• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Böyük Britaniyada səfərdə olub

Təhsil naziri Mikayıl Cabbarov 15-17 may 2017-ci il tarixlərində ölkə başçısının göstərişinə uyğun olaraq Oksford İslam Araşdırmaları Mərkəzinin (OİAM) yeni tədris binasının təntənəli açılış mərasimində iştirak etmək məqsədilə Böyük Britaniyada işgüzar səfərdə olub.

Mayın 16-da  keçirilən  tədbirdə Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz, Səudiyyə Ərəbistanının Kral ailəsindən Şahzadə Türki əl-Feysal və Mərkəzin direktoru Fərhan Nizami açılış nitqi ilə çıxış edib. Mərasimdə eyni zamanda Malayziyadan Sultan V Məhəmməd, Bəhreyn Krallığının vəliəhdi Şahzadə Salman bin Həməd, Küveytin keçmiş baş naziri və xarici işlər naziri Məhəmməd Sabah əl-Salem, İordaniya Kralının nümayəndəsi Şahzadə Qazi bin Məhəmməd və digər rəsmilər iştirak edib. Çıxışlarda Mərkəzin dinlərarası dialoqun inkişafında oynadığı əhəmiyyətli roldan söz açılıb, islam araşdırmaları sahəsində görülmüş işlər və Mərkəzin yaranmış yeni imkanlar hesabına gələcəkdə daha da inkişaf edəcəyinə dair fikirlər səslənib.

Tədbir çərçivəsində keçirilən rəsmi qəbul zamanı Mikayıl Cabbarov Mərkəzin rəhbərliyinə Azərbaycan Respublikasının Prezidentinin təbrik və salamlarını çatdırıb.

Səfər çərçivəsində Mikayıl Cabbarov eyni zamanda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın həqiqi üzvü, professor  Nərgiz Paşayevanın təşəbbüsü əsasında  2013-cü ildə Oksford Universiteti nəzdində yaradılmış Nizami Gəncəvi adına Azərbaycanşünaslıq və Qafqazşünaslıq Mərkəzinin akademik heyəti ilə görüş keçirib. Oksford Universitetinin qədim Bodleian Kitabxanasında professor Nərgiz Paşayevanın iştirakı ilə baş tutan görüş zamanı iştirakçılar burada Azərbaycan dili, tarixi, və mədəniyyəti sahəsində aparılan araşdırmalar və eləcə də orta əsrlərdə Azərbaycana səfər edən səyyahların nadir əsərləri ilə tanış olublar.

Səfər zamanı təhsil naziri Mikayıl Cabbarov Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin rektoru Dr. Xalid Azzam ilə görüşüb. Görüşdə 2012-ci ildən etibarən bu məktəblə əməkdaşlıq çərçivəsində Bakıda fəaliyyət göstərən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin ölkəmizin zəngin mədəni irsinin qorunması sahəsində həyata keçirdiyi layihələrin spektrinin genişləndirilməsi, eləcə də mərkəz tərəfindən Azərbaycan universitetləri ilə birgə proqramların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Səfərin yekununda isə təhsil naziri ölkəmizin Böyük Britaniyadakı səfirliyində xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Təhsil naziri görüşdə iştirak edən tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olub, onların problemləri ilə maraqlanıb və suallarını cavablandırıb.

Oksford İslam Araşdırmaları Mərkəzi (OİAM) 1985-ci ildə islam dünyasında elmi tədqiqatların və dinlərarası dialoqun inkişaf etdirilməsi məqsədi ilə yaranmış müstəqil mərkəzdir. Birləşmiş Krallığın vəliəhdi Uels Şahzadəsi Çarlz Mərkəzin himayədarıdır. OİAM Böyük Britaniyada rəmzi məna daşıyan “Kral Nizamnaməsi” əldə etmiş yeganə İslam Araşdırmaları Mərkəzidir. Mərkəzin yeni binası Oksford Universitetinin ənənəvi və islam memarlığının vəhdəti üslubunda inşa olunub.


6 il əvvəl