• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Biz məzunuq…

İddialar və hədəflər böyük olduğu kimi, bilik və bacarıqları da yüksəkdir

 

Bir təhsil ili də beləcə başa çatır. Bu gün XI sinfi bitirən 84088 məzun üçün məktəblərdə sonuncu dəfə zəng çalınacaq. Amma bu zəng onları məktəbdəki növbəti dərsə yox, həyat məktəbinin bitməyən sınaqlarına hazır olmağa səsləyəcək. Yarı kövrək, yarı əyləncəli bu günün sonunda onlar məktəblə birdəfəlik vidalaşacaqlar. Bundan sonra bəlkə də oturacaqları bir parta olacaq, amma o, heç vaxt bir məktəb partasını əvəz edə bilməyəcək.

Bu gün məzun olan şagirdlərin məktəbə “son sözü” nədir, görəsən?

Məktəblə sağollaşacağıma görə kədərlənirəm

Fatimə Keyseruxskaya, Balakən şəhər 1 nömrəli tam orta məktəbin məzunu: - Təhsil elə bir pilləkəndir ki, məncə, burada aşağıya yol yoxdur. Həmin pilləkənin ən əhəmiyyətli, ən vacib pilləsi məktəbdir və mən məktəblə sağollaşıram. Buna görə çox kədərlənirəm. Ancaq arzularım var. “ADA” Universitetinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olmaq istəyirəm. Məktəb bu arzuma çatmaq, uğur qazanmaq üçün kifayət qədər bilik verib. Birinci qəbul imtahanında 637 bal toplayaraq bunu sübut etmişəm. Qazandığım uğura görə müəllimlərimə təşəkkür edirəm və düşünürəm ki, onların etimadını doğruldaraq ikinci qəbul imtahanında 700 bal yığacağam.


Hədəfim 700 bal yığmaqdır

Səyyad Yusifli, Zaqatala şəhər 3 nömrəli tam orta məktəbin məzunu: - Oxuduğum məktəb hər yerdə uğurları ilə seçilir. Mən də bu məktəbin şagirdi olduğuma görə həmişə fəxr etmişəm. Qazandığım uğurlarda müəllimlərimin zəhməti, əziyyəti böyükdür. Onlar mənə sadəcə təhsil almaqda yox, şəxsiyyət kimi formalaşmaqda, cəmiyyətdə müəyyən mövqeyə sahib olmaqda çox kömək ediblər. Artıq dərs ilinin son günüdür və məktəblə vidalaşacağıma görə çox üzülürəm. Lakin müstəqil həyata atılacağıma görə də həyəcanlanıram. Birinci qəbul imtahanında 682 bal toplamışam. Arzum hüquqşünas olmaqdır. İkinci qəbul imtahanında da iştirak etmək niyyətindəyəm. Hədəfim 700 bal yığmaqdır. Müəllimlərimə çəkdikləri əziyyətə görə dərin minnətdarlığımı bildirirəm.


Neft mühəndisi olacağam

Aytən Nuriyeva, Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin məzunu: - Daşkəsən şəhərində anadan olmuşam. Məktəbi bitirməyim nə qədər sevindirici olsa da, bir o qədər də çətindir. Çünki 11 il eyni sinifdə oxuduğum şagird yoldaşlarımdan və məktəb rəhbərliyindən, əziz müəllimlərimdən ayrılıram. Amma sevincliyəm ona görə ki, yeni həyata qədəm qoyuram. Ali məktəblərə I qrup üzrə ilk qəbul imtahanında 450 bal toplamışam. Növbəti imtahanda da iştirak etmək fikrindəyəm və buna səylə hazırlaşıram. Neft ölkəsində yetişən neft mühəndisi olmaq istəyirəm. Magistraturanı isə dövlət proqramı ilə xarici universitetlərin birində davam etdirmək niyyətindəyəm.


Ailəmə və məktəbimə borcluyam

Elgün Cumayev, Qax rayonu Qum kənd tam orta məktəbinin məzunu: - İndiyə kimi keçirilən bütün sınaq imtahanlarında 650-670 bal toplamışam. Qəbul imtahanında birinci qrup üzrə 670 bal topladığımı biləndə sevincimi qardaşlarımla bölüşdüm. Çünki qarşıma məqsəd qoymağı, uğur qazanmağı onlardan öyrənmişəm. Böyük qardaşım BDU-nun dünya iqtisadiyyatı fakültəsini bitirib. İkinci qardaşım isə hazırda Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin 4-cü kursunda oxuyur. Ancaq mən hələlik hansı ixtisası seçəcəyimə qərar verməmişəm. İkinci imtahanda da iştirak edəcəm. Hədəfim 700 bal toplamaqdır. Təhsilimi ingilis dilində davam etdirmək istəyirəm. Qazandığım uğurlara görə ailəmə və məktəbimə borcluyam. Hər ikisinə “Sağ ol” deyirəm.


