• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Birmingem Universitetində hər tələbənin öz şəxsi tyutoru var

Kamran Muradov: “Məşhur professorların mühazirələrini dinləmək fəxrdir”

Kamran Muradov 1994-cü ildə Mingəçevir şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 285 nömrəli tam orta məktəbdə alıb. 2012-ci ildə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) kimya mühəndisliyi fakültəsinə daxil olub. Adıçəkilən ali məktəbdə bir müddət təhsil aldıqdan sonra “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na qəbul olunub. Hazırda proqram çərçivəsində Böyük Britaniyanın Birmingem Universitetində kimya mühəndisliyi ixtisası üzrə təhsil alır. 

 

“Müəllimlərim ikinci böyük dəstəkçim olub”

- Orta məktəbdə bütün fənlərə qarşı eyni dərəcədə maraq göstərmişəm, buna görə də nəticələrim də yüksək olub. Fənlər arasında riyaziyyat, kimya və fizikanın yeri mənim üçün xüsusidir. Bu fənlər məntiqi yanaşma və bacarıq tələb etdiyindən onlarla ilk tanışlığım məndə xüsusi maraq oyatdı. Bunun nəticəsində həmin fənlər üzrə keçirilən bir sıra olimpiadalara qatıldım, müxtəlif bilik yarışlarında dərəcələr əldə etdim və nəhayət, ali təhsil müəssisələrinə 1-ci ixtisas qrupu üzrə qəbul imtahanında 675 bal toplayaraq Prezident təqaüdünə layiq görüldüm. Əlbəttə ki, bu uğurları qazanmağımda mənə yol göstərən valideynlərimin və hər sualımı tərəddüd etmədən cavablandıran müəllimlərimin əməyi çoxdur. Mən də öz növbəmdə onların əməyini unutmur, məktəbi bitirməyimin üzərindən illər keçsə də, müəllimlərimlə əlaqəni daim saxlayıram. Müəllimlərim ailəmdən sonra ikinci böyük dəstəkçim olub.

İxtisasıma olan marağıma gəlincə, əvvəla, öz ixtisasım barədə kiçik bir məlumat vermək istəyərdim. Kimya mühəndisliyini qısaca laboratoriyada görülən prosedurun sənayeyə böyük miqyasda tətbiqi şəklində ifadə edə bilərik. Göründüyü kimi, kimya mühəndisliyi nəinki yalnız maddələr mübadiləsini, fiziki hadisələri də özündə cəmləyir. Yuxarıda bildirdiyim kimi, artıq 7-8 -ci siniflərdə oxuyarkən riyaziyyat, fizika və kimyaya qarşı hədsiz marağım oyanmışdı. Bu səbəbdən, 1-ci ixtisas qrupunu seçəcəyim dəqiq idi. Lakin kimya mühəndisliyini müəyyən araşdırmalardan sonra seçməyi qərara aldım. İxtisasımı seçməkdə kimya mühəndisliyinin tətbiq sahələrinin genişliyi və ona olan tələbat əsas amillərdən bir neçəsidir. Əlavə olaraq, Azərbaycanın iqtisadi inkişafi, neft sektorunda öz sözünü deməsi və qeyri- neft sektorunun sürətli inkişafı kimya mühəndisliyinin dövrün prioritet ixtisası olduğuna sübutdur.

 

“Xaricdə təhsil almış gənclərin TV kanallarda çıxışlarını dinləyirdim” 

Hələ orta məktəbin yuxarı siniflərində oxuyarkən xaricdə təhsil almaq barədə düşünürdüm. O vaxtlar xaricdə təhsil almış gənclərin TV kanallarda çıxışlarını dinləyirdim. Onların nailiyyətləri məndə xaricdə təhsilə həvəs oyadırdı. Nəhayət, ali məktəbə qəbul olduqdan sonra xaricdə təhsil mənim məqsədimə çevrildi. Ali məktəbdə bir il ingilis dili biliklərimi inkişaf etdirdikdən sonra həm Dövlət Proqramı, həm də xaricdə təhsilin üstünlükləri ilə maraqlandım. Həmçinin, Böyük Britaniyada bakalavr pilləsi üzrə təhsil müddəti 3 il olduğundan, xaricdə təhsil alsam belə, universiteti eyni müddətə bitirirdim. Bu qərarımı valideynlərim və müəllimlərimlə bölüşdüm. Hər zaman olduğu kimi onlar da mənim bu qərarımı dəstəklədi və bu məqsədimə çatmağımda yardımlarını əsirgəmədilər. 

