• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Oxumuram, əl çəkin...

“Tələbə vikipediya deyil!”, “İmtahanlar ləğv olunsun!”. Azərbaycan Dillər Universitetində bu yaxınlarda bir qrup tələbənin keçirdiyi etiraz aksiyasının şüarlarından ikisi belə idi. Əslində, tələbə vikipediya olmasa da, imtahan verməlidir. Tələbənin oxuyub bildiklərini hansı səviyyədə mənimsədiyini ali təhsil haqqında sənədi verən müəssisə dəqiq öyrənməlidir. Bizim uşaqlar isə...

Məsələ burasındadır ki, etirazın mahiyyətini anlamayan bir çox sosial şəbəkə qəhrəmanları aksiyaçıları  Həcər, Nəbi etdilər. Yəni, sözünü hamıya deyəcək qədər böyük cəsarət sahibi saydılar.  Amma deyək ki, adıgedən tarixi qəhrəmanlar da fəaliyyətlərinin mahiyyətinə varmasaq, əslində, elə cahilliyə, avamlığa, bir az müasirləşdirsək, savadsızlığa, ədalətsizliyə qarşı olublar.

Qaldı imtahan vermək istəməyən tələbələrə, çox maraqlı məqamlar var. Adamlar sadəcə oxumadıqları, ya da yaxşı oxumadıqları üçün imtahan olunmaq istəmirlər. Biz bəlkə də dünyada yeganə millətik ki, oxumamaq üçün pul veririk. Necə? Orta məktəbdə deyirik ki, bu uşağı çevirin babalarınızın başına, alın bu pulu, uşağa üçdən-zaddan yazın adlasın o biri sinfə. Müəllim almır, olur pis kişi, alır, olur rüşvətxor, təhsilə badalaq vuran. Bu qarmaşada müşahidə etdiyin həm də o olur ki, təhsilin bərbadlığından ən çox danışan elə bayaqkı uşağı üçün yalvaran valideyndir. İllərdi onun üzünə baxa-baxa gəlib çıxdıq yuxarı sinfə. Yuxarı sinifdə yenə həmin valideyn və ya valideynlər yüyürür kiminsə üstünə. Söyləyirik ki, sən  Allah bu dəfə balamla birgə məni də çevir balalarının başına, bəs dərslər ağırdır, bir-iki saat otursun çıxıb gəlsin evə. Uşaq əziyyət  görməsin, nə yaşı var ki, anası ölmüşün.

Sonra həmin bu uşaq, ya da olsun elə uşaqlar ali məktəblərə qəbul imtahanı verir. Bir xeylisi imtahanlardan kəsilir.  Valideynlərin böyük əksəriyyəti orda da “dada” yetir. Deyir ki, bəs Azərbaycanda təhsilin səviyyəsi aşağıdır. Dərslər və müəllimlər bərbaddır. Burda bir acı həqiqət var. Bütün sistemlərdə işlər ictimaiyyətin tələb standartına uyğun qurulur. Daha dəqiqi, insanın kəmiyyəti və keyfiyyətinə görə müəyyən edilir. Bütün üst qurumlar aşağıdan gələn tələbləri hesablayaraq fəaliyyət planı qurur. Yəni bu gün adına problem dediyimiz hər şeyə layiqik. Çünki tənbəlik. Məsələn, tələbəyik oxumaq istəmirik, imtahan verməmək üçün üsyan edirik.  O üzdən ali məktəb rəhbərliyinə təzyiq göstəririk ki, göz qorxudaq. O, bu barədə  üst quruma “həyəcanlı” məlumatlar versin. Daha sonra həmin üst qurum da özündən üstə üz tutsun. Beləcə, ölkədə bir qrup oxumaq istəməyən tələbənin kaprizi üzündən dövlətin qanunverici orqanı və mütəxəssisləri layihə hazırlasınlar.

