• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ucqar kəndlərdəki uşaqlara daha çox fayda verə biləcəyimi düşündüm”

Xəyalə Kəlbalıyeva: “Bəzi dostlarım hətta kəndə getməyim deyə, mənə iş də tapmışdı”

 

Son illər ümumtəhsil məktəblərinin ixtisaslı müəllim kadrlarına olan tələbatının ödənilməsi Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqə vasitəsi ilə daha şəffaf şəkildə həyata keçirilir. Hər il Şabran rayonunun ən ucqar kənd məktəblərinə də müsabiqədən keçən gənc və ixtisaslı müəllimlər göndərilir. Bu müəllimlərdən biri də Şabran rayon Leyti kənd ibtidai məktəbinin müəllimi Xəyalə Kəlbalıyevadır. Gənc müəllimi ucqar kəndə gətirən səbəbləri, onun duyğu və düşüncələrini öyrənmək üçün həmsöhbət olduq.

- 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuşam. Əslən Cəbrayıldan olsam da, təəssüflər olsun ki, oranı heç görməmişəm. 2000-ci ildə Sumqayıt şəhər 6 nömrəli tam orta məktəbdə birinci sinfə getmişəm. 2004-cü ildən təhsilimi Suraxanı rayon 290 nömrəli məktəbdə davam etdirmişəm. Müəyyən səbəblərlə əlaqədar orta məktəbdə təhsilimi davam edə bilmədim və 2009-cu ildə ən yüksək balla Bakı Dövlət Sosial İqtisad Kollecinin “Bank işi” fakültəsinə daxil oldum. Düzünü desəm, kollecdə oxumağımı vaxt itkisindən başqa bir şey hesab etmirəm. Kaş ki, əvvəldən bir yolunu tapıb məktəbdə təhsilimi davam etdirərdim. Amma hər dəfə məktəb dəyişməyim mənə çətin gəlirdi. Kolleci bitirdikdən sonra işə düzəldim, ancaq müəllim olmaq arzusu məni tərk etmirdi. Bir gün universitetə sənəd vermək qərarına gəldim. Cəmi 5 ay hazırlaşa bildim. 2013-cü ildə Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının “İbtidai sinif müəllimliyi” fakültəsinə qəbul oldum. Baxmayaraq ki, Azərbaycan dili və ədəbiyyat müəllimi olmağı arzulayırdım, ancaq 2 balla həmin ixtisasdan kəsildim... 2017-ci ildə təhsilimi başa vurdum və müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək Şabran rayon Leyti kənd ibtidai məktəbində pedaqoji fəaliyyətə başladım.

 

- İstərdik işə qəbul imtahanı ilə bağlı fikirlərinizi bizimlə bölüşəsiniz. İstədiyiniz nəticəni əldə edə bildinizmi?

- Fikrimcə, imtahan şəffaf şəkildə həyata keçirildi. Fürsətdən istifadə edib buna görə hörmətli Mikayıl Cabbarova və bu işdə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm. Nəticəmə gəlincə, razı deyiləm, daha çox bal toplamalı idim. Düzü, hazırlaşmamışdım. Güman edirdim ki , azı 50 bal toplayacam, bu da kənd yerində işləməyim üçün yetərli idi. Çünki əvvəldən məqsədim H1, H2 olan kənd yerini seçmək idi. İmtahanda vaxt sanki su kimi axıb getdi və ekranda 47.1983 bal görüncə, təəssüf hissi keçirdim.

 

- Qeyd etdiniz ki, əvvəldən kənd yerini seçməyi qərara almısız. Niyə məhz kənd?