Ümumiyyətlə, ölkəmizdə aparılan təhsil siyasəti, yeniyetmə və gənclərə verilən önəm və dəyər təqdirə layiqdir. Dövlət tərəfindən gənclərə təqaüd proqramları və digər mühüm layihələrlə dəstək göstərilməsi bizim üçün böyük bir şansdır. Xaricdə təhsil alan tələbə təhsilini bitirdikdən sonra ölkəyə qayıdır, əldə etdiyi biliyi müəyyən sahələrə tətbiq edərək Azərbaycanın inkişafının daha da sürətlənməsinə töhfəsini verir. Həmçinin xaricdəki təhsil sisteminin üstünlüklərinin Azərbaycanın öz təhsil sisteminə gətirilməsi, ölkə daxilində də yüksək təhsilli mütəxəssislərin yetişdirilməsini təmin edir. Təqaüd proqramına seçilmək qarşıma qoyduğum məqsəd üçün mühüm mərhələ idi. Buna nail olduğumu öyrəndikdə isə, çox sevindim. Bu hissi sözlərlə ifadə etmək mümkün deyil. Hələ də o anları düşünəndə həmin sevinc hissini yenidən yaşayıram.

Özüm xaricdə oxusam da, ailə üzvlərimdən bir neçəsi hazırda Azərbaycanda ali təhsil alır. Bu səbəbdən də ölkəmizin təhsil sistemində baş verən yeniliklərlə yaxından maraqlanıram. Müasir standartlara cavab verən təhsil müəssisələrinin yaradılması, aparılan islahatlar təhsilin inkişafının göstəricisidir. Xüsusi ilə gənc və təcrübəli kadrların idarəçiliyə cəlb olunması təhsilin inkişafına daha da təkan verir. Düşünürəm ki, yaxın gələcəkdə ölkəmizdə təhsilin tam elektronlaşdırılması baş verəcək, beləcə tələbə və şagirdlər bütün dərs materiallarını istədikləri vaxt və məkanda əldə edə biləcəklər.

 

“Baxmayaraq ki, dərs interaktiv şəkildə keçirilir...”

Böyük Britaniyada təhsilin ən əsas üstünlüyü verdiyi diplomun bütün dünyada tanınmasıdır. Bundan əlavə, özünü sübut etmiş müasir təhsil sisteminin bir çox üstünlüklərini vurğulamaq olar. Öz ixtisasım barədə onu deyə bilərəm ki, Birmingem Universitetində kimya mühəndisliyi tələbələrə daha çox təcrübə yolu ilə aşılanır. Semestr ərzində keçirilən laboratoriya eksperimentləri öyrəndiyimiz bilikləri sınamağa və yerindəcə müşahidə etməyə imkan yaradır. Müxtəlif mövzularda olan qrup işləri isə ünsiyyət bacarığımızı inkişaf etdirməkdə, zavodların optimallaşdırılması, onların istismarı, enerji sərfiyyatı, büdcənin təşkili və əsas olaraq təhlükəsizlik tədbirləri barədə biliklərə yiyələnməyimizdə böyük rol oynayır. Kimya mühəndisliyi nə qədər çətin olsa da, bir o qədər də maraqlı ixtisasdır. Tətbiq dairəsinin genişliyi bu ixtisasda bir çox elmlərin mənimsənilməsini təmin edir. Bunlardan xüsusi ilə “Dizayn layihəsi” və “Proses kontrol əsası” mənim marağımı daha da cəlb edir. Bu fənlər kimya mühəndisliyini ümumi şəkildə özündə cəmləşdirir. Adlarından göründüyü kimi, biri dizayn və quruluş, digəri isə əməliyyatın idarə olunması haqqında olan biliklərdən ibarətdir.

Birmingem Universitetində baxmayaraq ki, dərs interaktiv şəkildə keçirilir və müəllim-tələbə əlaqələri dərs boyu səmimi olur, dərs bitdikdən sonra bu əlaqə də bitir. Dərsdən əlavə müəllimlə görüşmək üçün onu xəbərdar edib uyğun vaxt təyin etmək lazımdır. Diqqətimi çəkən məqamlardan biri də odur ki, Birmingem Universitetində hər tələbənin öz şəxsi tyutoru var. Şəxsi tyutor mütəmadi olaraq öz tələbəsi ilə görüş keçirir, dərslə bağlı, habelə dərsdən kənar problemləri müzakirə edir, onların həll yolunu tapmaqda köməklik göstərir. Təhsilimə yeni-yeni başlayanda şəxsi tyutorumun Birmingemə uyğunlaşmağımda köməyi olmuşdur. İl boyu keçirilən bütün fənlər üzrə imtahanlar may və iyun aylarında baş tutur. İmtahanlar ciddi nəzarət altında, tam şəffaf və yazılı şəkildə keçirilir. İmtahanların nəticələri təqribən 1 ay sonra açıqlanır və təhsil ili cavablar elan olunduqdan sonra bitir. Fənlər adətən 2 hissədən ibarət olur - mühazirələr və onlarla bağlı suallar.

