21-28 fevral tarixlərində ABŞ-ın Cənubi Konnektikut Dövlət Universiteti və Nyu-Yorkdakı Kolumbiya Universitetində məktəb liderliyi təcrübəsinin öyrənilməsi, idarəetmənin təkmilləşdirilməsi istiqamətində müvafiq biliklərin əldə edilməsi, çevik və müasir idarəetmə bacarıqlarına yiyələnmək məqsədi ilə təlimlər keçirilib.
“Məktəb liderliyi” layihəsi üzrə keçirilən təlimlərdə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin aparıcı məsləhətçisi Vüqar Əbdülrəhimov, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin təhsil siyasəti üzrə proqram rəhbəri Nailə İsmayılova, Bakı və Sumqayıtdakı bir neçə orta məktəbin direktoru, direktor müavini və müəllimləri iştirak edib.
Səfər müddətində ölkəmizi təmsil edən iştirakçılar Cənubi Konnektikut ştatındakı bir neçə ibtidai, əsas, orta məktəblərin rəhbərləri ilə görüşlər keçirib, məktəblərin idarə olunması, fəaliyyətləri və müəyyən lazımi sənədləri ilə tanış olub, dərs proseslərini müşahidə edərək müəyyən tədqiqatlar aparıblar. Eyni zamanda nümayəndə heyəti Cənubi Konnektikut Dövlət Universitetində liderliyə dair seminarlarda iştirak edərək bir sıra təqdimatlar dinləyib, müzakirələr aparıb.
Sonra həmin təhsil müəssisəsində ölkəmizin təhsil sistemi, həyata keçirilən islahatlar və dövlət proqramları, beynəlxalq əlaqələr, “Məktəb liderliyi” layihəsi çərçivəsində görülən işlər barədə ümumi məlumat verilib, məktəbəqədər, orta ümumtəhsil, peşə və ali məktəblərin foto şəkilləri nümayiş etdirilib, həmçinin, universitetin professor-müəllim heyəti və tələbələri tərəfindən verilən suallar cavablandırılıb.
Nümayəndə heyəti Konnektikut Dövlət Təhsil Departamentində “Liderlik standartları və onların məktəblərdə tətbiqi”, “Təhsildə bərabərlik” mövzuları üzrə təqdimatları dinləyib və həmin mövzular ətrafında fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində Nyu-Yorkdakı Kolumbiya Universitetinin Müəllimlər Kollecində professor-müəllim heyəti və tələbələr ilə görüşən nümayəndə heyəti ölkəmizdə pedaqoji kadrların fəaliyyəti, müəllimlərin dərs yükü, eyni zamanda, Azərbaycan təhsilində aparılan islahatlar və yeni mexanizmlərin tətbiqinə dair verilən tədqiqat xarakterli sualları cavablandırıblar.
Səfərin sonunda ölkəmizi təmsil edən iştirakçılara Cənubi Konnektikut Dövlət Universiteti tərəfindən sertifikatlar təqdim edilib.
8 il əvvəl
Digər xəbərlər
-
”Məktəblilərin respublika çempionatı”na start verilir
23.04.2024 - 18:30 -
Məktəblilərimiz informatika fənni üzrə beynəlxalq turnirdə uğurla çıxış ediblər
22.04.2024 - 18:00 -
Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə növbəti vakansiya seçimi mərhələsi
22.04.2024 - 17:00 -
Tələbələr arasında voleybol üzrə çempionat keçirilib
22.04.2024 - 14:14 -
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinin bağlanış mərasimi keçirilib
19.04.2024 - 18:00