilməklə əməkhaqları 2 dəfə artırılıb. 

Müəllim işləmək arzusunda olanların sayında da 3 dəfə fərq var. Bu rəqəm  2013-cü ildə 16-17 min ətrafında olubsa, ötən il 49 min nəfərə qədər vakant yerlərə müraciət edib.

 

Yüksək bal toplayanların müəllimliyi seçməsi sevindiricidir

 

Təhsil naziri çıxışında ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan gənclərin müəllimlik ixtisasını seçməsinin sevindirici hal olduğunu deyib: “2014-cü ildə 500 bal və daha artıq toplayan 674 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bununla belə, müəllim hazırlığının məzmunu, müəllim fəaliyyətinin qiymətləndirilməsi, müəllim-şagird münasibətləri, tədrisin keyfiyyətinin yaxşılaşdırılması mövzularını əhatə edən tədqiqatlara ehtiyacın olduğunu düşünürük”. 

İqtisadiyyatın inkişafında insan kapitalının xüsusi rolunun danılmaz olduğunu vurğulayan nazir qeyd edib ki, hazırda istər ilk peşə-ixtisas təhsili, istərsə də ali təhsil sahəsində bir sıra mühüm layihələr həyata keçirilir: “Bir faktı nəzərinizə çatdırım ki, son illərdə 2 hədəfə eyni zamanda nail olunub: bir tərəfdən, ali təhsil müəssisələrinə qəbul edilmiş abituriyentlərin sayı əsaslı şəkildə artıb (təxminən 4000 nəfər və ya 12%), eyni zamanda ali təhsil müəssisələrinə qəbul balı yüksəlib (179 baldan 239 bala, 60 bal və ya 33.5%). İnanırıq ki, bu, çox önəmli dəyişiklikdir. Bununla belə, peşə və ali təhsil müəssisələrində tədris olunan proqramların məzmunu, hal-hazırda əmək bazarında baş verən əsas tendensiyalar, innovasiya və startuplar istiqamətində bir sıra mühüm tədqiqatların aparılmasına ehtiyac var”. 

Çıxışının sonunda  nazir  qeyd edib ki, təhsil elə bir sahədir ki, burada tədqiqat mövzularının həm sayı, həm də dərinliyinin məhdudiyyəti yoxdur: “İnanırıq ki, istənilən islahat məhz təhlil və tədqiqatlara əsaslanmalıdır. Bu mənada təhsil sahəsində bu cür tədqiqat platforması rolu oynayan tədbirləri dəstəkləyirik. Tədqiqatçılar və qərar verən şəxslər arasında, o cümlədən tədqiqatçılar arasında əməkdaşlıq nə qədər sıx olarsa, aparılan tədqiqatların da keyfiyyəti bir o qədər yüksək olar”. 

Sonra Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə  Abbaszadə çıxış edərək, belə bir platformanın təhsil sistemimizin inkişafı üçün çox böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, təhsillə bağlı innovasiyaların,  elmi nəticələrin mütəxəssislər tərəfindən müzakirəsinin keçirilməsinin vacibliyini diqqətə çatdırıb: “Hesab edirəm ki, innovasiyaların, ideyaların, elmi nəticələrin mütəxəssislər tərəfindən müzakirəsi ictimai marağı və fikri bu istiqamətə yönəldə bilər”. “ADA” Universitetinin bu sahədə çox böyük iş gördüyünü deyən M.Abbaszadə bu kimi tədbirlərin təhsil qarşısında duran hədəfləri müəyyən etmək baxımından əhəmiyyətli olduğunu bildirib. O, qeyd edib ki, 2019-cu il bütün təhsil sistemi üçün çox böyük əhəmiyyəti olan il olacaq: “Gələn il 9-cu siniflərlə yanaşı, 11-ci sinif şagirdləri də yeni proqramlar üzrə buraxılış imtahanı verəcəklər”. 

“ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə isə Dövlət Strategiyasının qəbulu və sonrakıl illərdə təhsil sistemində baş vermiş dəyişikliklər barədə məlumat verib.  Onun sözlərinə görə, Dövlət Strategiyasının qəbulundan keçən müddət ərzində dünyada təhsil sahəsində sürətli dəyişikliklər baş verib. Buna görə də  təhsil strategiyasında bəzi müddəaların dəyişməsinə zərurət yaranıb. 

Daha sonra Böyük Britaniyanın Oksford Universitetinin professoru Deyvid Briksin konfrans iştirakçılarına videomüraciəti təqdim olunub. Müraciətdə Dövlət Strategiyasının istiqamətləri barədə mövcud beynəlxalq təcrübə konfrans iştirakçılarının diqqətinə çatdırılıb. 

Konfrans işini “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na dair dörd istiqamətdə - “Bacarıqlara əsaslanan təhsil məzmununun inkişaf etdirilməsi”, “Təhsil sistemində insan resurslarının müasirləşdirilməsi”, “Şəffaf və səmərəli idarəetmə mexanizmlərinin formalaşdırılması” və “Son texnoloji tələblərə cavab verən infrastrukturun yaradılması” panelləri üzrə davam etdirib.

 

“Azərbaycan müəllimi” qəzeti


5 il əvvəl