İndi saxlayıb o uşaqları soruşmaq lazımdır ki, a bala, nə məsələdir, niyə imtahan vermirsən? Sualın ağzında bitər-bitməz baxırsan ki, etiraz şüarı yazılan plakatlardan birində ingilis dilində qurulmuş cümlə qüsurludur. Yəni artıq sualının cavabı var. Bu uşaqlar nədən imtahan verib, nə alacaqlarını bildikləri üçün sadəcə  “xox” gəlirlər.

İndi lap tutaq ki, bu “xox”dan kimsə qorxdu, həmin imtahanlar ləğv edildi. Sonra nə olacaq? O uşaqlar olacaq mənəvi zəlil. Əziyyət görməyən uşağa başqa ad verə bilmirəm mən.

Qaldı valideynlərə. Əziz valideynlər, bu günün oxumaq istəmirəm deyən etirazçı tələbəsi, yəni mənim, sizin övladlarınız, sabahın savadsız atası, anasıdır. “Təki mənə güllə dəyməsin, vətən özü bilər” deyən sərhədçi, əsgər, zabit olacaq. Bu qədər zəlili bu ölkənin çiyinləri götürməz axı? Bu ölkəyə zəlillərlə yanaşı, yetişmiş, kamil insanlar, kadrlar da lazımdır. Biz bunu evlərdə yetişdirib, məktəbə, ali təhsil müəssisəsinə, ordan da cəmiyyətə yollaya bilmiriksə ki, nəticədə arxayın oturaq, daha niyə yaşayırıq ki?  O üzdən evlərinizdə yarıtmaz vətəndaş yetişdirib vətənin başına daş salmayın lütfən. Təbii ki, mümkündürsə, imkan varsa.  İndi vətəni bilmirəm, öz  vətəndaş adıma deyim ki, kamil olmayan şagird, tələbə, mütəxəssis lap evimin içindədirsə belə, o mənə lazım deyil. Məncə, vətən də bu mövqedə olar. Bu yazını da elə özümüzə xatir yazdım. Yazdım deyim ki, hələlik millət olaraq gələcəyimizə dair optimistik. Canımıza əziyyət verib uşaqlarımızı zəhmətə, yaxşı təhsilə alışdıraq. Daha rəhmətlik Sabirin sözü olmasın,  “oxutmuram, əl çəkin” deməyək.

Rəhmətlik Sabir demiş, adam dövrünün dahilərindəndir. O qədər dahi ki, bütün əsrlər və dövrlər üçün aktual olaraq qalır. Zamanında valideynləri qınamışdı. Qınamışdı ki, “oxutmuram, əl çəkin” deyirlər.

İndi sağ olsaydı gedib canlı-canlı qarşısında baş əyərdi adam kişinin. Deyərdi ki, sən gedəndən heç nə dəyişməyib, ay ustad. Əvvəl oxutmaq istəməyənlər vardı. İndi onların sırasına oxumaq istəməyənlərimiz də qoşulub.  Yəni durum sənin yazdığından da qəlizdir. Düzdür, gözümüz, qəlbimiz hərdən sevinir. Uğurlu işıqlı simalarımız da yox deyil. Necə ki, zamanında sən, böyük Zərdabi, Mirzə Cəlil vardı. Amma vallahi xasiyyət və ruhumuzda nəsə dəyişmədi. Hər şey libasımızda gizli. Yəni dəyişən təkcə libasımızdır, ustad. O dünyada səbirli ol, yanına özün kimi xeyli çərləyib ölənlər gələcək bizim simamızda. Çünki bir ordu gəlir üstümüzə oxumaq üçün imtahan vermək istəməyən, vətən dəyəri, milli kimlik anlayışı zəif olan, amalı, əqidəsi fərqli. Biz bu ordu ilə döyüşməyəcək qədər yox, qalib olmayacağımızı anlayacaq qədər acizik.  Çünki azıq, çox az, lap elə sizin o vaxt olduğunuz qədər...

 

"Azərbaycan müəllimi" qəzeti


6 il əvvəl