- Fərqlilik axtarışında olan biriyəm. Standart bir həyat mənə görə deyil. Həyatımda yenilik etməyi sevirəm və kənd yerində işləmək mənim üçün bir yenilik, fərqlilik olacaqdı. Bundan başqa, hələ gəncəm, enerjiliyəm və bu enerji ilə ucqar kəndlərdə yaşayan uşaqlara daha çox fayda verə biləcəyimi düşündüm. Şəhər yerlərində, rayon mərkəzlərində uşaqlar məktəbə, demək olar ki, hazır vəziyyətdə gəlirlər. Bir çoxları dərsdən sonra hazırlığa gedir və yaxud evdə valideyn övladına daha çox zaman ayırır, dərslərində köməklik edir. Bu uşaqların dünyagörüşü geniş, düşünmə, nəticə çıxarma, ətrafda baş verənləri dərketmə qabiliyyəti güclü olur. Ancaq kənd yerlərində belə deyil. Kənddəki uşaqların əksəriyyəti bir çərçivə, bir sərhəd daxilində olur. Onların dünyagörüşü bu sərhədlə məhdudlaşır. Təbii ki, bunu hər kəndə və hər uşağa şamil etmirəm. Məqsədim, istəyim bu cür uşaqları içində sıxıb saxlayan çərçivəni qırmaq, istedadlı uşaqları kəşf etmək, onları inkişaf etdirmək və uğurlu bir yolun başlanğıcına gətirmək idi. Buna görə də seçimim kənd yeri oldu. Ancaq elə kənd ki, mən orda istəklərimi reallaşdırmaqla yanaşı, həm də maddi ehtiyaclarımı ödəyə bilim.

 

Arzuladığım məktəb bu deyildi

 

- İşə başladığınız məktəb və kəndlə bağlı ilk təəssüratlarınız maraqlıdır. Bəzən müəllimlər şəraitlə, məktəblə tanış olandan sonra imtina edirlər. Sizdə necə, belə düşüncələr oldumu?

- Təhsil şöbəsində qeydiyyatdan keçməmişdən əvvəl məktəb direktorunun nömrəsini tapıb məktəb haqqında məlumat əldə etmişdim. Məktəbdə cəmi 8, mənim sinfimdə iki şagird olduğunu öyrənəndə böyük təəssüf hissi keçirdim. Mənim arzuladığım məktəb bu deyildi. Orada çox uşaq olmalı idi. Mən o uşaqlarla müxtəlif oyunlar, yarışlar keçirəcək, hətta olimpiadaya uşaq hazırlaşdıracaqdım. İstedadlı uşaqları kəşf edəcək, bacardığım qədər onları tanıdacaqdım. Sinifdə çox uşaq olması rəqabət yaradır, bəzi şagirdlər bir-birlərindən geri qalmamağa çalışırlar. Üstəlik, zəif şagirdlər belə, güclülərdən nəsə eşidib öyrənirlər. Ancaq ayrı-ayrı siniflərdən olan iki şagirdlə bütün bunlar mümkünsüz gəlirdi mənə. Tək ümidim bu iki şagirdin oxumağa maraqlı olması idi. Bu ümidlə də gedib qeydiyyatdan keçdim və 13 sentyabrda məktəblə tanış olmaq, kirayə ev tapmaq üçün Leyti kəndinə yola düşdüm. Məktəblə bağlı ilk təəssüratlarımı facebook səhifəmdə paylaşmışdım. Bir çoxlarının marağına səbəb olmuşdu bu yazım. Ondan sonra bu fikirlərimlə bağlı mesajlar aldım. Sakinlərdən məni qınayanlar da olmuşdu ki, kənd məktəbindən başqa nə gözləyirdiniz. Mən isə belə düşünürəm ki, kənd məktəbi deyib keçməməliyik, inkişafa can atmalıyıq. Hərtərəfli inkişafa.

 

- İstərdim o yazdıqlarınızı oxuculara da təqdim edək...