Xəyallarımın, arzularımın arxasınca getməliyəm

Ramil Tağıyev, Ağstafa rayonu Qırılı kənd tam orta məktəbinin məzunu: - Hər bir insanın həyatında məktəb illəri böyük rol oynayır. Məktəb bizə ikinci bir ailə olub. Burada yazıb-oxumağı , vətəni sevməyi, bir-birimizə qardaş-bacı olmağı öyrənmişik. Bəzən 11 il bu məktəbdə oxuduğuma, indi onunla sağollaşacağıma inanmıram. 1-ci sinfə gəldiyim gün hələ yadımdadır. Bir yandan anamız qədər doğma olan sevimli müəllimlərimizdən, hətta sinif otaqlarımızdan, üzərinə təbaşirlə yazılar yazdığımız sinif lövhələrindən necə ayrılacağam deyə fikirləşirəm. Digər tərəfdən də düşünürəm ki, xəyallarımın, arzularımın arxasınca getməliyəm. Uşaqlıqdan polis olmağı arzulamışam. Böyüdükdən sonra da buna tam qərar verdim. III qrupa hazırlaşıram. Sənədlərimi Polis Akademiyasına təqdim etmişəm. Birinci imtahanda 619 bal toplamışam. Amma bu balla kifayətlənmirəm, 700 bal toplamağı qarşıma məqsəd qoymuşam.


Müəllimlərimin etimadını doğruldacam

Jalə Məmmədova, Abşeron rayonu Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunu: - 2006-cı ilin sentyabr ayında valideynlərim əlimdən tutub məni ilk dəfə məktəbə gətirdilər. O gün çox həyəcanlı idim, yeni bir mühitə düşmüşdüm, həyatımda yeni səhifə açılırdı. 11 ildə həyatım dəyişdi, mənə dərs dəyən müəllimlər və sinif yoldaşlarım mənim ikinci ailəm oldular. Bu illərin demək olar ki, hər günü onlarla keçdi. Düşünürəm ki, insanın xasiyyətinin formalaşmasında, özünü tanımasında məktəb mühitinin, sinif yoldaşlarının, müəllimlərin müstəsna rolu var. Bu cəhətdən özümü şanslı hesab edə bilərəm ki, mən Xırdalan şəhər 5 nömrəli tam orta məktəbin məzunuyam. Müəllimlərim bizə bilik verməklə yanaşı, həmişə yol göstərib, dəyərli məsləhətlər veriblər. Onların öyrətdikləri sayəsində bir sıra bilik yarışlarında qalib olmuşam. “Fənlərin dostluğu” olimpiadasında I yerə çıxmışam, kimya üzrə respublika fənn olimpiadasının final mərhələsində iştirak etmişəm. Bu qədər fəal, həyəcanlı 11 il artıq geridə qaldı. Ümman dolu xatirələrlə ayrılıram məktəbdən. Müəllimlərim daha mənə dərs deməyəcək, sinif yoldaşlarımla bir sinifdə oxumayacam... Bunlar bir az kədərləndirir. Ancaq sevinirəm də. Tələbə, sonra kimya mühəndisi olmaq istəyirəm. I qrup üzrə qəbul imtahanında 695 bal toplamışam, lakin bununla kifayətlənmirəm. Hədəfim 700 baldır və inanıram ki, müəllimlərimin etimadını doğrulda biləcəm.


Məşhur beyin cərrahı olub...

Gülşən Qurbanova, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin məzunu: - Qəbul imtahanında IV qrup üzrə 672 bal toplayaraq arzularımı reallaşdırmağa nail oldum. 11 il təhsil aldığım məktəbdən və sinif yoldaşlarımdan ayrılacağım üçün çox təəssüflənirəm. Ancaq bilirəm ki, hər bir yenilik və inkişaf üçün həyatımız müəyyən istiqamətdə dəyişməlidir. Təbii ki, bu gün hər kəsin ürəyindən çox söz keçir. Məktəb və müəllimlərimizin bizim üçün etdikləri əvəzsizdir. Seçdiyim yolda irəliləməyə hər zaman stimul verən, istədiyimi edə biləcəyimə inandıran riyaziyyat müəllimim İlhamə müəllimə isə xüsusi təşəkkürümü bildirirəm.