 

“Tələbə üçün mütaliə çox vacibdir”

Ümumiyyətlə, vaxtımın əksər hissəsini dərslərə ayırdığım üçün boş vaxtım çox az olur. Bu səbəbdən çalışıram ki, asudə vaxtlarımı səmərəli şəkildə dəyərləndirim. Universitetimizin müasir və geniş kitabxanası olduğundan demək olar ki, asudə vaxtımı da orda keçirirəm. Burada mən axtardığım məlumatı tez və asan bir şəkildə tapıram. Asudə vaxtımın əksər hissəsini öz ixtisasımla bağlı Robert Perri tərəfindən yazılmış məşhur “Kimya mühəndislərinin əl kitabı”nı oxuyaraq keçirirəm. İxtisasdan əlavə bədii kitablar da oxuyuram, Paulo Koelyonun “Kimyagər” əsərini bir neçə dəfə oxumağıma baxmayaraq yenə də sevə-sevə oxuyuram. 

Əlavə olaraq boş vaxtlarımda idmanla da məşğul oluram. Həftə ərzində bir neçə dəfə trenajor zalına və ya üzgüçülük hovuzuna gedirəm. 

Düşünürəm ki, insan təhsilini bitirsə belə oxumaq heç vaxt bitməməlidir. İstər elmi, istərsə də bədii mütaliə ilə məşğul olan hər kəs elmi biliyi və nitq qabiliyyətini artırır. Xüsusi ilə tələbə üçün mütaliə çox vacibdir.

 

“Səmimi-qəlbdən “bəli” cavabını verərdim”

Dünyanın nüfuzlu ali məktəblərindən birinin tələbəsi kimi deyə bilərəm ki, xaricdə təhsilin üstünlüklərini saymaqla bitməz. İlk növbədə, fərqli mədəniyyətlərlə tanış olmaq, fərqli xalqların nümayəndələrini tanımaq və eləcə də Azərbaycan mədəniyyətini tanıtmaq insanın dünyagörüşünü artırır. Həmçinin kampus həyatı, asudə vaxtını səmərəli dəyərləndirmək üçün müxtəlif tələbə təşkilatlarında təmsil olunmaq xaricdə təhsilin üstünlüklərindən bir neçəsidir. Təhsil tərəfdən isə, dərslərin sırf oxumaq üzərində yox, həm də laboratoriya sessiyaları, qrup işləri və müxtəlif zavodlara ekspedisiyalar vasitəsi ilə tələbələrə çatdırılması dərsin keyfiyyətinin əyani nümunəsidir. Bakalavr pilləsi üzrə elmi tədqiqatlar yalnız təyin olunmuş laboratoriya sessiyalarından ibarətdir. Universitetdə ayda bir neçə dəfə məşhur şirkətlərin iştirakı ilə müxtəlif seminarlar təşkil olunur. Həmin seminarlarda çıxış edən şirkət işçiləri bizə iş həyatı haqqında məlumatlar və uğurlu karyera üçün məsləhətlər verir.

Xaricdə təhsilin ümidlərimin doğrultmağına gəlincə, bu suala səmimi-qəlbdən “Bəli” cavabını verərdim. Xaricdə təhsil mənim ümidlərimi artıqlaması ilə doğrultdu. Birmingem Universitetində yerləşən, yüksək standartlara cavab verən kimya laboratoriyasında eksperiment aparmaq və məşhur professorların mühazirələrini dinləmək fəxrdir. Burada qazandığım bilik, dünyagörüş və eləcə də digər millətlərdən olan dostların dəyəri mənim üçün çox böyükdür. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təhsilimizin uğurudur. Əminəm ki, bu proqram üçün ayrılan vəsait dövlət büdcəsinə qat-qat artığı ilə qayıdacaq.

 

“Azərbaycanı layiqincə təmsil etdiyimi düşünürəm”

Xaricdə təhsil alan hər bir azərbaycanlı gənc kimi, mənim də qarşımda duran əsas vəzifələrdən biri Azərbaycanı təbliğ etmək, ölkəmizlə bağlı reallıqları dünyaya çatdırmaqdır. Universitetimizdə “Azərbaycan cəmiyyəti” fəaliyyət göstərir və mən bu cəmiyyətin katibiyəm. Azərbaycanı layiqincə təmsil etdiyimi düşünürəm. İl ərzində universitetdə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə görüşlər və Azərbaycanla bağlı əlamətdar günlərdə tədbirlər təşkil olunur. Bu tədbirlərdə digər tələbələrimiz kimi mən də fəal iştirak edirəm. Universitetdə keçirilən sərgilərdə və eləcə də gündəlik həyatımda Azərbaycan mədəniyyətini, adət-ənənələrini, milli təamları tanıtmağa çalışıram və xarici dostlarımı Azərbaycanı ziyarətə dəvət edirəm. 

Gələcəklə bağlı planlarıma gəlincə, hədəflərim çoxdur. Əsas meyar isə inkişafdır. Təbii ki, hazırkı məqsədim universiteti müvəffəqiyyətlə başa vurmaqdır. Sonrakı dövrlər üçün isə hədəfim ixtisasımla bağlı biliklərimi daha da inkişaf etdirərək ölkəm üçün yararlı, yüksək səviyyəli mütəxəssis olmaqdır. 


6 il əvvəl