 

- İlk dəfə sentyabrın 13-ü gördüm işə başlayacağım məktəbi. Açığı, gözümün alışdığı üçmərtəbəli məktəb binası gözləmirdim, amma beləsini də təsəvvür etməmişdim. Məni məktəblə tanış edən balaca İlqar əlini uzadıb məktəbi göstərəndə bir anlıq beynim dayandı. Məktəbə baxıb gülürdüm, nəyə güldüyümü özüm də bilmədən (ümumiyyətlə, mən ağlamağı sevmirəm və ağlamalı vəziyyətimə də gülürəm). Həyətə daxil olub bağlı qapı arxasından içərini görməyə çalışdım. Otağın biri çox pis vəziyyətdə idi. Köhnə partalar, cırılmış və rəngi qaçmış pərdələr, uçuq divarlar... Qəribə hisslər bürümüşdü içimi. Bir anlıq burada təhsil alan uşaqlarla şəhər və rayon mərkəzlərində təhsil alan uşaqları müqayisə etdim, özümdən asılı olmadan. Çox fərq vardı və bu fərq insanın ürəyini ağrıdır, bir kədər çökdürürdü içinə. Sentyabrın 15-i bir çox müəllim təmiz, səliqəli sinif otaqlarına keçib, uşaqlarla tanış olub, yay tətilini necə keçirdiklərini müzakirə edəndə, mən həmin vaxt sinfimdə təmizlik işləri görürdüm. Otağın torunu aldım, partaların yerini dəyişib tozunu sildim, otağı süpürdüm. Özümə təsəlli verə-verə otağı oturulacaq bir vəziyyətə salıb qurtaranda artıq evə getmək vaxtı idi. Forslana-forslana geyindiyim ağ köynək qara, qara ətək ağ rəngdə evə döndüm...

İndi o otağın divarları uşaqlıqda çəkib saxladığım şəkillərlə bəzənib, içəriyə gün işığı vuran divar yarığı kirayə qaldığım evdən götürdüyüm sinif guşəsi ilə bağlanıb, lövhənin başında qardaşımın İrana gedərkən aldığı bayrağımız asılıb, xalamın göndərdiyi süfrələr, bacımın toxuduğu güllər və məktəb vaxtı mənə hədiyyə verilən gülqabı isə otağıma bir başqa şirinlik qatıb. Artıq sıxılmıram bu məktəbdə. Əksinə, sevə-sevə işləyirəm. Bütün bunlara görə məni ruhdan düşməyə qoymayan dostlarıma təşəkkürlər.

 

Köhnə divarlar arxasındakı xoşbəxt uşaqlığım canlandı gözümün önündə

 

- Sizi ruhdan düşməyə qoymayan dostlarınıza təşəkkür etmisiniz. Bəs sizi ruhdan salmağa çalışan insanlar oldumu?

- Əlbəttə ki, oldu. Belə insanlar hər yerdə var. Bəziləri işlədiyim və yaşadığım evin şəkillərini görüncə, kinayə ilə gülmüşdülər. Sən belə yerdə necə yaşayacaqsan, necə işləyəcəksən. Təbii ki, bəziləri bunu mənim yaxşılığım üçün istəyirdilər. Qazı, suyu olmayan bir kənd yerində, köhnə məktəbdə işləməkdənsə, şəhərdə kurslarda işləməyi, evdə uşaq hazırlaşdırmağı məsləhət görürdülər. Bəzi dostlarım hətta kəndə getməyim deyə, mənə iş də tapmışdı. Ancaq mən qərarımı vermişdim və geri dönməyi özümə bağışlaya bilməzdim.

 

- Deyəsən, yaşadığınız ev də yaxşı vəziyyətdə deyil...

