• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Təhsilim həm həkim, həm də şəxsiyyət kimi formalaşmağıma səbəb oldu” - “Uğur formulu”

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Nübar Rəsulovadır.

Layihə Təhsil Nazirliyi 1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir.

Nübar Rəsulova 1988-ci ildə Şəki şəhərində anadan olub. İlk təhsilini Şəki şəhər Nizami Gəncəvi adına 7 saylı tam orta məktəbdə alıb. Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. Azərbaycan Tibb Universitetində endokrinologiya üzrə rezidentura səviyyəsində oxuduğu zaman təhsilini xaricdə davam etdirmək qərarına gəlib. N.Rəsulova hazırda Türkiyənin Dokuz Eylül Universitetində tibbdə uzmanlıq təhsili alır.

- Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

- Tibb gündən-günə yenilənən, bilgilərin sürətlə dəyişdiyi, eyni zamanda şəxsi təcrübənin də önəm kəsb etdiyi sahədir. Ona görə də dünya təcrübəsi ilə, yeni biliklərlə tanış olmaq hər bir həkim üçün vacibdir. Mən də savadlı, təcrübəli həkim olmaq, öz ixtisasım üzrə peşəkar olmaq üçün qarşıma xaricdə təhsil almaq məqsədi qoydum. Türkiyənin tibb üzrə ilk 10 ən yaxşı universiteti sırasında olan Dokuz Eylül Üniversitetində daxili xəstəliklər ixtisası üzrə təhsil alıram və seçimimdən də məmnunam.

- Niyə məhz bu ixtisası seçdiniz?

- Ailəmin istəyi və müəllimlərimin yönləndirməsi ilə Azərbaycan Tibb Universitetinə daxil oldum və təməl tibb təhsilimi sevə-sevə öyrəndim. 6 illik təhsilin sonunda özümü gələcəkdə daxili xəstəliklər və endokrinologiya uzmanı olaraq gördüyüm üçün bu ixtisası seçdim.

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

- Həkimlik, mərkəzində insan həyatı olan bir peşədir. Həkim yetişdirən bir ali təhsil müəssisəsinin də diplomunu alan hər kəsin bu adı tək öz ölkəsində deyil, dünyanın hər yerində doğrultması lazımdır. Təkcə tibbi bilgilərin yox, təcrübənin də tələbələrə öyrədilməsi lazımdır. Tibb tələbəsi həkimliyi parta arxasında deyil, xəstə başında öyrənməlidir. Bitirdiyim Azərbaycan Tibb Universitetində də tələbələrə həm tibbi biliklərin aşılanmasını, həm də hər tələbənin mütəxəssis həkim kimi yetişməsi üçün kifayət qədər təcrübi dərslərin olmasını istəyərdim.

- Təhsil aldığınız ölkədə Azərbaycanla bağlı nələri tanıtmısınız?

-Tanıdığım insanlara mümkün olduqca Azərbaycanın tarixi məkanları, təbiəti, yeməkləri, adət-ənənələri barədə məlumat verirəm. Dostlarım da Azərbaycanı görmək, maraqlı yerləri gəzmək istədiklərini bildirirlər.

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

- Uzmanlıq təhsili aldığımız və burda həkim işlədiyimiz üçün professorlar, dosentlər, uzmanlarla həmkar kimi çalışırıq. Onlara xəstə ilə bağlı düşündüklərimizi rahatca deyə bilirik. Eyni zamanda müəllimlərin tələbələrlə münasibəti də həmkar kimidir.

- Daha çox hansı çətinlikləriniz olub?

- Yeni fəaliyyətə başlayanda nə qədər yaxın olsaq da türkcə danışmaq, Türkiyənin müxtəlif bölgələrindən gələn pasientlərin dilini anlamaq çətin idi. Həm də təcrübi biliklərimin az olması türk həmkarlarıma nisbətən mənim işə daha gec uyğunlaşmağıma səbəb olurdu.

Həkimlik çətin, həm də maraqlı bir peşədir. Hər gün bir çox xəstəyə faydalı olmaq, etdiyimiz müdaxilələrin müsbət nəticələrini görmək çox maraqlı və sevindiricidir.

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

- Burada azərbaycanlılardan başqa Serbiya, Myanma, Rusiya kimi ölkələrdən də müxtəlif əcnəbi tələbələr təhsil alır. Türk insanı da Azərbaycan xalqı kimi qonaqpərvərdir, bütün əcnəbilərə həm universitetdə, həm də kənarda öz dost münasibətlərini və sevgilərini nümayiş etdirirlər.

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

- Azərbaycan dövləti 26 illik inkişafda olan gənc dövlətdir. Ona görə də təhsilimiz də inkişaf mərhələsindədir. Çatışmayan cəhətləri olsa da, qürurverici tərəfləri daha çoxdur. Ümid edirəm, mənim də Azərbaycan təhsilinin inkişafına bir töhfəm olacaq.

-  Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

-Türkiyədə ən çox iş saatı olan peşə sahibləri həkimlərdir. Günaşırı gecə növbəsi, gündüz də istirahət etmə vaxtı olmadan işə davam edirik. Asudə vaxt tapdığımda da tibb sahəsi üzrə təşkil olunan konqreslərə gedirəm. Tətil günlərində isə Türkiyənin gəzməli yerlərini görməyə çalışıram.

- Təhsilinizi başa vurduqdan sonra harada çalışmaq istəyərdiniz? Gələcək planlarınız necədir?

- Azərbaycan səhiyyəsi və təhsili üçün çalışmaq məqsədimdir. Savadlı həkimlərin yetişməsi, Azərbaycanda tibb elminin inkişafı üçün universitetdə akademik fəaliyyətlə məşğul olmağı və  həkim-mütəxəssis kimi işləməyi düşünürəm. Həkim vəzifələri, dəyərləri ilə bağlı öz öyrəndiklərimi həmkarlarımla paylaşmaq istərdim.

- Siz xaricdə təhsil almağa başladıqdan sonra özünüzdə nələri dəyişmisiniz?

- Öz ixtisasım üzrə lazımi təcrübələri əldə etmişəm və öyrənməyə davam edirəm. Bütün bunlar özümə inam qazanmağıma, daha məqsədyönlü olmağıma, həm həkim, həm də şəxsiyyət kimi formalaşmağıma səbəb oldu.

- Ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Nə istədiyini bilmək və özünə inanmaq. Bunlar varsa, insan hər şeyə nail ola bilər. Önəmli olan insanlığımızı itirməyək.

 

1news.az


7 il əvvəl