• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Almaniyada təhsil alan azərbaycanlı tələbə: “Xaricdə təhsil sayəsində hədəflərim genişləndi” - Uğur formulu

Təhsil Nazirliyi və  “1News.az” İnformasiya Agentliyinin “Uğur formulu” layihəsi davam edir.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nurdan Həsənzadədir.

Nurdan Həsənzadə 1993-cü ildə Bakı şəhərində anadan olub. Orta təhsilini 160 saylı Klassik Gimnaziyada alıb. 2010-cu ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Hazırda təhsilini Almaniyanın Berlin Humboldt Universitetində müalicə işi ixtisası üzrə davam etdirir.

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Mən təhsilimi daha da təkmilləşdirmək məqsədilə bu seçimi etmişəm. Aldığım təhsildən tam məmnunam. İnteraktiv təhsil sistemi, distant təhsil texnologiyalarından aktiv istifadə, çoxsaylı təcrübələr, təhsilin ilk vaxtlarından pasiyentlərlə həftəlik kursların təşkili, təcrübəli müəllim heyəti, müasir standartlara cavab verən tibbi laboratoriyaların mövcudluğu tədrisin keyfiyyətini daha effektiv edir və səmərələliyini artırır. Bununla yanaşı, ölkə xaricində təhsil mənə müxtəlif ölkələrin mədəniyyəti ilə yaxından tanış olmağa geniş imkan yaradır, eyni zamanda dünyagörüşümü daha da şaxələndirir, bu isə özü-özlüyündə qiymətsiz bir təcrübəyə çevrilir.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Bu peşənin tələb etdiyi zirvədə məqam tutmaq yüksək iradə, səbr və fədakarlıq tələb edir. Hələ erkən vaxtlarımdan həkim kimi çalışan anamın iradəsindən güc alaraq təbabət sahəsində təhsil almağa qərar vermişdim. Mütəmadi olaraq valideynlərimin çalışdığı tibb müəssisəsinə baş çəkməyim, iş prosesini yaxından müşahidə etməyim, habelə təbiət elmlərinə olan marağım bu sahəyə olan sevgi və həvəsimi daha da artırdı. Bundan sonra birmənalı olaraq həkim olmaq qərarını qətiləşdirdim.

- Fərqli ölkə və təhsil mühiti gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayırdınız?

- İmtahanın daha təkmil formada həyata keçirilməsini, nəzəri-metodiki biliklərin aşılanması ilə yanaşı onların praktiki tətbiq edilməsini istərdim.

- Oxuduğunuz ali məktəbdə müəllim - tələbə münasibəti necədir?

- Müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət və səmimiyyət üzərində qurulub.Tələbələr daha sərbəstdirlər. Auditoriyada, dəhlizdə müəllimlərlə tələbələrin münasibəti çox səmimidir. Bütün bunlar da təhsilin keyfiyyətinə təsir edən amillərdəndir.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?

- Çalışdığım qədər hər il ölkəmizə aid xüsusi günlərdə, bayramlarda burada təhsil alan həmyerlilərimizlə bir araya gəlib, tədbirlər keçiririk və bu proseslərdə fəal iştirak edirik. Azərbaycan deyəndə hamı tanıyır, amma fürsət düşdükcə dilimiz, adətlərimiz, milli yeməklərimiz haqqında dolğun məlumat verirəm.

- Daha çox hansı çətinlikləriniz olub?

- Əlbəttə ki, ilk başlarda illərcə formalaşmış sistemə öyrəşmək çətin olurdu. Azərbaycanla müqayisədə burada tədrisə münasibət tamam fərqlidir. Gəldiyin ölkənin adət-ənənələrinin müxtəlifliyi, o cümlədən ilk vaxtlarda dil səddinin mövcud olduğunu nəzərə alsaq, adaptasiya prosesi müəyyən vaxt tələb etdi. Artıq 4 ildir burada yaşadığım üçün çətinliklərin çoxunu dəf etmişəm.

- Universitetdə əcnəbi tələbələrlə münasibətdən razısınızmı?

- Burada xarici və yerli tələbələr arasında heç bir fərq yoxdur. Hər şey dostluq və bərabərlik prinsiplərinə əsaslanır.

- Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz?

- Xaricdə təhsil özümə olan güvəni artırdı, daha məsuliyyətli etdi. Hədəflərim genişləndi, qarşımdakı maneələr azaldı, önəm daşıyan faktorlardan biri olan vaxt bölgüsünün düzgün aparılmasını öyrəndim.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Burada gördüyüm təhsil mühiti və keyfiyyət baxımından yanaşdıqda, Azərbaycanda da eyni səviyyənin təmin edilməsi üçün sistemli yanaşma əsasında davamlı tədbirlərin keçirilməsinə ehtiyac olduğunu düşünürəm.

- Asudə vaxtınızda nə işlə məşğul olursunuz?

- Asudə vaxtlarım çox məhdud olur. Odur ki, asudə vaxtımı əsasən, ailəmlə internet vasitəsilə əlaqə saxlamağa, həmçinin doktorluq dissertasiyamla əlaqədar tədqiqat işlərinin aparılmasına sərf edirəm.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istərdiniz? Gələcək planlarınız necədir?

- Təhsilimi başa vurduqdan sonra əlbəttə ki, mütləq vətənimə dönəcəyəm. Burada  qazandığım bilik və təcrübəni ölkəmizdə tətbiq etməyi qarşıma məqsəd qoymuşam.Tibbin ən yeni və inkişafda olan sahələrindən biri olan invaziv radiologiya üzrə həkim-mütəxəssis kimi fəaliyyətimi davam etdirməyi hədəfləmişəm.

- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Azərbaycan gənclərini daha çox motivasiyalı görmək istərdim. Qarşıya qoyulmuş məqsədlərin pik nöqtəsinə çatmaq üçün var-qüvvələrini ortaya qoyub üzərlərində çalışmalıdırlar.

 

1news.az


7 il əvvəl