Ən böyük arzum həkim, məşhur beyin cərrahı olub, ölkəmi, təhsilimizi bütün dünyada tanıtmaq, vətənimə və millətimə layiqli vətəndaş olmaqdır.


Gərək hər bir şagird qarşısına məqsədlər qoysun

Bəxtiyar Nəzərli, Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin məzunu: - Məktəbimizdə intellektual bilik yarışmaları keçirilirdi. Mən də “Xəmsə” milli intellektual bilik yarışmasında iştirak edirdim. Elə 2017-ci ildə məktəbimizin komandası respublika üzrə I yerə çıxdı. Mən “Ən yaxşı oyunçu” adına layiq görüldüm. Bu mənim ilk böyük uğurum oldu.

İkinci böyük uğurum da var. Birinci qəbul imtahanında 663 bal toplayaraq rayon üzrə ən yüksək göstəricini əldə etdim. Mənim üçün ən böyük problem iradəsizliyimdir. Sosial şəbəkələrə daxil olmağı özümə qadağan edə bilmirdim. Nəticədə də bu il keçirilən birinci qəbul imtahanlarında 700 bal toplaya bilmədim. Gərək hər bir şagird qarşısına məqsədlər qoysun və hədəfinə çatanda özünü mükafatlandırsın. Arzum Azərbaycan Dövlət İqtisad Universitetində təhsil almaqdır.


Bu uğurumda məktəbimin payı var

Yadulla Həsənli, Sabirabad rayonu Nəsimi kənd tam orta məktəbinin məzunu: - Heç bir əlavə hazırlığa getmədən qəbul imtahanlarının birinci mərhələsində 691 bal toplamışam. Bunu ən böyük uğurum sayıram. Təbii ki, bu uğurumda məktəbimin, xüsusən, riyaziyyat müəllimim Hicran Qurbanovanın payı olub. Hər şey üçün bütün müəllimlərimə minnətdaram. Məqsədim 700 bal toplamaq olub. Amma diqqətsizliyim üzündən birinci imtahanda səhvə yol verdim. Amma ikinci imtahanda 700 bal toplayacağıma inanıram. Arzum Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmaqdır. Sonra magistratura pilləsini xaricdə davam etdirəcəyəm.


Məktəb mənə sadəcə bilik verməyib

Nəzrin Quliyeva, Şabran şəhər R.Yusifov adına məktəb-liseyin məzunu: - 2006-cı ilin sentyabrında birinci sinfə daxil olanda bu uzun və şərəfli yolda məni nə gözlədiyini hələ bilmirdim. İndi hamıdan çox əlimdən tutub hərfləri yazmağı, riyaziyyatı sevməyi öyrədən ilk müəllimim Ağababa müəllimə minnətdaram. Elə o vaxtdan hədəfim yaxşı oxuyub əlaçı olmaq idi. Hədəfimə çatmaqda müəllimlərimin rolu və valideynlərimin dəstəyi əvəzsizdir.

Məktəb mənə sadəcə bilik verməyib, şəxsiyyət kimi formalaşmağımda böyük rol oynayıb. Müəllimlərimiz sadəcə ayrı-ayrı fənlər üzrə bilik verməklə kifayətlənməyib, həmçinin bizi həyata hazırlayıblar. Sinif yoldaşlarımla birlikdə bu qədər vaxt keçirmək, birlikdə oxumaq, tədbirlər təşkil etmək bizdə kollektivdə münasibətlərin düzgün formalaşmasına kömək edib. Ən böyük məqsədim peşəkar həkim olub insanlara xidmət etməkdir. Birinci qəbul imtahanında 641 bal toplamışam . Növbəti cəhdimin daha uğurlu olacağına inanıram və bunun üçün səylə çalışıram.


Çalışacağam ki, etimadı doğruldum

Gültac Ələkbərova, Samux şəhər 1 nömrəli məktəb-liseyin məzunu: - Orta məktəbdə oxuyanda humanitar fənləri daha çox sevir, fənn olimpiadalarında fəal iştirak edirdim. Arzum hüquqşünas olmaqdır. Ali məktəbə I qəbul imtahanlarında 634 bal toplasam da, nəticəm məni qane etmir. Ona görə daha ciddi hazırlaşıram ki, yüksək nəticə əldə edim. Çalışacağam ki, müəllimlərimin və valideynlərimin etimadını doğruldum.


6 il əvvəl