 

- Bəli, kirayə qaldığım ev çox köhnədir. Baxmayaraq ki , kənd sakinlərinin çoxu köçüb, yaydan-yaya istirahətə gəlirlər, şəraitli boş ev tapa bilmədik. Kənddə qaz olmadığı və bulaq suyundan istifadə edildiyi üçün anam məni tək qoymaq istəmədi. Çünki bilir, özümə qulluqla bağlı çox tənbəl biriyəm. Yemək bişirmək, paltar yumaq kimi bacarıqlarım yoxdur. Ona görə bizə elə ev lazım idi ki, ya kimsə mənə qulluq etsin, ya da anamla yaşaya biləcəyim bir ev olsun. Bir evə baxdıq, ancaq bulaqdan çox uzaq olduğu üçün orda qalmaqdan imtina etdik. Sonra kənd sakinlərindən birinin evində qonaq olduq. Sağ olsunlar, ora-bura zəng edib bizə ev tapmağa çalışdılar. Ancaq evi nisbətən təmirli olanlar kirayə verməyə razı olmadılar. Sonunda bu evin sahibi ilə əlaqə saxladılar. Evə illərlə qadın əli dəyməmişdi, çatlamış divarları, qara taxtadan olan tavanı tor basmışdı. Bir sözlə, evdə hörümçəklər və siçanlar bayram edirdi. Amma çarəmiz yox idi. Həyatım boyu görmədiyim işləri bir gündə bu evdə gördüm. Anam və mən saatlarla dayanmadan işlədik həmin gün. Bəxtimiz bir şeydə gətirdi ki, bulaq lap yaxınımızda idi, yoxsa evin tozunu nəinki üç günə, heç bir həftəyə də təmizləyə bilməzdik.

İndi də anamla ikimiz qalırıq. Ev işlərini anam görür. İstirahət günlərində təmizlik işlərində ona kömək edirəm. Belə evdə yaşamaq mənim üçün çətin deyil. Atam hərbiçi olub və yaşamağımız üçün hərbi hissədən bizə verilən evin qaz, su kimi problemləri olmasa da, divarları çox köhnə idi. Bu evə ilk dəfə daxil olanda ağlıma gələn o köhnə evimiz oldu. Köhnə divarlar arxasındakı xoşbəxt uşaqlığım canlandı gözümün önündə.

Ancaq anam mənimlə qaldığına görə ürəyim atamın yanında qalır. Onlar bir-birinə çox bağlıdır.Üstəlik də atamın sağlıqla bağlı problemi var deyə, anamdan uzaqda qalmasına üzülürəm, narahat oluram.

 

- Əvvəldə qeyd etmişdiniz ki, sizin arzuladığınız məktəb bura deyil. Arzularınız, istəkləriniz vardı. Bunlar nə dərəcədə reallaşıb? Sizcə bu məktəbdə yenilik edə bilmisiniz?

- Etiraf edim ki, istəklərimin heç birini tam olaraq reallaşdırmamışam. Çünki axtardığım həvəsi, coşqunu şagirdlərimdə və valideynlərdə tapa bilmədim. Əslində, onları da qınamıram. Birinci sinif şagirdimin biri ilk vaxtlarda sinifdə belə oturmurdu. Qaçıb gedirdi, ya da məktəb həyətindəki böyürtkən kollarının arasına girib gizlənirdi. Bəzən iki dərsi onu oradan çıxara bilmirdim. Hər yolu sınayırdım, hətta onun üçün evdən şirniyyat da gətirirdim ki, dərsdə otursan, səni mükafatlandıracam. Zamanla onun bu inadını qıra bildim, alışdı sinifdə oturmağa. Dərsə maraq oyada bilmişəm onlarda. Əvvəllər dərsdə ancaq öz-özümə danışırdım. Uşaqlar verdiyim suallara qətiyyən cavab vermək istəmirdilər. Həvəslə oxuduğum hekayələrə, onlar üçün çəkdiyim şəkillərə çox biganə yanaşırdılar. Ancaq indi bunları həvəslə qarşılayırlar. Sinfə girən kimi dərs danışmaq istəyirlər. Ayxan (birinci sinif şagirdi -red.) ikinci sinif kitabını gətirərək ona hekayələr oxumağımı istəyir. Bütün bunlar məni çox sevindirir.

 

Arada digər müəllimlə sinifləri birləşdiririk. Uşaqlarla oyunlar oynayır, hekayələr üzərində rollu oyunlar təşkil edir, yarışlar keçirir, əlamətdar günləri qeyd edirik. Bütün bunları uşaqlar həvəslə qarşılayırlar, ancaq onların fəallığı, əldə etdikləri nəticə məni qane edəcək şəkildə deyil. Səbrli olmağa çalışıram və ümid edirəm ki, zamanla düzələcək.

 

- Şagirdlərinizlə münasibətiniz maraqlıdır. Onlar bir müəllim kimi sizi necə tanıyırlar?

- Yəqin bu suala şagirdlərim daha düzgün cavab verər. Uşaqlara qarşı çox həssas biriyəm. Mehriban rəftar edirəm, onlarda gördüyüm kiçik bir irəliləyişi sözdə böyüdürəm ki, daha da həvəslənsinlər. Uşaqları vurmağa, incitməyə qıymıram. Hətta buna görə onların nənəsi mənim yaxşı müəllim olmadığımı da deyib. Həmişə düşünürdüm ki, uğura aparan yol sevgidir. Yaxşı müəllim olmaq üçün ilk növbədə yaxşı insan olub, özümü sevdirməyi bacarmalıyam. Etiraf edim ki, əsəbiləşib onları danladığım vaxtlar da olub. Hətta iki dəfə elə şeylər baş verib ki, artıq olanlara tab gətirə bilməmişəm. Dərsdən sonra Təhsil Şöbəsinə gedib öz ərizəmlə işdən çıxmaq barədə düşünmüşəm.

Şagirdlərimin haqqımda olan düşüncələri mənə də maraqlıdır. Bir dəfə texnologiya dərsində 3-cü sinif şagirdim üçün zərf düzəltdim. Mənə olan ürək sözlərini, məndən gözlədiklərini yazıb o zərfə qoymağını istədim. Ancaq zərf hələ də içi boş şəkildə sinfin bir küncündə qalır.

 

Sadə müəllim olmaqla kifayətlənmək istəmirəm

 

- Gələcəklə bağlı planlarınız maraqlı olardı. İstərdim bir az da bu haqda danışasınız.

- Bir neçə ildən sonra magistr təhsili almağı düşünürəm. Sadə müəllim olmaqla kifayətlənmək istəmirəm. Bir gün arzusunda olduğum universitetə hazırlıq mərkəzini açacağıma inanıram.

2018-ci il üçün imtahanda iştirak edib, istəklərimi reallaşdıracaq bir orta məktəbdə işə qəbul olmaq istəyirəm. Burdakı uşaqlarla keçirdiyim zamanı isə onlar üçün yaddaqalan və faydalı edəcəyimi özümə söz vermişəm. İmkan edən kimi onları gəzməyə aparacağam. Hələ ki, fikrimdə Şabrandakı Mədəniyyət evi və Heydər Əliyev Mərkəzidir. Yaz-yay aylarında Quba və Bakıya da gedərik. Uşaqlarla uzaq yerə getməyin məsuliyyəti böyükdür, ancaq düşünürəm ki, mən bunu etməliyəm.

 

- Ucqar kənddə işləyən gənc müəllim kimi həmkarlarınıza sözünüz nə olardı?

- Çətinliklərdən qorxmayın. İnsan elə bir varlıqdır ki, onun alışmadığı bir şərait yoxdur. Sadəcə, özünə inam və peşəyə sevgi lazımdır. Belə olan halda heç nə sizi yolunuzdan döndərə bilməz. İmkan verməyin ki, kimlərsə, nələrsə sizi həvəsdən salsın. Kənd yerində işləmək əsl macəradır. Həyatınıza rəng qatmaq, fərqlilik yaratmaq istəyirsinizsə, fürsətdən istifadə edin. Ucqar kənddə bir uşağı irəli aparmaq sizin üçün böyük uğurdur. Bu uğurla özünüzə sübut etmiş olacaqsınız ki, bunun qürur hissi hansı çətinliyə desən dəyər.

 

“Azərbaycan müəllimi” qəzeti


6 il əvvəl